Xarici vətəndaşların COP29-a BAXIŞI - SORĞU

Azərbaycan 2024-cü ilin noyabr ayında COP29 konfransına ev sahibliyi edəcək. BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu Konfransı 11-22 noyabr tarixlərində Bakı şəhərində baş tutacaq. Bu qərar Dubayda keçirilən COP28 konfransında elan edildi və Azərbaycan bu tədbirə ev sahibliyi etməklə qlobal iqlim dəyişikliyi mübarizəsində öz rolunu gücləndirməyi hədəfləyir. Dünyanın ən böyük beynəlxalq konfransı - COP29-da 100-dən çox dövlətin nümayəndəsi iştirak edəcəyi üçün və bir çox göstəricilərinə görə kifayət qədər yüksək səviyyəli tədbir hesab olunur. SİA olaraq Bakı şəhərində COP29, onun əhəmiyyəti və ölkəmizin təhlükəsizliyi barədə xarici vətəndaşlar arasında sorğu keçirdik.

Xarici turist Liza Dira Qaçova: "Mən COP haqqında bilirəm və bununla ətraflı maraqlanıram. Bu tədbirdə olmaq barədə məlumat tapmağa çalışırdım, amma başa düşdüm ki, yalnız payızda məlumat alıb orada iştirak edə bilərəm. Azərbaycanda təhlükəsizlik kifayət qədər yaxşıdır, hətta mən buna mükəmməl demək istərdim. Çünki iki il yarımdır burada yaşayıram. Mən əslində Ukraynadanam, qaçqınam və burada olmağı çox sevirəm. Azərbaycanda mərkəz çox təhlükəsizdir. Təhlükəsizlik tamamilə heyrətamizdir. Azərbaycan informasiya tədbirlərini, beynəlxalq tədbirləri heyrətamiz şəkildə idarə edir, çünki hazırda biz bu günlərdə keçiriləcək "Formula 1" yarışını da səbirsizliklə gözləyirik. Mən yarışları ziyarət etməyi sevirəm və ötən ildə bu tədbirdə olmuşam və sabah da olacam. Ona görə də burada olmaqdan çox xoşbəxtəm. Hər şeyə görə təşəkkür edirəm".

Xarici turist Kortni Martin: "Mən Cənubi Afrikadanam. Ümid edirəm ki, yaxşı gün keçirəcəksiniz. Bilirəm ki, Azərbaycan COP29 tədbirinin öhdəsindən tezliklə gələcək. COP29 noyabrda olacaq, elə deyilmi? Dünən hava limanından qayıdarkən COP29-a aid işarələr gördüm. Mən "Formula 1" üçün buradayam. Ümumiyyətlə, şəhər olduqca təhlükəsiz görünür, polis var və silahlı qüvvələr də görünür. Həqiqətən, yaxşı təhlükəsizliyə malikdir. İndiyə qədər ölkənizdən çox təsirləndim və tezliklə yenə gəlməyi ümid edirəm".

Xarici turist David Rossi: "Dünən COP29 barədə eşitdim. Xeyr, noyabrda gəlməyəcəyəm. Bakının təhlükəsizliyi haqqında düzünü desəm, mən Bakıda qalıram, yaxşı görünür, hər yer polislə doludur. İndiyə kimi Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə iştirak etməmişəm. Bu, birincidir. Ümumi şəkildə yaxşı görünür, amma mənim üçün bütün suallara cavab vermək hələ tezdir. Daha bir neçə gün Azərbaycanda qalmalıyam. Təşəkkür edirəm".

Xarici turist Kristofer Nikolau: "COP29 tədbiri haqqında az məlumatım var. Bakıda keçiriləcəyini bilirəm. Bakıya təzə gəlmişəm, beş dəqiqədir buradayam. Hər şey ürəyimcədir, yaxşıdır. "Formula 1" yarışları üçün gəlmişəm. İnanıram ki, çox maraqlı olacaq. Bakının təhlükəsizliyinə baxanda isə hər şey yaxşı görünür".

Xarici turist Sohlar Amurda Zamorkin: "COP29 tədbiri haqqında məlumatım var. COP29 noyabrda olacaq. Belə ki, Bakıya müxtəlif ölkələrdən 80 prezident gəlir, amma insanlar əziyyət çəkəcəklər. Düşünürəm ki, qəribə bir şey olacaq. Təşəkkür edirəm. Amma bura çatana qədər COP29 haqqında bilmirdik. Bakıda beynəlxalq tədbirlər yaxşı keçirilir. Yaxşı vaxt keçiririk. Bakı gözəl şəhərdir".

Xarici turist Monika Donker: "COP29-da iştirak edəcəyik. Biz əslində indi buradayıq, yaşayış yeri axtarırıq, hansı ki, çox çətindir. Yanvar ayında əvvəlcədən mənzil sifariş etmişdim. Bakıya gələndə evimi sifariş etdiyim şəxsdən mənzilimin harada olduğunu soruşanda o, artıq "Vatsap"da mövcud deyildi. Evlər və otellər çox bahadır. Hətta bir ulduzlu, bir gecəlik otellər 400 dollardır. Hansı ki, heç kim bunu ödəyə bilməz. Ona görə də mən yaşayış yeri axtarıram və həmkarlarımız üçün otellər tapmağa çalışırıq. Və buna görə də düşünürəm ki, çətin iş olacaq. Amma mən Bakını sevirəm. Çox gözəl şəhərdir. İnsanlar çox mehribandırlar və çox kömək edirlər. Hamı mənə kömək etməyə çalışır. Beləliklə, hər şey çox gözəldir. Təşəkkür edirəm".

Xarici turistlər Məryəm Katler və Keyt Katler: "Bakının təhlükəsizliyinə söz ola bilməz. Ən təhlükəsiz şəhərdir deyə bilərik. Çox gözəl şəhərdir. Vaxtımızı yaxşı keçirdirik. COP29 tədbiri haqqında məlumatımız var. Sabah Formula 1 yarışına start veriləcək. Maraqlı olacağına inanırıq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə