"Dəmir Yumruğ"un gücü: 24 saat ərzində separatçılar təslim oldu

PREZİDENT İLHAM ƏLİYEV: "Onu da bildirməliyəm, bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, "Dəmir Yumruq" yerindədir və hər zaman yerində olacaq!"

Bəli, 2023-cü il, 19 sentyabr – "Azərbaycan xalqı Qarabağda antiterror tədbirlərinə başlanıldı" xəbəri ilə "Separatçılar təslim oldu" xəbəri arasında vaxt cəmi 24 saat çəkdi. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar, ərazimizi tərk edirlər. Eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnika, o cümlədən 90-dan artıq döyüş mövqeyi və bir sıra strateji əhəmiyyətli obyektlər nəzarətə götürülüb, həmçinin 7 avtomobil, 1 tank və 4 minaatan və 2 piyada döyüş maşını qənimət kimi götürülüb. Sentyabrın 21-də isə Yevlaxda danışıqlar keçirilir. Sözsüz ki, nəticə belə olmalı idi. Çünki biz haqq yalundayıq.

Bu qələbə sevinci ilə Ali Baş Komandan, Prezident İlham Əliyev xalqına Müraciətində Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırdı. Prezident İlham Əliyev xalqa müraciətində antiterror tədbirlərinin dayandırılması üçün Azərbaycanın şərtlərindən danışarkən bildirib: "Bu gün səhər saatlarında bizə bildirildi ki, şərtlərimiz qəbul edilib. Üstəgəl, bir neçə ay ərzində bizim nümayəndələrimizlə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bizimlə dediyimiz yerdə - Yevlax şəhərində görüşməyə hazırdırlar".

Dövlətimizin başçısı qeyd edib: "Mənim cavabım belə oldu ki, Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir. Bunu dostlarımız da bilir, düşmənlərimiz də bilir. Bizim sözümüz imzamız qədər dəyərlidir və bizim şərtlərimiz qəbul olunarsa, təbii ki, tədbirlərimiz, hərbi tədbirlərimiz dayandırılacaq və bu gün saat 13-də atəşkəs elan edildi. Əfsuslar olsun ki, qarşı tərəf atəşkəsə tam əməl etməyib. Atəşkəs elan olunandan sonra da bizim mövqelərimiz atəş altına düşmüşdür. Buna baxmayaraq, prinsip etibarilə bizim şərtlərimiz tam qəbul olundu".

Və….

SENTYABR AYININ 19-DA ALİ BAŞ KOMANDANIMIZIN YENƏ DƏ "DƏMİR YUMRUQ" SİYASƏTİ İLƏ HƏYATA KEÇİRİLMİŞ LOKAL ANTİTERROR TƏDBİRLƏRİ AZƏRBAYCANIN ÖZ ƏRAZİLƏRİNİN BÜTÖVLÜYÜ UĞRUNDA APARDIĞI ƏDALƏTLİ SAVAŞIN SON VƏ ƏN PARLAQ NÖQTƏSİNİ QOYDU

Bəli, Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının uzaqgörən siyasəti sayəsində bu gün Azərbaycan torpaqlarının 30 illik işğalına son qoymuş, öz suveren ərazi bütövlüyünü bərpa etmiş, dünya dövlətləri arasında böyük nüfuza sahiblənmiş, dinamik inkişaf edən və ən mötəbər beynəlxalq təşkilatlarda öz sözünü deyə bilən bir ölkəyə çevrilmişdir. Üç il bundan Ali Baş Komandanın "Dəmir yumruq" siyasətinə Şanlı Ordumuzun əsgər və zabitlərinin rəşadəti ilə Vətən müharibəsində əldə etdiyimiz Qələb Zəfəri Azərbaycan dövlətçiliyinin tarixinə ən şərəfli səhifələr kimi yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Dəmir Yumruq" siyasətini yüksək əhvali-ruhiyyə ilə qarşılayan Azərbaycan Silahlı Qüvvələri çox qısa zamanda, 44 gündə 30 ilin işğalına son qoydu. Cəmi 44 gündə 6 şəhəri, 5 qəsəbəni, 300-ə yaxın yaşayış məntəqəsini işğaldan azad etmək yüksək peşəkarlıq, döyüş ruhu, təcrübəsi tələb edirdi ki, Azərbaycan Ordusu bunu dünyaya təqdim etdi və dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın dəmir yumruq kimi birliyi sayəsində tarixi Zəfərimizə imza atdıq. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda əksini tapan əsas müddəalardan biri Ermənistan silahlı birləşmələrinin qalıqlarının ərazilərimizdən çıxarılması idi. Təəssüflər olsun ki, 3 ilə yaxın dövrdə Ermənistan bu sənəddən irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində səylər göstərməmiş, törətdiyi təxribatlarla hələ də 30 illik işğal dövrünün ab-havası ilə yaşadığını təsdiqləmişdir.

Bu il, sentyabr ayının 19-da Ali Baş Komandanımızın yenə də "Dəmir Yumruq" siyasəti ilə həyata keçirilmiş lokal antiterror tədbirləri Azərbaycanın öz ərazilərinin bütövlüyü uğrunda apardığı ədalətli savaşın son və ən parlaq nöqtəsini qoydu.

"ANTİTERROR TƏDBİRLƏRİ NƏTİCƏSİNDƏ BİZİM HƏRBÇİLƏRİMİZ BÖYÜK QƏHRƏMANLIQ, ŞÜCAƏT, PEŞƏKARLIQ GÖSTƏRMİŞLƏR"

Prezident İlham Əliyev sentyabrın 19-u səhər erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində 6 Azərbaycan vətəndaşı, onlardan ikisi mülki şəxs mina terrorunun qurbanı olduğunu vurğulayaraq bildirmişdir ki, bu brinci dəfə deyil ki, bizə qarşı Ermənistan terror aktı törədir: "İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuşdur, ya da ki, ağır yaralanmışdır. Dünənki terror aktı bu sıradan olan hadisə idi. Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır".

Dövlət başçısı onu da vurğulamışdır ki, bu minalar 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardır: "Yəni, bu, bir daha onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün bu minalar gətirilmişdir".

Ali Baş Komandan baş verən terrorla bağlı Azərbaycan dərhal lazımi addımlar ataraq düşməni layiqincə cəzalandırmışdır: "Lokal xarakterli antiterror tədbirlərinə başlanıldı və qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir".

Bəli, Ali Baş Komandanın əmri ilə antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir: "Qeyd etməliyəm ki, antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz bir daha qeyd etdiyim kimi, qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır".

"ƏMƏLİYYAT BAŞLAMAZDAN ƏVVƏL MƏNİM TƏRƏFİMDƏN BÜTÜN HƏRBİ BİRLƏŞMƏLƏRİMİZƏ BİR DAHA CİDDİ TAPŞIRIQ VERİLMİŞDİR Kİ, APARILAN ANTİTERROR TƏDBİRLƏRİ NƏTİCƏSİNDƏ QARABAĞ BÖLGƏSİNDƏ YAŞAYAN ERMƏNİ ƏHALİSİ ZƏRBƏ ALTINA DÜŞMƏMƏLİDİR VƏ MÜLKİ ƏHALİ QORUNMALIDIR"

Ali Baş Komandanımız xalqa müraciətində bir daha vurğuladı ki, əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır: "Biz həm yüksək dəqiqliyə malik silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır. Bir daha demək istəyirəm ki, ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır və bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir".

Prezident İlham Əliyev xalqa müraciətində bir daha vurğuladı ki, aparılmış qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində, düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdır: "Onu da bildirməliyəm ki, Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika yerləşdirilmişdir. Radioelektron mübarizə vasitələri yerləşdirilmişdir. İki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular yerləşdirilmişdir". 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmadığını deyə Ali Baş Komandan bir daha söylədi ki, 10 noyabr üçtərəfli Bəyanatı, əslində, Ermənistan dövlətinin kapitulyasiya aktı idi və bu kapitulyasiya aktına görə Ermənistan Azərbaycan ərazilərindən bütün silahlı qüvvələrini çıxarmalı idi. Ancaq bundan imtina edirdi.

"BİZ TƏKLİF EDİRİK Kİ, BÖLGƏMİZDƏN UZAQDA YERLƏŞƏN, ANCAQ ÖZ SİYASİ GÜNDƏLİYİ GÜDƏN VƏ ERMƏNİ XALQINDAN BİR ALƏT KİMİ İSTİFADƏ EDƏN, ONLARI İSTİSMAR EDƏN VƏ DAR GÜNDƏ ONLARI, NECƏ DEYƏRLƏR, SATAN QÜVVƏLƏR, SAXTAKARLAR, KORRUPSİYALAŞMIŞ SİYASƏTÇİLƏR BİZDƏN ƏL ÇƏKSİNLƏR"

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində söyləyib ki, biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyi güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər bizdən əl çəksinlər. Cənubi Qafqazın əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olduğunu xatırladan dövlətimizin başçısı bildirib: "Yetər artıq! Biz bunu tələb edirik".

Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqenin ümidlər verdiyini deyən Prezident İlham Əliyev Azərbaycanın və Ermənistanın öz aralarında olan məsələləri tənzimləyəcəyi, sülh müqaviləsi imzalayacağı və Cənubi Qafqaz ölkələrinin üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqları günün uzaqda olmadığına ümidvar olduğunu vurğulayıb.

Dövlətimizin başçısı bizə xor baxanlara da xəbərdarlıq edərək deyib: "Onu da bildirməliyəm, bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, "Dəmir yumruq" yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə