İtaliyada yaxta qəzasında ölənlərin sayı 7-yə yüksəlib

İtaliyanın Palermo şəhərinin sahil zolağında yelkənli yaxtanın batması nəticəsində itkin düşən sonuncu şəxsin cəsədi tapılıb. SİA xəbər verir ki, axtarış-xilasetmə qrupları dənizin dibinə batan yaxtanın gövdə hissəsində qadın cəsədi aşkarlayıblar. Bununla qəza nəticəsində itkin düşən “britaniyalı Bill Qeyts” kimi tanınan məşhur iş adamı Mayk Linç və onun 18 yaşlı qızı Hanna, “Morgan Stanley International”ın prezidenti Conatan Blumer və həyat yoldaşı Enn Elizabet Cudit, amerikalı vəkil Kris Morvillo və həyat yoldaşı Neda Morvillo həlak olublar. Hadisə baş verən gün isə bir ekipaj üzvünün cəsədi tapılmışdı.

Linç ailəsi axtarış-xilasetmə əməliyyatlarına görə İtaliya rəsmilərinə təşəkkürünü bildirib. Hadisə ilə bağlı istintaq aparılır, prokurorluq 7 cəsədin yarılmasını təşkil edəcək.

Xatırladaq ki, Böyük Britaniya bayrağı ilə üzən “Bayesian” adlı yaxta avqustun 19-u səhər saatlarında Siciliya adasının şimal sahilində Portiçello adlı bölgədə batıb. Yaxtanın göyərtəsində sərnişin və ekipaj üzvü olmaqla ümumilikdə 22 nəfər olub. Mayk Linçin həyat yoldaşı Anjela Bakares və biri azyaşlı olmaqla 15 nəfər həmin gün xilas edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə