Universitetdən kəsilənlərə valideynlər necə reaksiya göstərməlidir? - PSİXOLOQ AÇIQLADI

"İlk növbədə bilirik ki, uşaqlar 10-cu, 11-ci siniflərdə universitet imtahanlarına hazırlaşmaq üçün çox güclü stress keçirdirlər və bu stress onların həm fiziki bədəninə, həm də psixologiyasına çox güclü təsir göstərir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Nərgiz Hüseynova deyib.

Nərgiz Hüseynova sözlərinə belə davam edib: "Həmçinin, imtahan zamanı çox güclü stress keçirdiklərinə, özlərini itirməklərinə, həyəcanlı vəziyyətlərinə görə hər hansı bir sualları düzgün yazmaya və az bal toplaya bilərlər. Bəs, valideynlər burada necə davranmalıdır. Valideynlər bütün bunu nəzərə alaraq uşağı daha çox anlayışla qəbul etməlidir. Əgər uşaq doğrudan da bütün iki ili əziyyət çəkibsə, oxuyubsa hər hansı bir həyəcana, təşvişə görə az bal yığıbsa, və yaxud kəsilibsə əlbəttə valideyn burada daha çox müdrik davranmalıdır. Çünki belə həssas şəraitdə uşaqlar stress nəticəsində müxtəlif yanlış hərəkətlər də edə bilərlər. Biz bilirik ki, yeniyetməlik dövründə intihara meyillilik dövrü olduğuna görə valideynlərdən daha çox həssaslıqla yanaşması istənilir.

Əlbəttə, burada valideyn də, uşaq da kədərlənə, xəyal qırıqlığına uğraya bilər. Amma heç nəyə baxmayaraq uşağını dəstəkləməli və onun səhvlərini göstərib gələcəkdə daha düzgün yollarla getməyi məsləhət görməlidir. Bunun üçün də uşağının arxasında durmalıdır. Valideyn uşağa dəstək olub gələn il daxil olmasına bir güvən və şərait yarada bilər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə