Avropada meymunçiçəyi əleyhinə peyvənd aparılmayacaq

Avropa ölkələri bütün əhalinin meymunçiçəyi əleyhinə peyvənd edilməsini istisna edirlər. SİA xəbər verir ki, bu barədə qərar Avropa İttifaqının Səhiyyə Təhlükəsizliyi Komitəsinin iclasında üzv ölkələr tərəfindən qəbul olunub.

Aİ ölkələri hesab edirlər ki, əhali arasında “Mpox” virusunun yayılması riski aşağıdır. Avropa İttifaqının Səhiyyə Təhlükəsizliyi Komitəsi həmçinin sərhəd nəzarətinin tətbiqini istisna edir.

Ötən həftə ÜST “Mpox” virusunun yayılmasına görə səhiyyə sahəsində beynəlxalq fövqəladə vəziyyət elan edib. Bir neçə gün sonra Avropa Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzi (ECDC) qitə üçün risk səviyyəsini çox aşağıdan aşağıya qədər artırıb.

Konqo Demokratik Respublikası hazırkı epidemiyanın ocağı və episentridir, virusun daha təhlükəli ştamının yayılması isə Afrika və onun hüdudlarının kənarında artan narahatçılığa səbəb olur.

Afrikadan kənarda “Mpox” diaqnozu İsveç, Pakistan və Filippində qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə