Burdurda dəhşətli qəza: Avtobus aşıb! 13 yaralı

Türkiyədə Antalya-İsparta magistral yolunda dönə bilməyən avtobus aşıb, 13 sərnişin yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, qəza gecə saat 02:00 radələrində Antalya-İsparta avtomobil yolunun Elsazı kəndi yaxınlığında baş verib. İspartadan Antalyaya gedən, sürücüsünün adı məlum olmayan 06 EDF 726 nömrə nişanlı sərnişin avtobusu döngəyə çıxa bilməyincə aşıb.

Xəbər üzərinə çox sayda təcili yardım, xilasetmə qrupları, polis və jandarma qəza yerinə sövq edilib. Sürücü, köməkçi və 35 sərnişin də daxil olmaqla 37 nəfərin olduğu avtobusda 13 sərnişin xəsarət alıb.

Hadisə yerinə gələn sağlamlıq qruplarının ilkin tibbi yardımdan sonra yaralılar Bucak, Burdur və Antalya xəstəxanalarına göndərilib. Qəzada xəsarət alan sərnişinlərin sağlamlıq durumlarının yaxşı olduğu bildirilib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə