Xuraman Muradovaya Özbəkistan Dövlət Universitetinin Fəxri professoru adı verildi - Fotolar

Türk dünyasının tanınmış şairəsi, xeyir əməlləri ilə hər kəsin ürəyində rəğbət qazanan iş insanı Xuraman Muradovaya Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin fəxri professoru adı verilib. SİA xəbər verir ki, tədbirdə universitetin müəllim-professor heyəti, Azərbaycanın Özbəkistandakı diplomatik korpusu, jurnalistlər, tələbələr iştirak ediblər.

Təltifetmə mərasiminə həsr olunmuş tədbiri giriş sözü ilə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, akademik Şöhrət Siracəddinov açıb. O, iki ölkə arasında mövcud ədəbi-mədən əlaqələrdən söz açaraq günümüzdə daha da inkişaf edən bu əlaqələrin genişlənməsində ölkə başçıları ilə yanaşı mədəniyyət, ədəbiyyat, elm sahəsinə mənsub şəxslərin də müəyyən xidmətlərinin olduğunu vurğulayıb. Bu sahədə son zamanlar böyük xidmətləri olan şəxslərdən birinin də incə poetik duyğuya sahib, şairə Xuraman Muradovanın olduğunu qeyd edən rektor bu qəbildən olan xidmətlərinə görə rəhbərlik etdiyi universitetin Elmi Şurasının yekdil qərarı ilə ona Fəxri professor adının verildiyini elan edib.

Rektor Ş.Siracəddinov bir neçə ay bundan öncə X. Muradovanın özbək dilində çap olunmuş “O‘zbekiston ham vatanim” (Özbəkistan da vətənimdir) adlı şeirlər kitabının, rəhbərlik etdiyi ali təhsil ocağında keçirilmiş təqdimat mərasimindən söz açaraq həmin günü də bu günkü gün kimi özbək ədəbiyyatı üçün vacib tarixi hadisə adlandırıb. Çıxışının yekununda, rektor universitetin Elmi Şurasının qərarını səsləndirərək X. Muradovaya fəxri professorluq diplomunu və mantiyanı təqdim edib.

Daha sonra çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Azərbaycan və özbək xalqlarının tarixən birgə qədim köklərə malik olduqlarını və bu köklərə əsaslanan qardaşlıq münasibətlərinin bu gün də ən yüksək səviyyədə olduğunu qeyd edib. İki qardaş ölkə arasında mədəni, siyasi, iqtisadi əlaqələrin möhkəmlənməsində Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin böyük xidmətlərindən söz açan səfir bu istiqamətdə də hər iki tərəfdən müvafiq dövlət təşkilatlarının, ictimaiyyətin, vətəndaşların da müəyyən xidmətlərinin olduğunu vurğulayıb. Səfir H. Quliyev Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti tərəfindən atılmış bu addımı da iki ölkə arasında mövcud münasibətlərin möhkəmlənməsi sahəsində bir xidmət kimi qiymətləndirərək sözügedən ali təhsil ocağının rəhbərliyinə və eləcə də bu sahədəki nəcib xidmətlərinə görə Xuraman Muradovaya öz təşəkkürünü bildirib.

Daha sonra çıxış edən iş insanı, Türk dünyasının tanınmış sevilən şairəsi X. Muradova qardaş özbək xalqına doğma Azərbaycan xalqının salamlarını çatdıraraq yaradıcılığının qiymətləndirilməsində nəcib addımlarına görə Türk dünyasının ehtişamlı elm ocaqlarından olan Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin kollektivinə və rəhbərliyinə öz dərin təşəkkürünü bildirib. Özbəkistanın ona Azərbaycan qədər doğma olduğunu vurğulayan şairə, hələ bu ölkəyə səfər etməmişdən qabaq ürəyində bu qədim, əsrarəngiz diyara böyük məhəbbətin olduğunu qeyd edərək, yaradıcılığının müxtəlif dövrlərində Özbəkistana, özbək xalqına, qədim Türküstan elinə onlarla poetik nümunə həsr etdiyini bildirib. Özbək oxucusu tərəfindən yaradıcılığına göstərilmiş bu böyük marağın onun poetik ruhunu daha da riqqətə gətirdiyini, yeni əsərlər yaratmağa sövq etdiyini vurğulayan Xuraman Muradova şəxsinə, eləcə də yaradıcılığına göstərilmiş böyük diqqətə görə özbək xalqına, layiq görüldüyü fəxri ünvana görə isə universitet rəhbərliyinə və kollektivinə öz minnətdarlığını bildirib.

Çıxış edənlər professor Nurbay Cabbarov, Şöhrət Barlas, dosent Gülbahar Aşurova Xuraman Muradovanı təbrik edərək ona yaradıcılıq uğurları arzulayıblar.

Sonda universitet kollektivi və tədbir iştirakçıları ilə birgə xatirə fotosu çəkilib.

Qeyd edək ki, xeyriyyəçi, iş adamı, şairə insanı Xuraman Muradova eyni zamanda Türk dünyası Elmlər Akademiyasının fəxri professoru, Türk dünyası Altın yıldız və Onur medallı, “Humay” milli mükafatı laureatı, “Vektor” Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, Özbəkistan Beynəlxalq Ədəbiyyat, Sənət, İctimai fənlər Akademiyasının fəxri akademiki və s. bir çox təltiflərin sahibidir. 5 kitabın müəllifi olan X.Muradovanın əsərlərinə çox sayda musiqilər bəstələnmiş, qələmə aldığı poetik nümunələrdən ibarət toplular türk və özbək dillərində nəşr olunub.

Ağalar İDRİSOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə