Danışıqlara mane olan region...

Qəzza zolağında axan qanı dayandırmağı hədəfləyən atəşkəs razılaşmasının qarşısında ən böyük maneə İsrailin Qəzzanı Misirlə birləşdirən Filadelfi dəhlizindən çəkilməkdən imtina etmədir. SİA xarici mətbuata istinadən xəbər verir ki, İsrail tərəfi Qəzza zolağında atəşkəs və girov mübadiləsi məqsədi ilə Misirin paytaxtı Qahirədə keçiriləcək danışıqların ikinci raundu öncəsi həll olunmayan strategiyasını davam etdirir.

İsrailin baş naziri Binyamin Netanyahu ötən gün “Əl Ərəbi Əl Cədid” qəzetində dərc olunan iddiaları rədd edib ki, İsrail danışıqları Qahirədə Filadelfi dəhlizində Birləşmiş Millətlər Təşkilatının (BMT) missiyasının olmasına icazə verəcək yeni təklif təqdim etməyi planlaşdırır. İsrail Ordusu Radiosuna verilən məlumatda Netanyahunun dəhlizə nəzarətdə israrlı olduğu, İsrail mediasının da Filadelfi dəhlizinin Netanyahunun qırmızı xətti olduğunu ifadə etdiyi bildirilib

ABŞ Misir və Qətərin vasitəçiliyi ilə aparılan son danışıqlarda Netanyahunun yeni şərtlər irəli sürərək razılaşmanın qarşısını aldığını bildirib. Netanyahunun müqaviləyə əlavə etdiyi və ilkin şərt kimi təqdim etdiyi maddələr arasında İsrail ordusunun Filadelfi dəhlizi və Qəzza zolağının şimal-cənub xəttini ayıran Netzarim dəhlizində hökmranlığını davam etdirməsi də var. HƏMAS isə İsrail ordusundan dəhliz də daxil olmaqla bütün Qəzza zolağından geri çəkilməsini tələb edir. Digər tərəfdən, HƏMAS sərhədin İsrailin nəzarəti altında olmasına qarşı çıxır, çünki Qəzzaya çatan humanitar yardımların demək olar ki, hamısı Qəzzaya bu dəhlizdən daxil olur. İsrail qüvvələri dəhlizi ələ keçirdikdən sonra bölgəyə köçürülən yardımlarda böyük azalma müşahidə olunub, Qəzza zolağında onlarla körpə aclıqdan ölüb.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə