“Mərhəmət və şəfqət Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsasını təşkil edir” - ŞƏRH EDİLDİ

“Xeyirxahlığı və nəcibliyi, humanizmi və bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan birinci vitse prezident Mehriban xanım Əliyeva tariximizin şanlı salnaməsinə öz dəst-xəti ilə daxil olan şəxsiyyətlərdən biridir. Vətən və xalq naminə fədakarlıq, müasir Azərbaycanın dinamik inkişafında, sosial məsələlərin həllində fəallıq, milli-mənəvi dəyərlərə sadiqlik, sərhəd tanımayan xeyirxahlıq, mərhəmət və şəfqət Mehriban xanım Əliyevanın həyat fəlsəfəsinin əsasını təşkil edir”. Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın direktor müavini, siyasi ekspert Sahil Kərimli deyib.

O bildirib ki, Birinci xanımın çoxşaxəli fəaliyyəti Azərbaycanın yüksəlişinə, mədəniyyətimizin qorunmasına və təbliğinə, dövlətimizin sosial siyasətinin daha böyük uğurlar qazanmasına layiqli töhfələrini verir: “Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu Öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. 2004-cü ilin mayından Ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram, ideyalarını yaşatmaq arzusu ilə yaradılan, onun adını daşıyan Fonda rəhbərlik edən Mehriban xanım Əliyevanın təəssübkeşliyi, xeyir-duası, dəstəyi ilə həyata keçirilən irimiqyaslı layihələr, saysız-hesabsız xeyriyyəçilik tədbirləri həm ölkə daxilində, həm də ondan kənarda böyük əks-səda yaradır. Fond yarandığı gündən ictimai-siyasi həyatın bütün sahələrinə dərindən nüfuz etdi, çoxşaxəli layihələri ilə dövlət və vətəndaş həmrəyliyinin bariz nümunəsinə, əsl mərhəmət, şəfqət ünvanına çevrildi, ölkəmizdə xeyriyyəçilik hərəkatına böyük təkan verdi. Onun təhsil, səhiyyə, mədəniyyətlə bağlı layihələri isə mənəvi, tarixi, mədəni irsimizin qorunması işində müstəsna xidmətə malikdir.

Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunub saxlanmasıdır. Ulu Öndərin ölməz ideyaları və onların Prezident İlham Əliyev tərəfindən həyata keçirilməsi ölkəmizin mədəni həyatında baş verən köklü dəyişikliklərin, böyük yüksəlişin əsasını təşkil edib.
Azərbaycan mədəniyyəti hazırda yeni islahatlar dövrünü yaşayır. Bu sırada Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən proqram və layihələr Azərbaycan mədəniyyətinin qorunmasına və dünyada təbliğ olunmasına layiqli töhfələr verir. Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə fond tərəfindən Azərbaycanın zəngin və tolerant tarixi irsinin, tarix və mədəniyyət abidələrinin tədqiqi, qorunması və təbliği üçün ölkədə sistemli fəaliyyət təmin olunub. Bu baxımdan çox haqlı olaraq Heydər Əliyev Fondunun mədəniyyət sahəsində fəaliyyəti ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir və Mehriban xanım həm də Azərbaycan mədəniyyətinin hamisi kimi qəbul olunur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə