6 aylıq körpə üzərində qaraciyər transplantasiyası əməliyyatı uğurla icra olunub

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi, transplantoloq, səhiyyə əlaçısı Mircəlal Kazımi və onun komandası tərəfindən 6 aylıq 7 kq-lıq körpə üzərində qaraciyər transplantasiyası əməliyyatı icra olunub. SİA xəbər verir ki, körpə Mərkəzi Gömrük Hospitalına ümumi vəziyyətinin ağırlaşması və sarılıq əlamətləri ilə daxil olmuş və dərhal müayinələr aparılmışdır. Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi, transplantoloq Mircəlal Kazımi və Pediatriya şöbəsinin rəisi, uzman pediatr Telman Aytayev tərəfindən aparılan müayinələr nəticəsində xəstədə biliar atreziya – anadangəlmə öd yollarının yoxluğu diaqnozu qoyulub. Bu nəticə xəstədə qaraciyər transplantasiyası əməliyyatı zərurətini yaradıb. Körpə İcbari Tibbi Sığorta üzrə xidmətlər zərfi çərçivəsində Mərkəzi Gömrük Hospitalında qaraciyər transplantasiyası əməliyyatı olunaraq tam sağlamlığına qovuşub.

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi, transplantoloq, səhiyyə əlaçısı Mircəlal Kazımi əməliyyat barədə məlumat verərkən bildirib: “Uşaqlarda biliar atreziya son vaxtlar tez-tez rast gəlinən bir xəstəlikdir. Vaxtında cərrahi müdaxilə olunarsa, xəstəni xilas etmək mümkün olur. Ümumiyyətlə, qaraciyər transplantasiyası, orqan köçürülməsi əməliyyatları, xüsusilə də, qaraciyər transplantasiyası cərrahiyyənin və təbabətin ən mürəkkəb əməliyyatlarıdır. Bunların içərisində əsas mürəkkəblik təşkil edən xəstə qrup isə pediatrik, yəni uşaqlar üzərində aparılan əməliyyatlardır. Buna misal olaraq əməliyyat etdiyimiz 6 aylıq 7 kq olan uşaqdır ki, bunun mürəkkəbliyi həm əməliyyatın cərrahi texniki icrası, həm də əməliyyatdan əvvəlki və əməliyyatdan sonrakı dövrdə xəstənin pediatr tərəfindən müayinəsi. Ən əsas məqamlardan biri isə əməliyyatın anestezioloji və reanimasion xidmətidir. Çünki uşaq körpədir və bu, xüsusi iş təcrübəsi olan mərkəzlərdə aparılması zəruri olan əməliyyatdır. Ona görə də, bizim tərəfimizdən artıq 1500-dən çox insan üzərində əməliyyatlar uğurla həyata keçirmişdir ki, bunların bir qismi uşaqlar olmuşdur. Artıq xəstəmiz anasının tərəddüd etmədən verdiyi qaraciyər payı ilə dünyaya təkrar qayıtmışdır. Hazırda balaca Ömür sağlamlığına qovuşub və evə buraxılıb”.

Bütün xəbərlər Facebook səhifəmizdə