Sertifikasiyadan aşağı nəticə göstərən müəllimlərin aqibəti necə olacaq? - EKSPERT AÇIQLADI

Ötən həftə Elm və Təhsil naziri Emin Əmrullayev bildirib ki, sertifikasiya imtahanlarında ibtidai sinif müəllimləri digər fənn müəllimləri ilə müqayisədə aşağı nəticələr göstərib. Bu vəziyyət müəllimlərin üzərinə düşən çoxşaxəli fənn yükü və tədris modelləri ilə bağlı suallar doğurur. Bəs ibtidai tədrisdə bir müəllim əvəzinə ixtisaslaşmış bir neçə müəllimin dərs keçməsi mümkün ola bilərmi? İbtidai sinif müəllimlərinin iş yükü niyə bu qədər çoxdur? Dünya təcrübəsindəki kimi ibtidai təhsildə, məsələn, bir müəllimin dili, digərinin riyaziyyatı tədris etməsi sisteminə keçid nə qədər realdir? Və bu müəllimlərin işini necə asanlaşdırar? Azərbaycanda bu modeli tətbiq etmək üçün hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, təhsil sistemimizdə beynəlxalq standartlara uyğunlaşmaq istiqamətində aparılan islahatlar son illərdə daha da sürətlənib:

“Xüsusilə ibtidai sinif müəllimlərinin hazırlıq səviyyəsi ilə bağlı ortaya çıxan real durum bu sahədə ciddi addımların atılmasını zəruri edib. İlk sertifikasiya prosesinin məhz ibtidai sinif müəllimləri üçün tətbiqi təsadüfi deyildi. Çünki məhz bu mərhələdə uşaqların təhsil həyatının təməli qoyulur və müəllimin bilik-bacarığının yetərli olmaması gələcək nəticələrə birbaşa təsir göstərir. Sertifikasiya nəticələri də göstərdi ki, bir çox müəllimin həm fənn biliyində, həm də pedaqoji metodikada boşluqları var və bu, həmin sinifləri yüksək səviyyədə idarə etməyə mane olur.
Bu vəziyyət müəllim hazırlığı sisteminə də yenidən baxmağı zəruri etdi. Artıq bir ildir ki, pedaqoji kadrlar hazırlayan bir sıra kolleclər müəllimlik ixtisasına qəbul aparmır. Bu addımın məqsədi ibtidai sinif müəllimliyinin daha ixtisaslaşmış və dərin akademik hazırlıq tələb edən sahə olduğunu nəzərə alaraq, müəllimlərin yalnız ali təhsil müəssisələrində, daha geniş proqram əsasında hazırlanmasını təmin etməkdir. Ali məktəblərdə təhsil alan gələcək ibtidai sinif müəllimlərinə təkcə pedaqogika yox, həm də riyaziyyat, təbiət elmləri, musiqi və s. kimi fənlər daha mükəmməl şəkildə tədris olunur. Bu biliklər daha sonra sertifikasiya mərhələsində ciddi şəkildə yoxlanılır və yalnız bütün tələblərə cavab verən müəllimlər sertifikat almaq hüququ qazanırlar.
Bütün bu tədbirlər bir məqsədə xidmət edir: ibtidai sinif müəllimliyini keyfiyyət baxımından gücləndirmək, bu sahədə çalışan şəxslərin peşəkarlıq səviyyəsini beynəlxalq standartlara uyğunlaşdırmaq. Hesab edirəm ki, ibtidai sinif müəllimləri ilə bağlı məsələnin bu cür ciddi şəkildə gündəmə gətirilməsi yaxın illərdə daha böyük nəticələr verəcək. Təhsilin təməl pilləsində yüksək ixtisaslı müəllimlərin çalışması həm şagirdlərin tədris nəticələrinə, həm də ümumi təhsil sisteminin davamlı inkişafına mühüm şəkildə təsir göstərəcək. Bu istiqamətdə aparılan islahatlar davamlı olsa, ölkəmizdə ibtidai təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə yüksələcək”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə