Azərbaycanda benzin qıtlığı yarana bilər? - İQTİSADÇI AÇIQLADI

Azərbaycanda benzin qıtlığı yarana bilər? - İQTİSADÇI AÇIQLADI

Rusiyada son günlər müşahidə olunan benzin qıtlığı, yanacaq satışına tətbiq edilən məhdudiyyətlər və ixracın dayandırılması region ölkələrində də narahatlıq yaradıb. Bu proseslər Azərbaycanın yanacaq bazarına necə təsir göstərə bilər? Rusiyada yaranan vəziyyət fonunda Azərbaycanda benzin qıtlığı və ya qiymət artımı riski varmı? Ölkənin daxili istehsal və ehtiyat imkanları bu cür xarici təsirlərin qarşısını almaq üçün kifayət edirmi?

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli SİA-ya açıqlamasında bildirib ki, Rusiyada baş verən proseslər nəticəsində qeyd etdiyiniz gərginliyin Azərbaycana birbaşa təsiri yoxdur, amma dolayı təsirləri ola bilər:

"Düzdür, biz bəzən premium yanacağı, hətta Aİ-92 markalı benzini də Rusiyadan idxal edirik. Lakin son dövrlərdə bu məhsulların yerli istehsalı daxili tələbatın böyük hissəsini qarşılamağa imkan verir. Əsas təchizat SOCAR tərəfindən təmin olunur və yerli istehsal yanacaq təminatının əhəmiyyətli hissəsini ödəyir. Bununla belə, risklər də mövcuddur. Məsələyə yalnız “Rusiyadan yanacaq idxal edə bilməyəcəyik” prizmasından yanaşmaq düzgün olmaz.

Əgər Rusiyada problemlər daha da dərinləşərsə, bunun başqa sahələrə də təsiri olacaq. Rusiyaya məhsul ixrac edən, yük daşıyan çoxlu sayda sahibkar var. Azərbaycanın kənd təsərrüfatı məhsullarının əhəmiyyətli hissəsi Rusiyaya göndərilir. Ümumilikdə isə Azərbaycanın qeyri-neft ixracının təxminən üçdə biri Rusiya bazarının payına düşür. Rusiyada logistika və nəqliyyat sahəsində yaranacaq problemlər, eləcə də daşınma xərclərinin artması bu bizneslərə mənfi təsir göstərə bilər. Məsələn, yükdaşımada yanacaq təminatı ilə bağlı çətinliklər yaranarsa, bu, daşımaların gecikməsinə və ya bahalaşmasına səbəb ola bilər. Nəticədə logistika xərcləri artar və Rusiya bazarı ilə işləyən Azərbaycan şirkətləri bundan zərər görə bilər.

Müsbət tərəf isə ondan ibarətdir ki, belə böhranlar Rusiyanın neft hasilatını azaldarsa və ya enerji bazarında problemlər yaradarsa, dünya bazarında neftin qiymətinə artırıcı təsir göstərə bilər. Bu isə Azərbaycan üçün müsbət amildir. Əgər Rusiyada baş verən proseslər neftin qiymətini yüksəldərsə, Azərbaycan ölkə olaraq bundan dolayı fayda əldə edə bilər. Burada söhbət vətəndaşların deyil, dövlətin neft gəlirlərinin artmasından gedir.

Digər tərəfdən, Rusiyada yaranan problemlər ixrac imkanlarını çətinləşdirə, Rusiya əhalisinin alıcılıq qabiliyyətini azalda və nəticədə Azərbaycanın bu ölkəyə ixracına mənfi təsir göstərə bilər. Ümumiləşdirsək, Rusiyada baş verən proseslər nəticəsində Azərbaycanda yanacaq qıtlığı yaranacağını gözləmirəm. Daha çox logistika və daşınma xərclərinin artması, həmçinin Rusiyadan idxal olunan məhsulların bahalaşması ehtimalı var. Nəzərə alsaq ki, Azərbaycanın idxalının təxminən 16–17 faizi Rusiyanın payına düşür, bu amil Rusiyadan gətirilən məhsulların qiymətini artıra bilər. Bunun əsas səbəbi nəqliyyat və logistika xərclərinin yüksəlməsidir. Eyni zamanda, bu proseslər dünya bazarında neftin qiymətinin artmasına səbəb olarsa, həmin hissədə Azərbaycan iqtisadiyyatı üçün müsbət nəticələr yarana bilər".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə