İqtisadi Şuranın iclası keçirilib

İqtisadi Şuranın iclası keçirilib

İyulun 10-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib.

Nazirlər Kabinetindən SİA-ya bildirilib ki, iclasın gündəliyində birinci məsələ “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın layihəsi, o cümlədən, turizmin inkişaf perspektivləri və əsas prioritet tədbirlər, ikinci məsələ kimi “Dağ-mədən və metallurgiya sənayesinin inkişafı: mövcud vəziyyət və 2030-cu ilə perspektivləri” barədə proqramın layihəsi və eləcə də digər cari iqtisadi məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan birinci məsələ üzrə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin və ikinci məsələdə iqtisadiyyat naziri Mikayıl Cabbarovun geniş təqdimatı dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər.

İclasın yekununda gündəlikdə müzakirə olunan hər iki dövlət proqramının layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə