“Sosial şəbəkələr yeni imkanlar yaratsa da, bilik və peşə bacarığını əvəz etmir” - EKSPERT DANIŞDI
“Son illərdə "TikTok" və digər sosial şəbəkələrin sürətlə populyarlaşması insanların qısa müddətdə gəlir əldə etmək imkanlarına marağını artırıb və müəyyən mənada ənənəvi əmək bazarına münasibətə də təsir göstərib. Xüsusilə gənclər arasında sosial şəbəkələrdə uğur qazanan şəxslərin nümunəsi “tez nəticə əldə etmək” gözləntisini gücləndirir. Bu isə bəzi hallarda uzunmüddətli təhsil almağı, peşə bacarıqları qazanmağı və karyera qurmağı daha az cəlbedici göstərə bilir”.
Bu sözləri SİA -ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
Onun sözlərinə görə, məsələyə yalnız “asan qazanc axtarışı” kimi yanaşmaq düzgün olmaz:
”Çünki sosial şəbəkələr vasitəsilə gəlir əldə etmək göründüyü qədər asan deyil və uğur qazananların əksəriyyətinin fəaliyyəti arxasında uzunmüddətli zəhmət dayanır. Rəqəmsal iqtisadiyyat yeni iş modelləri formalaşdırıb. Kontent istehsalı, rəqəmsal marketinq, onlayn satış, canlı yayımlar, reklam əməkdaşlıqları və digər fəaliyyət istiqamətləri artıq bir çox insan üçün real gəlir mənbəyinə çevrilib. Deməli, sosial şəbəkələrdən qazanc əldə edən hər kəs işləmədən pul qazanmır. Əksinə, uğurlu kontent yaratmaq davamlı əmək, yaradıcılıq, texniki bilik və auditoriya ilə müntəzəm əlaqə tələb edir.
Digər tərəfdən, sosial şəbəkələrdə əsasən uğurlu nümunələrin görünməsi cəmiyyətdə yanlış təsəvvür formalaşdıra bilər. Minlərlə insanın cəhd edib nəticə əldə etməməsi diqqətdən kənarda qalır, qısa müddətdə məşhurlaşan az sayda şəxsin hekayəsi isə daha çox ön plana çıxır. Bu da bəzi insanlarda zəhmət çəkmədən sürətli gəlir əldə etməyin adi və asan olduğu barədə yanlış gözləntilər yaradır.
Cəmiyyətdə əmək dəyərlərinin dəyişməsi məsələsinə gəldikdə isə, bunu yalnız tənbəlliklə izah etmək düzgün deyil. Daha doğru yanaşma əmək formalarının dəyişdiyini qəbul etməkdir. Əvvəllər əsas gəlir mənbəyi fiziki əmək və ya ofis işi hesab olunurdusa, bu gün rəqəmsal bacarıqlar, şəxsi brendin formalaşdırılması və onlayn auditoriya ilə işləmək də əmək bazarının mühüm hissəsinə çevrilib. Problem o zaman yaranır ki, insanlar sosial şəbəkələrdə görünən uğuru peşə bilikləri və bacarıqları qazanmadan təkrarlamağa çalışır, uzunmüddətli inkişafın əhəmiyyətini isə ikinci plana keçirirlər.
Bu baxımdan ən düzgün yanaşma rəqəmsal imkanları ənənəvi peşə inkişafının alternativi deyil, onun tamamlayıcısı kimi qiymətləndirməkdir. Sosial şəbəkələr yeni iqtisadi imkanlar yaratsa da, davamlı və sabit gəlirin əsasını hələ də bilik, peşə bacarığı, intizam və uzunmüddətli inkişaf təşkil edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB