“Yerli sortların itirilməsi kənd təsərrüfatında genetik müxtəlifliyi azaldır” - EKSPERT DANIŞDI

“Azərbaycanda geniş yayılmış yerli meyvə-tərəvəz sortlarının bazarda getdikcə azalması narahatlıq doğuran bir tendensiya kimi qiymətləndirilir”.

Bu sözləri SİA -ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, bu vəziyyət həm fermerlərin seçimləri, həm də bazarın dəyişən tələbləri ilə birbaşa bağlıdır:

“Ekspertlərin sözlərinə görə, fermerlər son illərdə daha çox məhsul verən və bazarda daha tez satılan xarici sortlara üstünlük verməyə başlayıblar. Onların fikrincə, xarici sortlar adətən daha iri ölçülü və görünüş baxımından daha cəlbedici olur. Bundan əlavə, bu məhsulların uzun müddət saxlanılması və daşınma zamanı zədələnməməsi də ticarət üçün daha əlverişli hesab olunur. Digər tərəfdən, yerli sortların toxumlarının qorunması və artırılması istiqamətində sistemli tədbirlərin kifayət qədər görülməməsi də onların tədricən azalmasına səbəb olub.

Bu prosesdə bazar tələbatı mühüm rol oynayır. Onun sözlərinə görə, iri ticarət şəbəkələri və ixrac bazarları əsasən standart ölçüyə və görünüşə malik məhsullara üstünlük verdiyi üçün fermerlər də gəlir əldə etmək məqsədilə həmin standartlara uyğun sortları yetişdirməyə məcbur qalırlar. Nəticədə isə ənənəvi yerli sortlar tədricən istehsaldan kənarda qalır.

Ekspert hesab edir ki, yerli sortların azalması aqrar sektor üçün ciddi risklər yarada bilər. Çünki yerli sortlar ölkənin iqlim və torpaq şəraitinə daha yaxşı uyğunlaşır, eyni zamanda xəstəlik və zərərvericilərə qarşı daha davamlı olur.

Yerli sortların itirilməsi kənd təsərrüfatında genetik müxtəlifliyin azalmasına gətirib çıxarır. Halbuki iqlim dəyişiklikləri və yeni xəstəliklərin artdığı bir dövrdə kənd təsərrüfatının davamlılığı üçün genetik müxtəliflik olduqca vacibdir.

Bu məsələ qida təhlükəsizliyi baxımından da strateji əhəmiyyət daşıyır. Yerli məhsulların azalması toxum və əkin materialı sahəsində ölkənin xarici mənbələrdən asılılığını artıra bilər.

“Belə bir vəziyyət gələcəkdə idxalla bağlı problemlər və ya qiymət artımı baş verərsə, kənd təsərrüfatı istehsalına mənfi təsir göstərə bilər. Buna görə də yerli sortların qorunması, toxum banklarının yaradılması və fermerlərin bu sortları yetişdirməyə təşviq edilməsi vacib və təxirəsalınmaz məsələlərdən biridir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə