"Qeyri-neft sektorundakı artım Azərbaycan iqtisadiyyatının dayanıqlığını gücləndirir" - İQTİSADÇI DANIŞDI

"Qeyri-neft sektorunda əldə olunan inkişafı iqtisadi baxımdan qiymətləndirərkən bir neçə əsas istiqaməti xüsusi vurğulamaq lazımdır. Son illər Azərbaycan iqtisadiyyatında neftdən asılılığın azaldılması prioritet elan olunduğundan hökumət müxtəlif sahələrdə islahatlar həyata keçirmiş, nəticədə qeyri-neft sektorunda nəzərəçarpan canlanma yaranmışdır. Bu proses həm struktur islahatlarının, həm də biznes mühitinin yaxşılaşdırılmasının birbaşa nəticəsidir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.

Onun sözlərinə görə, infrastrukturun genişlənməsi və dövlət investisiyaları qeyri-neft sahələrinin inkişafında mühüm rol oynayıb. Regionlarda yolların, logistika mərkəzlərinin, sənaye parklarının və kənd təsərrüfatı klasterlərinin yaradılması istehsal həcmlərini artırmaqla yanaşı, ixrac imkanlarını genişləndirib: "Bu isə müxtəlif məhsullar üzrə xarici bazarlara çıxışı asanlaşdırıb və yerli sahibkarların rəqabət qabiliyyətini yüksəldib. Əsas məsələ kiçik və orta sahibkarlığın (KOS) dəstəklənməsidir. Son illər sahibkarlara güzəştli kreditlər, vergi stimulları, subsidiyalar və ixrac dəstəyi kimi mexanizmlər tətbiq olunur. Bu, xüsusilə qeyri-neft sənayesi, aqrar sektor, xidmət sahələri və turizmdə yeni müəssisələrin yaranmasına, məşğulluğun artmasına və iqtisadi şaxələndirməyə töhfə verir. İxracyönümlü iqtisadiyyat modelinə keçid qeyri-neft sektorunun inkişafında həlledici rol oynayır. Azərbaycanın “Made in Azerbaijan” brendi ilə müxtəlif ərzaq və sənaye məhsullarının xarici bazarlara çıxarılması, gömrük və logistika proseslərinin sadələşdirilməsi, yeni ticarət əlaqələrinin qurulması qeyri-neft ixracının həcmini artırır. Bu, valyuta gəlirlərinin daha diversifikasiya olunmasını təmin edir. İstiqamət insan kapitalının gücləndirilməsidir. Peşə təhsili, innovasiya və rəqəmsal bacarıqların inkişafı, startap ekosisteminin formalaşdırılması yeni iş sahələrinin yaranmasına və müasir iqtisadiyyatın tələblərinə uyğun kadr hazırlığına imkan yaradır. Bu, xüsusilə xidmət sektoru, İKT və yaradıcılıq sənayesi kimi sahələrin inkişafına təkan verir.

Uzunmüddətli perspektivdə qeyri-neft sektorundakı bu artım Azərbaycan iqtisadiyyatının dayanıqlığını gücləndirir, neft qiymətlərinin dəyişkənliyindən yaranan riskləri azaldır və iqtisadiyyatın struktur baxımından daha balanslı formaya keçməsinə şərait yaradır. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafını sürətləndirir, işsizliyi azaldır və əhalinin rifah səviyyəsinin yüksəlməsinə töhfə verir. Qeyri-neft sektorunun davamlı şəkildə inkişaf etməsi gələcəkdə daha rəqabətli, sabit və diversifikasiya olunmuş iqtisadi modelin formalaşması üçün əsas açardır".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə