“Azərkosmos” Afrika Texnologiya Festivalında 10 illik fəaliyyətini qeyd edir
“AZCON Holding” şirkətlərindən olan Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos” bu il Afrikada 10 illik fəaliyyətini qeyd edib. Şirkət, həmçinin qitənin ən nüfuzlu texnologiya tədbiri olan “Africa Tech Festival 2025” sərgisində iştirak edib. “Azərkosmos”dan SİA-ya bildirilib ki, Cənubi Afrikanın Keyptaun şəhərində keçirilən festivalda 15 mindən çox texnologiya lideri, innovator və siyasətçi iştirak edib. “Azərkosmos” sərgi zamanı “Azconnexus” məhsulunu təqdim edərək diqqət mərkəzində olub.
Bu genişzolaqlı peyk rabitə həlli regionda sürətli və təhlükəsiz rabitəyə artan tələbatı ödəmək üçün nəzərdə tutulub. İstər ucqar kəndlərdə, istərsə də hərəkətdə olan nəqliyyat vasitələrində “Azconnexus” fasiləsiz və dayanıqlı rabitə təmin edir.
Ziyarətçilər “Azconnexus”un biznes, dövlət və ictimai sektor üçün real imkanlar yaratdığını və istifadəçiləri rəqəmsal iqtisadiyyatda inkişaf üçün zəruri vasitələrlə təmin etdiyini əyani şəkildə izləyiblər.
Artıq 10 ildir ki, “Azərkosmos” ucqar bölgələrdə bu rabitəni mümkün edərək Afrikanın rəqəmsal transformasiyasına töhfə verir. Ucqar kəndlərdə səhiyyə və təhsil xidmətlərindən tutmuş, biznes və dövlət qurumlarınadək “Azərkosmos”un peyk xidmətləri bir çox təşkilatları əlaqələndirib, inkişaf və innovasiya imkanlarını genişləndirib.
Festival çərçivəsində Azərkosmos müştərilər üçün xüsusi tədbir də təşkil edib. Bu tədbir “Azərkosmos”un Afrika regionundakı tərəfdaşları və əsas müştəriləri ilə görüşmək, əməkdaşlığı möhkəmləndirmək və gələcək planlar barədə fikir mübadiləsi aparmaq üçün imkan yaradıb.
Tədbir zamanı iştirakçılara “Azərkosmos”un yeni nəsil peyk rabitə xidmətlərinin imkanları barədə ətraflı məlumat verilib. Müxtəlif sahələr üzrə müştərilər bu xidmətlərin tətbiq sahələri ilə yaxından tanış olub və real ssenarilər üzərində onların effektivliyini müzakirə ediblər.
“Afrikada 10 illik fəaliyyətimizi qeyd etmək bizim üçün qürurverici məqamdır. Biz qitənin daha da rəqəmsal və innovativ gələcəyini qurmağa dəstək olmağa davam edirik və “Azconnexus” bu istiqamətdə əsas həllərimizdən biridir”, – deyə “Azərkosmos”un satış direktoru Sənan Həsənov bildirib.
Şirkət nümayəndələri tərəfdaşlara davamlı əməkdaşlığa görə təşəkkür edib, qarşıdakı məqsədlər, regionun artan rabitə ehtiyacları və rəqəmsallaşma prosesində peyk texnologiyalarının rolu barədə müzakirələr aparıblar. Bu dialoqlar nəticəsində bir sıra yeni təşəbbüslər və mümkün əməkdaşlıq imkanları formalaşıb ki, bu da “Azərkosmos”un Afrika bazarındakı mövqeyinin daha da möhkəmlənməsinə töhfə verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB