Yerli balıq istehsalı artan tələbi qarşılamaq gücündədirmi? - İQTİSADÇI AÇIQLADI

Son illərdə ölkədə dabaq xəstəliyinin yenidən qeydə alınması heyvandarlıq sektorunda ciddi narahatlıqlara səbəb olub. Xəstəliyin yayılma riskinin qarşısını almaq məqsədilə bir sıra regionlarda iri buynuzlu heyvanların satış məntəqələrinin və kənd təsərrüfatı bazarlarının müvəqqəti bağlanması zərurəti yaranıb. Bu vəziyyət həm istehsalçılar, həm də istehlakçılar arasında müəyyən psixoloji gərginlik yaradaraq bazarda alıcılıq davranışlarının dəyişməsinə səbəb olub. Nəticədə, əhali daha təhlükəsiz hesab etdikləri toyuq və balıq məhsullarına üstünlük verməyə başlayıb.

Bəs, daxili təlabatı qarşılaya bilirikmi?

Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov SİA-ya açıqlamasında bildirib ki, son dövrlərdə dabaq xəstəliyinin yayılması ilə bağlı iri buynuzlu heyvanların satış məntəqələrində və regionlardakı bir çox bazarlarda fəaliyyət müvəqqəti olaraq dayandırılıb:

"Bu vəziyyət həm heyvan sahibləri, həm də istehlakçılar arasında müəyyən narahatlıq yaradıb. İnsanların gündəlik qida təhlükəsizliyi ilə bağlı narahatlıqları artdığı üçün onlar daha çox etibarlı hesab etdikləri alternativ məhsullara — toyuq və balıq ətinə — üstünlük verməyə başlayıblar. Lakin tədqiqatlarımız göstərir ki, hazırda Azərbaycanda balıq bazarında daxili tələbat tam şəkildə ödənilmir. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri mövcuddur. Obyektiv səbəblərə ölkədə balıqçılıq və akvakultura sahəsinin kifayət qədər inkişaf etməməsi, su ehtiyatlarının məhdudluğu, texnoloji avadanlıqların yenilənməsinin zəruriliyi və bəzi bölgələrdə ekoloji balansın pozulması daxildir. Subyektiv amillər isə sahəyə qoyulan investisiyaların azlığı, fermerlərin bu istiqamətdə yetərincə maariflənməməsi, müasir yetişdirmə metodlarının geniş tətbiq olunmaması və bazarda rəqabət mexanizmlərinin tam formalaşmaması ilə bağlıdır.

Nəticədə, ölkədə balığa olan tələbat artsa da, yerli istehsal bu tələbi ödəməkdə çətinlik çəkir və idxaldan asılılıq davam edir. Bu isə həm qiymətlərin dəyişkənliyinə, həm də təchizat zəncirində müəyyən risklərin yaranmasına gətirib çıxarır. Mütəxəssislərin fikrincə, balıqçılıq sektorunun inkişaf etdirilməsi, akvakultura təsərrüfatlarının genişləndirilməsi və bu sahəyə dövlət dəstəyi mexanizmlərinin gücləndirilməsi gələcəkdə daxili bazarın sabitləşdirilməsinə ciddi töhfə verə bilər".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə