"Yeni texnologiyalar Azərbaycan neftinin şöhrətini qat-qat artırır" - DEPUTAT ŞƏRH ETDİ

"Öncəliklə bütün neftçilərimizi 20 sentyabr - Neftçilər Günü münasibətilə təbrik edir, hər birinə uğurlar arzulayıram. Neft Azərbaycanın tükənməz sərvətidir. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi neft strategiyası bu gün Azərbaycan iqtisadiyyatının inkişafında çox böyük rola malikdir. 1994-cü il 20 sentyabrda neft kontraktının imzalanması Ümummilli liderimizin uzaqgörənliyinin bir ifadəsi idi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib.

Onun sözlərinə görə, bu gün həmin layihələrin həyata keçirilməsi Azərbaycanın həm beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsinə, həm də ölkə iqtisadiyyatının inkişafına böyük dəstək verib: "Əlbəttə ki, Ulu Öndərin ideyaları bugünkü gündə ölkə başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Sonrakı illərdə bağlanmış bir sıra layihələr, çəkilmiş neft boru kəmərləri Azərbaycanın artan nüfuzunu daha da möhkəmləndirmiş, xarici ölkələrlə iqtisadi əlaqələri genişləndirmişdir. İqtisadiyyatımızın əsası hesab olunan neft istehsalı və ixracı demək olar ki, insanların rifahının yaxşılaşdırılmasına xidmət edir".

Deputat sözlərinə davam edərək bildirib ki, son illərdə bu sahədə çox mühüm tədbirlər həyata keçirilib: "Yeni texnologiyaların neft sənayesində tətbiq olunması, işlərin təkmilləşdirilməsi, kadr hazırlığı, eləcə də bağlanmış bir sıra mühüm müqavilələr Azərbaycan neftinin şöhrətini dünyada qat-qat artırır. Bu artım ölkəmizin inkişafına yönəldilib. Sözsüz ki, problemlərin həlli yeni uğurların qazanılmasına dəstək verir. Bugünkü gündə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında çox mühüm rola malikdir. Dünya ölkələri ilə bağlanmış bir sıra sənədlər yeni uğurlardan xəbər verir. Azərbaycan neftinin ixracı təbii ki, digər sahələrin, xüsusilə regionların sosial-iqtisadi inkişafına təkan verir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə