Bir gəncin manifestindən bir səfirin manifestinə: Mənəvi irsin diplomatik izi
Süsənbər AĞAMALIYEVA
filologiya üzrə fəlsəfə doktoru,
Naxçıvan Dövlət Universitetinin əməkdaşı
Tanınmış alim, akademik və diplomat Hafiz Paşayevin “Bir səfirin manifesti” kitabı ilə görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri arasında illər deyil, bütöv bir mənəvi-intellektual tarix dayanır. Bəzi kitabları yalnız oxumaq kifayət etmir, onları müəllifinin mənəvi dünyası, mənsub olduğu ədəbi-intellektual mühit və yaşadığı tarixi zamanla birlikdə dərk etmək lazım gəlir. Hafiz Paşayevin “Bir səfirin manifesti” kitabı da mənim üçün belə əsərlərdəndir. Bu kitab haqqında yazmaq uzun illərdir düşündüyüm, lakin xüsusi məsuliyyətlə yanaşdığım bir mövzudur.
Bu əsərə yalnız oxucu, filoloq və publisist kimi deyil, Amerika ədəbiyyatı və amerikanşünaslıq istiqamətində araşdırmalar aparmış bir alim kimi də yanaşıram. Alim və diplomat Hafiz Paşayevin ABŞ-da diplomatik fəaliyyəti, Amerika cəmiyyəti və diplomatik mühiti ilə bağlı müşahidələri kitabı mənim üçün həm elmi maraq, həm də xüsusi məsuliyyət mənbəyinə çevirir.
“Bir səfirin manifesti” ilk dəfə 2007-ci ildə “Şərq-Qərb” nəşriyyatında çap olunub. Kitabın uzun illər sonra yenidən aktuallıq qazanması və əhəmiyyətinin nəzərə alınması nəticəsində 2025-ci ildə yenilənmiş II nəşri işıq üzü görüb. Eyni zamanda əsər ingilis dilinə tərcümə edilərək “An Ambassador’s Manifesto” adı ilə nəşr olunub. Beləliklə, müəllifin diplomatik təcrübəsini əks etdirən bu əsər Azərbaycan oxucusu ilə yanaşı, daha geniş beynəlxalq auditoriyaya da təqdim edilib.
Kitabda müəllifin Azərbaycanın ABŞ-dakı səfiri kimi fəaliyyəti, iki ölkə arasında münasibətlərin formalaşması və inkişafı ilə bağlı xatirə və mülahizələri əksini tapıb.
Kitabın adına diqqət yetirdikdə isə istər-istəməz görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri yada düşür. Hafiz Paşayev görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin oğludur. Lakin onu yalnız atasının oğlu kimi təqdim etmək şəxsiyyətinin miqyasını kiçiltmək olardı. O, öz elmi yolu, diplomatik təcrübəsi, müşahidələri və dövlətçilik baxışı formalaşmış, müasir dünyagörüşlü və uzaqgörən ziyalıdır.
“Bir gəncin manifesti” ilə “Bir səfirin manifesti” arasındakı mənəvi bağ da burada daha aydın görünür. Mir Cəlal Paşayevin əsərində insan, cəmiyyət, mənəviyyat və milli dəyərlər bədii sözün gücü ilə təqdim edilir. Hafiz Paşayevin kitabında isə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın dünya siyasətində özünə yer qazanmaq prosesi diplomatın yaddaşı və müşahidələri vasitəsilə əks olunur.
Hafiz Paşayevin alim kimi hazırlığı onun diplomat obrazına xüsusi çalar verir. Fizika elmləri doktoru olan bir alimin diplomatiyaya gətirdiyi əsas üstünlüklərdən biri, məncə, hadisələrə analitik yanaşmaq bacarığıdır. Kitabı oxuduqca müəllifin yüksək analitikliyi və yüksək müşahidə qabiliyyəti xüsusilə nəzərə çarpır. O, yalnız hadisələri danışmır, onların arxasındakı səbəblərə, insan davranışlarına və siyasi mühitin incəliklərinə də diqqət yetirir.
Kitabın ən təsirli cəhətlərindən biri böyük siyasi proseslərin insan taleləri ilə əlaqələndirilməsidir. Züleyxa xanım Əsədullayevanın həyat hekayəsi bunun parlaq nümunəsidir.
Züleyxa xanım Azərbaycanın məşhur neft milyonçularından biri olan Şəmsi Əsədullayevin nəvəsi idi. 1920-ci ildə bolşevik hakimiyyətinin qurulmasından sonra vətənindən didərgin düşmüş, əvvəlcə Türkiyəyə, daha sonra isə ABŞ-a köçmüşdü. Bakını kiçik yaşlarında tərk etməsinə baxmayaraq, Vətənlə bağlı xatirələrini ömrü boyu qoruyub saxlamışdı.
Züleyxa xanımın taleyi bir insan ömrünün timsalında Azərbaycanın XX əsrdə yaşadığı tarixi faciələri, Vətən həsrətini və milli yaddaşın gücünü göstərir. Bu səhifələr mənim üçün xüsusilə təsirlidir. Çünki mən də uşaqlıq illərimin çətin və ağır dövrünü qaçqın kimi yaşamışam. Vətəndən uzaq düşməyin, doğma yerlərdən qoparılmağın və uşaqlıq çağında məcburi köçkünlük şəraitində yaşamağın insan yaddaşında necə dərin izlər buraxdığını yalnız tarixi fakt kimi deyil, öz həyatımın ağrısı ilə anlayıram.
Buna görə Züleyxa xanımın taleyində öz yaddaşımdan tanış bir hiss görürəm: doğma torpağa bağlılıq, itirilmiş uşaqlıq illərinin həsrəti və illər keçsə də Vətənlə mənəvi bağın qırılmaması. Onun Azərbaycanı uzaqlardan sevərək yaşatması mənə öz uşaqlıq xatirələrimi, itirdiyimiz doğma məkanları, Qərbi Azərbaycanı və Vətənə qayıtmaq arzusunu xatırladır. İnsan doğma torpaqdan uzaq düşə bilər, amma Vətən yaddaşdan heç vaxt silinmir.
Azərbaycan Demokratik Respublikası (1918–1920) dövrünün xatırlanması da kitabın tarixi yaddaş baxımından əhəmiyyətini artırır. Azərbaycan Demokratik Respublikasının Baş naziri Fətəli Xan Xoyskinin oğlu Zahid Xan Xoyskinin ABŞ-da yaşaması və Azərbaycanın müstəqilliyindən qürur və şərəf hissi duyması, səfirliklə əlaqə saxlaması keçmişlə yeni müstəqillik dövrü arasında mənəvi körpü yaradır. Müəllif onun Azərbaycanın müstəqilliyinin əbədi olacağına inamla dünyasını dəyişdiyini qeyd edir.
Kitabın başqa bir mühüm tərəfi Azərbaycanın ABŞ-da səfirliyinin ilk illərinin təsviridir. Müstəqilliyin ilk dövründə Vaşinqtonda diplomatik fəaliyyətin qurulması, səfirliyin yerləşdirilməsi, əməkdaşların seçilməsi, iş prosesinin təşkili və Azərbaycanın tanıdılması kimi çoxsaylı məsələlər eyni vaxtda həll edilməli idi.
Məhz burada Hafiz Paşayevin müşahidəçi və təşkilatçı xüsusiyyətləri daha aydın görünür. O, diplomatiyanın yalnız yüksək səviyyəli görüşlərdən və rəsmi qəbullardan ibarət olmadığını göstərir. Səfirliyin gündəlik fəaliyyətinin arxasında səbir, təşkilatçılıq, vaxt və zəhmət tələb edən çoxsaylı adi işlər dayanır.
Kitabın mənim diqqətimi cəlb edən başqa bir tərəfi də resurslara münasibət məsələsidir. Səfirliyin fəaliyyətinin ilk dövrlərində maliyyə imkanlarının məhdudluğu səbəbindən bəzi texniki və təşkilati işlərin əməkdaşların özləri tərəfindən görülməsi diqqət çəkir. Məncə, bu epizodlar sadəcə gündəlik işin bir detalı deyil. Burada dövlət vəsaitinə qənaət, şəxsi məsuliyyət, işə bağlılıq və qarşıya çıxan çətinlikləri öz gücün hesabına həll etmək kimi mühüm idarəçilik xüsusiyyətləri görünür.
Hafiz Paşayevin kitabının dəyəri həm də ondadır ki, diplomatiyanın görünən və görünməyən tərəflərini eyni müstəvidə təqdim edir. Bir tərəfdə dövlət başçıları, nazirlər, konqresmenlər, səfirlər və yüksək səviyyəli görüşlər varsa, digər tərəfdə səfirliyin ofisi, əməkdaşların gündəlik işi, maddi imkanlar və insan münasibətləri dayanır.
Hafiz Paşayevin şəxsiyyətində məni düşündürən başqa bir cəhət də müxtəlif keyfiyyətlərin bir arada olmasıdır. Mən onu daxilən həssas, eyni zamanda xarizmatik və güclü xarakterə malik, humanist dünyagörüşü ilə seçilən bir şəxsiyyət kimi qəbul edirəm. Bu xüsusiyyətlər onun kitabında da hiss olunur. Xüsusilə insan talelərinə münasibətində müşahidə edən, düşünən və nəticə çıxaran ziyalı mövqeyi diqqəti cəlb edir.
Amerika ədəbiyyatı ilə bağlı araşdırmalarım zamanı mənim üçün maraqlı olan məsələlərdən biri müxtəlif mədəniyyətlər arasında insanın özünü necə ifadə etməsi olub. Bu baxımdan “Bir səfirin manifesti” mənə yalnız diplomatik hadisələrin xronikası kimi görünmür. Burada bir ziyalının başqa bir cəmiyyəti müşahidə etməsi, Azərbaycanı həmin cəmiyyətə anlatmaq cəhdi və iki fərqli siyasi-mədəni mühit arasında anlaşma yaratmaq təcrübəsi vardır.
Bu kitabın gənclər tərəfindən oxunmasını xüsusilə vacib hesab edirəm. Gənc oxucu burada yalnız diplomatiya haqqında məlumat əldə etmir; dövlət quruculuğunun ilk mərhələlərində qarşıya çıxan çətinlikləri, peşəkarlığın, intizamın, müşahidənin, analitik düşüncənin və şəxsi məsuliyyətin əhəmiyyətini də görür.
Hətta hesab edirəm ki, “Bir səfirin manifesti” ali təhsil müəssisələrində seçmə fənn çərçivəsində öyrənilə biləcək əsərlərdən biri kimi nəzərdən keçirilə bilər. Onun əsasında Azərbaycan diplomatiyasının müstəqilliyin ilk illərində keçdiyi yol, diplomatik protokol, diasporla iş, beynəlxalq kommunikasiya və dövlət maraqlarının xaricdə təmsil olunması kimi mövzular müzakirə edilə bilər.
Mir Cəlal Paşayev öz “manifest”ini bədii sözlə yazmışdı. Hafiz Paşayev isə öz “manifest”ini diplomatik yaddaş, elmi düşüncə və şəxsi müşahidələrlə qələmə alıb. Birinin dili ədəbiyyat, digərinin dili diplomatiyadır. Lakin hər ikisinin arxa fonunda insanı, cəmiyyəti və zamanı anlamaq cəhdi dayanır.
Bəlkə də “Bir gəncin manifesti”ndən “Bir səfirin manifesti”nə uzanan mənəvi xəttin ən mühüm məqamı budur: zaman dəyişir, insanın qarşısında duran vəzifələr dəyişir, fəaliyyət sahələri dəyişir, lakin elmə, mənəviyyata, insan amilinə və Vətən qarşısında məsuliyyətə bağlılıq öz mahiyyətini qoruyur.
Bu mənada Hafiz Paşayevin “Bir səfirin manifesti” yalnız bir diplomatın xatirələri deyil. O, müstəqil Azərbaycanın diplomatik tarixinin müəyyən mərhələsinə işıq salan, tarixi yaddaşı müstəqillik dövrünün reallıqları ilə əlaqələndirən və görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevdən gələn mənəvi-intellektual irsin yeni müstəvidə davamını düşündürən əsərdir.
Mənim üçün bu kitab haqqında yazmaq həm də ədəbiyyatla diplomatiyanın, ata irsi ilə şəxsiyyətin öz yolunun, keçmişlə bu günün qovuşduğu bir məqam haqqında düşünmək deməkdir. “Bir gəncin manifesti”ndən “Bir səfirin manifesti”nə qədər uzanan bu yol göstərir ki, böyük mənəvi dəyərlər zamanın dəyişməsi ilə yox olmur, əksinə, yeni nəsillərin düşüncəsində və fəaliyyətində yeni məna qazanaraq daha da zənginləşir, yaşayır və tarixi reallığı yaşadır.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB