Ülviyyə Abdullayeva
“Milli Məclis” jurnalının baş redaktoru, Əməkdar jurnalist
Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil, eyni zamanda, qalib, bütövləşən Azərbaycan daim davamlı uğurları, ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərlə dünyanın diqqətində olur. Bu gün Azərbaycanı dünyanın diqqətində saxlayan, dünyanı Bakıya toplayan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasıdır (COP29). Noyabrın 11-22 tarixlərini əhatə edən bu mötəbər tədbirin beşinci günündəyik. Ötən hər gün Azərbaycanın beynəlxalq nüfuzuna yeni əlavələr edəcək mühüm hadisələrlə diqqətdədir. Dövlətimizin başçısı İlham Əliyevin COP29-da iştirak etmək üçün ölkəmizdə olan müxtəlif ölkələrin prezidentləri, vitse-prezidentləri, baş nazirləri, beynəlxalq qurumların rəhbərləri ilə ayrı-ayrılıqda görüşləri münasibətlərimizin inkişafında yeni səhifənin açıldığının təqdimatıdır. Bu görüşlərin fonunda COP29-un Liderlər Sammiti, həmçinin inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirildi, Prezident İlham Əliyevin çıxışlarında hazırkı dövrün çağırışlarını yerinə yetirmək üçün əsas vəzifələrin nədən ibarət olduğu açıqlandı. Azərbaycan söz sahibliyi, hər bir sahədə zəngin təcrübəyə malik olması təqdir edilir. Bu gün Azərbaycan tamamilə fərqli ovqatda COP29-a ev sahibliyi edir. Tarixi Zəfəri, suverenliyini tam bərpa etməsi ilə qürurlanan qalib, bütövləşən Azərbaycan COP29-un yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri adımları atdı. Tədbir iştirakçılarının hər biri Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyini, onun yüksək səviyyədə təşkilini alqışlayır, Prezident İlham Əliyevin liderliyi, səyləri nəticəsində uğurlu bir COP-a imza atılacağını bildirirlər.
Təbii ki, hər bir mühüm addım əvvəlki addımların məntiqi davamıdır. COP29-a gedən yola qısa nəzər salmaqla düşünülmüş siyasətin uğurların açarı olduğunu böyük inamla qeyd edə bilərik. “Yaşıl dünya naminə həmrəy olaq” çağırışını özündə ehtiva edən bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi haqqında qərar ötən il COP28-in dekabrın 11-də keçirilən plenar iclasında qəbul edildi. 200 ölkənin yekdil qərarı ilə COP29-a ev sahibliyi etmək səlahiyyətinin Azərbaycana verilməsi ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsidir. Bu qərardan dərhal sonra, ötən ilin 15 dekabr tarixində Prezident İlham Əliyevin sədrliyi ilə COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirə Azərbaycanın keçdiyi inkişaf yolunun, tədbirə ev sahibliyini şərtləndirən amillərin dünyaya təqdimatı oldu. Müşavirədə “Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı”, - söyləyən cənab İlham Əliyev belə bir əminliyi də ifadə etdi ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik. Bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.
Dünya hazırda bu reallıqların şahididir. Arxada qalan hər gün COP29-la bağlı tariximizə mühüm uğur səhifələrini yazır. Azərbaycan sözünün həqiqi mənasında iqtisadi, siyasi, humanitar, dipölomatik mərkəz olduğunu təsdiqləyir. Liderlərin Sammitində, eyni zamanda, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində səsləndirilən fikirlərə diqqət yetirsək Azərbaycana, Prezident İlham Əliyevə böyük etimadın, inamın şahidi olarıq. Dünyanın diqqətlə izlədiyi bu tədbirə 196 ölkədən 72 min iştirakçı qatılıb. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!
Nəzərə alsaq ki, qonaqların böyük əksəriyyəti Azərbaycana ilk dəfə səfər edirlər onların ölkəmiz haqqında təəssüratlarını düşünmək çətin deyil. Eyni zamanda, onlara ölkəmizlə daha yaxından tanış olmaq, tarixini, ənənələrini və mədəniyyətini öyrənmək imkanı yaranır. Bu gün dünya bir daha bu reallığı təsdiqləyir ki, Şimal ilə Cənub, Qərb ilə Şərqin qovşağında yerləşən ölkə kimi Azərbaycan ölkələri, xalqları bir araya gətirir, onlar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpüləri yaradır. Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır.
Əməkdaşlığın coğrafiyasının genişləndirilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması dövlətimizin xarici siyasətinin əsas tərkib hissəsidir. Dünya ictimaiyyəti dövlətimizin siyasətini bəyənir və dəstəkləyir. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi.
Azərbaycan, həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Avropa İttifaqının 10 üzvü ilə sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar Azərbaycanın iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola biləcəyini söyləməyə əsas verir. Ölkəmiz, eyni zamanda, türk dünyasının birliyini, həmrəyliyini xarici siyasətinin prioritet istiqaməti kimi öndə saxlayır. Türk dünyasını böyük ailə kimi dəyərləndirən Prezident İlham Əliyev bildirir ki, bizim ailəmiz Türk dünyasıdır. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, ərazidir, hərbi gücdür, iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.
Qeyd edək ki, COP29 bir daha türk dünyasının birliyinə, həmrəyliyinə şahidlik etdi. Tədbir türk dövlətlərinin fəal iştirakı, dövlət başçılarının görüşləri ilə yanaşı, mühüm sənədlərin imzalanması ilə də tarixə yazılacaq. Belə ki, noyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin üçtərəfli görüşü oldu. Sonra Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçıları “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i imzaladılar. Dövlətimizin başçısı bildirdi ki, bu gün Azərbaycan, Qazaxıstan və Özbəkistan münasibətlərinin tarixində əlamətdar hadisədir. Üç qardaş ölkə bu gün öz əməkdaşlığını yeni səviyyəyə qaldırır. Sazişin imzalanması tarixi hadisədir. Biz ölkələrimiz arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndiririk və yaşıl enerji sahəsində fəal əməkdaşlıq edəcəyik. Həmçinin, imzalanan Saziş Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığında yeni imkanlar açır.
COP29 çərçivəsində imzalanan sənədlər yeni əməkdaşlıq formatlarının yaradılmasını şərtləndirir. Reallıq budur ki, bu tədbir beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın göstəricisi olmaqla yanaşı, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Hazırda yaşıl enerjiyə keçid ölkəmizin əsas prioritetlərindəndir. Azərbaycan “yaşıl artım” ölkəsinə çevrilməyi qarşısına əsas hədəf kimi qoyub. COP29 ölkəmizin bu hədəfə doğru inamla addımladığının nümayişidir. Məhz ölkəmizin zəngin təcrübəyə malik olmasının nəticəsidir ki, BMT-nin Baş katibi Antonio Quterreş belə bir çağırışı etdi ki, COP29 yeni fərq yaratmalıdır və inkişaf edən ölkələr Bakını əliboş tərk etməməlidir. Bu əminliyi də ifadə etdi ki, biz buna birlikdə nail olacağıq. İqlim dəyişikliyi ilə bağlı birgə mübarizədə şəffaflıq, hesabatlılıq əsas şərt kimi diqqətə çatdırıldı. Dövlətimizin başçısı İlham Əliyev ölkəmizin yaşıl gündəliyi haqqında geniş məlumaq verdi. Təbii ki, əsas çağırışımız yaşıl keçidin güclü carçısı olmaqdır. Azərbaycanın həyata keçirdiyi nəhəng enerji və nəqliyyat layihələri Avrasiyanın enerji və daşımalar yollarını dəyişdi, məhsuldar, çoxtərəfli əməkdaşlıq formatları yaratdı. Hazırda ölkəmizin yaşıl gündəliyi və alternativ enerji mənbələrinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi siyasət uğurlu nəticələri ilə diqqətdədir.
Azərbaycanın bərpaolunan enerjidə texniki potensialı quruda 135 giqavat, dənizdə isə 157 giqavat təşkil edir. 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırır. 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb. BƏƏ-nin Masdar şirkəti, Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti və Birləşmiş Krallığın bp şirkəti ilə həyata keçirilən layihələr hədəfə doğru atılan mühüm addımlardandır. Onu da qeyd edək ki, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib.
Qısa təhlil Azərbaycanın COP29-a ev sahibliyini şərtləndirən amillərə işıq salmaqla yanaşı, hədəfləri, eyni zamanda, tədbirin ölkəmizə nə vəd etdiyini açıqlayır. COP29, eyni zamanda, Azərbaycana yeni investisiyaların cəlb edilməsi deməkdir. Ölkəmizin neft-qaz sektorunda qazandığı zəngin təcrübə yaşıl enerjiyə keçiddə də əhəmiyyətli rol oynayır. Yeni əməkdaşlıq formatlarının yaradılması Azərbaycana iqtisadi və siyasi dividendlər qazandıracaq. Bu tədbir Azərbaycandan dünyaya növbəti əməkdaşlıq, sülh, birlik, həmrəylik çağırışıdır. Liderlər Sammitində Malayziyanın paytaxtı Kuala Lumpurun meri, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) sabiq icraçı direktoru xanım Maimuna Mohd Şərif dövlətimizin başçısı İlham Əliyevə Azərbaycanın COP29-a ev sahibliyinə görə təşəkkürünü bildirərək vurğuladı ki, Siz həqiqətən də öz rəhbərliyiniz və liderliyiniz ilə hamını sülhün vacibliyinə inandırdınız. Sülh olmadan dayanıqlı inkişaf barədə danışmaq mümkün deyil. Dayanıqlı inkişaf olmadan da biz sülhü yarada bilmərik. Müxtəlif çətin çağırış dövrlərində imkanlar tapmaq lazımdır. Bu imkanlar məhz sülh ilə gələcək və təbiətlə sülh yaratmalıyıq: “Bu səbəbdən də bütün üzv dövlətlərdən və təşkilatlardan multilateral yanaşmağı və BMT-yə dəstək göstərməyi xahiş edirəm. COP29-da daha dəqiq tədbirlər, vaxtlar və son tarixlər ilə bir yerdə planetimizi qorumalıyıq. İndiki və gələcək nəsillərə daha sağlam bir planet miras qoymalıyıq”.
İki həftə Azərbaycanı dünyanın mərkəzinə çevirəcək COP29-dan gözləntilər fərqlidir. Bu fərqliliyə əsas verən Azərbaycanın keçdiyi uğurlu yol, beynəlxalq aləmdə söz sahibliyi, sabit, təhlükəsiz ölkə olaraq beynəlxalq tədbirlər üçün ideal məkan olması, hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandırması, ən əsası qarşılıqlı etimad mühitinin qorunması ilə yeni dostlar, tərəfdaşlar qazanmaq səyləri, mövcud tərəfdaşları ilə əlaqələrini yeni istiqamətlər üzrə inkişaf etdirməsidir. Azərbaycan öz imkanlarına güvənən ölkədir. Hər bir tədbir bunun təqdimatıdır. Ölkəmizin COP29-a ev sahibliyi ilə yazdığı növbəti uğur hekayəsi tariximizin mühüm səhifəsi kimi daim vərəqlənəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə