"Bildirirlər ki, Azərbaycanda keçirilən test yürüşü Çin Qran Prisindən daha maraqlıdır" - FOTOLAR
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) ötən gün Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində Formula 1 üzrə birinci sərbəst yürüş zamanı bolidin drenaj qapağına toxunması ilə bağlı məsələyə aydınlıq gətirib. SİA-nın məlumatına görə, BŞH-nin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bununla bağlı təşkil edilən mətbuat konfransında bildirib ki, bu cür hadisələr digər ölkələrdə keçirilən Qran-Prilərdə də baş verir: “Biz treki hazır vəziyyətə gətirirk və sonra Beynəlxalq Avtomobil Federasiyasına (FIA) təhvil veririk. FIA-nın mütəxəsisləri treki yoxlayıb, qərar verdikdən sonra yarış keçirilir. Yəni FIA-nin icazəsi və qərarı olmadan heç bir yürüş keçirilə bilməz. Hadisəyə gəlincə isə, illərlə Formula 1 yarışları keçirilən ölkələrdə də bu cür hadisələr baş verir. Bizdə də bu cür hadisənin baş verməsi normaldır. Özü də bu hadisə yarış zamanı deyil, test yürüşündə baş verib”.
N.Arpadarai qeyd edib ki, bu hadisə əsasən yerli auditoriyada müzakirəyə səbəb olub. Xarici tamaşaçılar bunu normal qəbul edib, hətta xaricilər bu hadisəni maraqla qarşılayıb: “Xarici tamaşaçılar bildirirlər ki, Azərbaycanda keçirilən test yürüşü Çin Qran Prisindən daha maraqlıdır”.
BŞH-nın yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer bildirib ki, hadisə baş verəndən dərhal sonra FIA mütəxəsisləri ilə birgə əraziyə baxış keçirilib: "FIA mütəxəsisləri ilə 3 toplantı olub, trekdə olan bütün luk qapaqları yenidən yoxlanılıb, eyni zamanda digər təhlüksizlik tədbirləri yenidən nəzərdən keçirilib. Beynəlxalq qurum bizim 16 saat ərzində gördüyümüz bu işləri yüksək qiymətləndirib və yarışların davam etdirilməsinə icazə verib".
T.Butçer əlavə edib ki, ümumilikdə FIA-nın asfalt qatı ilə bağlı heç bir iradı yoxdur və pilotlardan da heç bir narazılıq eşidilməyib.
Eyni zamanda qeyd olunub ki, luk qapağının bolidə toxunması nəticəsində “Williams”a dəymiş ziyan kompensasiya tələb olunarsa, sığorta şirkti tərəfindən ödəniləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə