Devi və Emili Sançis cütlüyü Bakıda - FOTOLAR

“Bike Up&Down" layihəsinin təşkilatçıları olan Devi və Emili Sançis cütlüyü Fransadan velosipedlə dünya turuna çıxıblar və mayın 7-də Bakıya çatıblar. SİA xəbər verir ki, əsas məqsədləri daun xəstəliyi olan uşaqlara dəstək nümayiş etdirməkdir. Onlar burada bir sıra görüşlər keçirib, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan şəraitlə tanış olublar.

Fransalı cütlük “Ocaq” Gimnastika İdman Klubunda məşğələlərdə, Respublika Olimpiya Mərkəzində xüsusi diqqətə ehtiyacı olan uşaqlar üçün təşkil olunan atletika yarışında, eləcə də, daun sindromlu uşaqlara dəstək məqsədilə keçirilən veloyürüşdə, Bakı marafonunda iştirak ediblər.

Qeyd edək ki, 2021-ci il iyunun 13-də Fransadan velosipedlə yola çıxan cütlük bu il aprelin 29-da Gürcüstandan Azərbaycana keçiblər. Dünya turunu gələn ilin yanvarında Yeni Kaledoniyada başa vuracaq Devi və Emili Sançislər sabah Bakıdan Qazaxıstana yola düşəcəklər.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə