Bakıda Əlcəzair İnqilabının 72-ci ildönümü qeyd olunub

Bakıda Əlcəzair İnqilabının 72-ci ildönümü qeyd olunub

Bakıda Əlcəzair İnqilabının 72-ci ildönümü ilə bağlı mərasim keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, energetika nazirinin müavini Kamal Abbasov, diplomatlar, ictimai-siyasi xadimlər, media nümayəndələri iştirak edib.

Tədbir Azərbaycan və Əlcəzairin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Əlcəzairin Azərbaycandakı səfiri Zəkiyyə İğıl çıxışında Əlcəzair və Azərbaycanın regional və beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb.

"Bu ortaq mövqe karbohidrogenlər, təbii qaz, neft-kimya və bərpaolunan enerji sahələrində tərəfdaşlığımızı daha da dərinləşdirmək üçün geniş imkanlar yaradır. Bu baxımdan, müvafiq qurumlarımız və dövlət enerji şirkətlərimiz, xüsusilə də Sonatrach və SOCAR arasında əməkdaşlığın gücləndirilməsi üçün mühüm zəmin yaradan neft və qaz sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunun cari ildə təsdiqlənməsini məmnunluqla qarşılayırıq”,- səfir qeyd edib.

O, iki ölkə arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə birgə komissiyanın yaradılmasının əhəmiyyətinə diqqət çəkib.

“Bu, xalqlarımızın qarşılıqlı mənafelərinə xidmət naminə ortaq siyasi iradəmizi ticarət, investisiya, sənaye, kənd təsərrüfatı, təhsil, elm və mədəniyyət sahələrində konkret tərəfdaşlığa çevirmək üçün mühüm fürsət olaraq, Komissiyanın 2027-ci ilin birinci yarısında Bakıda keçirilməsi nəzərdə tutulan ilk iclasını səbirsizliklə gözləyirik”,- Zəkiyyə İğıl bildirib.

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov çıxışında Azərbaycan və Əlcəzair arasında ikitərəfli münasibətlərin keçmişi, indiki vəziyyəti və gələcək perspektivləri barədə danışıb.

Mərasim bədii hissə ilə davam edib.

Qeyd edək ki, 1 noyabr 1954 Əlcəzair İnqilabının başlanmasının ildönümü kimi qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə