Estoniya və Azərbaycan arasında münasibətlər yeni mərhələyə qədəm qoyur və iki ölkə ticarət, iqtisadiyyat, rəqəmsal inkişaf, innovasiya, yaşıl texnologiyalar, logistika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna noyabrın 4-də Tallində Estoniya və Azərbaycan arasında Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclasının açılışında bildirib.
Nazir Azərbaycanın Cənubi Qafqazda Estoniya üçün mühüm tərəfdaş olduğunu vurğulayıb.
“Son illərdə münasibətlərimiz xeyli yaxınlaşıb və biz rəqəmsal məsələlər, ticarət, yaşıl texnologiyalar və logistika sahələrində əməkdaşlığımızı ardıcıl olaraq genişləndirmişik”, – Tsahkna qeyd edib.
Onun sözlərinə görə, bir sıra Estoniya şirkətləri artıq Azərbaycanda, xüsusilə rəqəmsal xidmətlərin inkişafı sahəsində uğurla fəaliyyət göstərir. Ötən il Bakıya səfər edən 20-yə yaxın şirkətdən ibarət biznes nümayəndə heyəti də Estoniya şirkətlərinin Azərbaycan bazarına marağını nümayiş etdirib.
Tsahkna iki ölkə arasında enerji və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün də yaxşı imkanların olduğunu bildirib.
Estoniya XİN rəhbəri Bakıda yeni Estoniya səfirliyinin açılmasının da ikitərəfli tərəfdaşlığın möhkəmlənməsinin göstəricisi olduğunu bildirib. Onun sözlərinə görə, səfirliyin rəsmi açılışı noyabrın sonunda keçiriləcək. XİN rəhbəri səfirliyin açılış mərasimində iştirak edəcəyini də diqqətə çatdırıb.
Qeyd edək ki, hökumətlərarası Komissiyanın iclasında tərəflər ticarət və kənd təsərrüfatı əlaqələrinin müntəzəm görüşlər, biznes təmasları və təcrübə mübadiləsi vasitəsilə gücləndirilməsi barədə razılığa gəliblər. Bundan başqa, rəqəmsal inkişaf, innovasiya, texnologiyalar və süni intellektin tətbiqi sahələrində birgə təşəbbüslərin davam etdirilməsi qərara alınıb.
Enerji məsələləri müzakirə edilərkən Estoniya şirkətləri və investorlarının Azərbaycanın yaşıl keçid layihələrində iştirakının artırılması imkanları nəzərdən keçirilib. Rəqəmsal inkişaf, süni intellekt və kibertəhlükəsizlik sahələrində isə Estoniyanın Azərbaycanda rəqəmsal həllərin inkişafına töhfəsinin artırılması və ekspert mübadiləsinin təşviqi müzakirə olunub.
İclasda, həmçinin iqlim, turizm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB