Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları əhali arasında hüquqi maarifləndirmə tədbirləri keçiriblər

Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları əhali arasında hüquqi maarifləndirmə tədbirləri keçiriblər
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın çoxşaxəli fəaliyyətində insan hüquq və azadlıqlarının müdafiəsi və təmin olunması ilə yanaşı, əhalinin hüquqi maarifləndirilməsi də mühüm yer tutur. SİA-nın xəbərinə görə, ombudsman təsisatın yarandığı ilk dövrdən bu işə önəm verib, əhalinin hüquqi maarifləndirilməsi məqsədilə ölkəmizin paytaxtında və bölgələrində də müntəzəm olaraq silsilə tədbirlər, seminarlar keçirilib, vətəndaşlara hüquqları izah edilib və mühüm nəticələr əldə olunub.

Müvəkkilin Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzləri də bu istiqamətdə geniş iş aparır. Şəki Regional Mərkəzinin əməkdaşları bu günlərdə əhalinin hüquqi maarifləndirilməsi məqsədilə Qax rayonunun Qaratala və Əmbərçay, Zaqatala rayonunun Zəyəm və Balakən rayonunun Püştətala kəndlərində kənd icra nümayəndəliyinə daxil olan Qaravəlli, Mollaçıbinə, Godoş və Pridax yaşayış məntəqələrinin də sakinlərinin, yerli icra və bələdiyyə qurumlarının nümayəndələrinin iştirakı ilə seminarlar keçiriblər.

Seminarlar "İnsan hüquqları sahəsində beynəlxalq konvensiyalar və milli qanunvericilik" mövzusunda aparılıb, əhaliyə müvafiq normativ-hüquqi aktlar, həmçinin müvəkkilin və onun Şəki Regional Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb. Həmin kəndlərdə əhalinin qəbulu keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə