Avropalı tələbələr “Beynəlxalq Novruz Festivalı Azərbaycanda – 2011” adlı tədbirdə iştirak edir-TƏDBİR

Avropalı tələbələr “Beynəlxalq Novruz Festivalı Azərbaycanda – 2011” adlı tədbirdə iştirak edir-TƏDBİR
Bu gün AEGEE-Bakı (Avropa Tələbələr Forumu- Bakı İctimai Birliyi) "Beynəlxalq Novruz Festivalı Azərbaycanda - 2011" adlı beynəlxalq tədbirə həsr olunan mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, AEGEE-Bakı təşkilatının "Beynəlxalq Novruz Festivalı Azərbaycanda - 2011" koordinatoru Nizami Yusifli ilk öncə təşkilat haqqında ətraflı məlumat verib. O bildirib ki, AEGEE-Bakı Avropanın 40-dan artıq ölkəsində 270-dən artıq şəhərində fəaliyyət göstərən və özündə 17000-dən çox tələbəni birləşdirən AEGEE-Avropa (www.aegee.org) təşkilatının Bakı şəhəri üzrə yerli nümayəndəliyidir. Onun sözlərinə görə, təşkilatın əsas məqsədi Avropada gənclər arasında mədəni mübadilə həyata keçirməklə qitə miqyasında açıq və tolerant cəmiyyətlərin inkişafına nail olmaqdır. AEGEE-Bakının 2004-cü ildən fəaliyyətə başladığını və bu günə qədər müxtəlif layihələrə 500-dən artıq yerli tələbəni cəlb etdiyini deyən N.Yusifli qeyd edib ki, təşkilatın əsas vəzifəsi Azərbaycan tələbələri ilə Avropa tələbələri arasında ünsiyyət məkanı yaratmaqla gənclərimiz arasında Avropa dəyərlərini təşviq etməkdir.

Daha sonra beynəlxalq festival barədə ətraflı məlumat verən layihənin koordinatoru vurğulayıb ki, tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir. Onun sözlərinə görə, bu tədbir dünya gənclərinin xalqımızın milli adət və ənənəsi, dəyərləri və tarixi haqqında məlumatlandırmaq məqsədi daşıyan mədəniyyətlərarası gənclər mübadiləsi təşəbbüsüdür. Əsas məqsədi Azərbaycanı dünya gənclərinə tanıtmaq olduğunu deyən təşkilat nümayəndəsi söyləyib ki, layihə çərçivəsində dünya ölkələrindən olan 30 əcnəbi gəncin iştirakı gözlənilir: "İştirakçılar ölkəmizin tarixi abidələrinə səfərlər edəcək, Bakı şəhərində təşkil ediləcək bayram tədbirlərinə qoşulacaq, həmçinin ailələrdə Novruz axşamını qeyd etməklə mədəniyyətimizi daha yaxından tanımaq imkanı əldə edəcəklər. Bundan əlavə, festival çərçivəsində iştirakçılar müxtəlif mövzularda müzakirələr etmək şansı qazanacaqlar. Bu müzakirələr vasitəsilə iştirakçılar digər xalqların, həmçinin azərbaycanlı gənclərin fikirləri və mövqeləri ilə tanış olmaqla qarşılıqlı anlaşmaya və dünyada sülhün yayılmasına töhfə vermək imkanı əldə etmiş olacaqlar".

Tədbirin davamında çıxış edənlər ölkədə bayramqabağı belə bir tədbirin keçriilməsini yüksək qiymətləndirib və bütün festival iştirakçılarına uğurlar arzulayıblar. Onlar qeyd ediblər ki, bu kimi festivallar Azərbaycanın adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin öyrənilməsində, qorunmasında mühüm rol oynayır.

Bütün xəbərlər Facebook səhifəmizdə