“QHT fəaliyyətinin keyfiyyət standartları və sertifikatlaşdırma modeli” layihəsinin müzakirəsi keçirilib
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hazırladığı "QHT fəaliyyətinin keyfiyyət standartları və sertifikatlaşdırma modeli" layihəsinin müzakirəsi keçirilib. SİA-nın məlumatına görə, şuranın sədri Azay Quliyev bildirib ki, QHT standartlarının məqsədi yerli qeyri-hökumət təşkilatlarının fəaliyyətinin daha da səmərəli qurulması, idarəetmənin təkmilləşdirilməsi və missiyanın beynəlxalq müstəvidə qəbul edilmiş hüquqi və etik normalara uyğun şəkildə yerinə yetirilməsində təşkilatlara yardım etməkdir.
Layihənin hazırlanmasında ayrı-ayrı işçi qruplarının, ekspertlərin təkliflərindən və beynəlxalq təcrübədən istifadə edildiyini deyən A.Quliyev qeyd edib ki, sənəd Azərbaycan QHT-lərin beynəlxalq standartlara uyğunlaşmasını, onların mühüm bir institut kimi formalaşmasını təmin edəcək: "Azərbaycanın QHT sistemində ciddi islahatlara ehtiyac var. Bir çox QHT-lər hələ də qanunvericiliyə əməl etmirlər. QHT sahəsinin inkişafında ciddi addımlar atılsa da görüləcək çox iş var. Şəffaflıq QHT-lər üçün fəaliyyət prinsipi olmalıdır. Onların özləri şəffaf olmasa hökuməti də şəffaflığa dəvət etməyə ən azından mənəvi haqları olmaz. Etiraf etmək lazımdır ki, şuranın yaranmasından sonra fəaliyyətə başlayan bir çox QHT-lərin əsas məqsədi yalnız qrant almaqdan ibarətdir".
Azərbaycan QHT-lərinin maddi-texniki bazasının zəif olduğunu dilə gətirən şura sədri bildirib ki, qeydə alınan 2644 QHT-nin yalnız 50-nin daimi ofisi var: "Yüzə yaxın QHT-nin daimi işçiləri var. QHT-lərin çoxu daimi işçi saxlaya bilmir. Amma gələcəkdə çalışmaq lazımdır ki, vətəndaş cəmiyyəti institutları minimum tələblərə cavab versin. Çalışacağıq ki, gələcəkdə yalnız standartlara cavab verən QHT-lərə qrant verək. Bu tələb isə onların daha ruhlanmasına gətirib çıxaracaq".
Daha sonra layihə üzrə ekspert İlqar Ağasıyev çıxış edib. Layihəni tədbir iştirakçılarına təqdim edən edən ekspert sənədin hazırlanmasında bir çox xarici ölkələrin QHT təcrübəsi və standartlarından istifadə edildiyini vurğulayıb. QHT standartların beynəlxalq təcrübədə yeni bir fenomen olmadığını söyləyən İ.Ağasıyev qeyd edib ki, Azərbaycan kimi müstəqilliyinə yeni qovuşan ölkələrdə QHT sektoru özünün inkişaf mərhələlərini keçir. O, QHT keyfiyyət standartlarının burada ən yüksək mərhələ olduğunu deyib: "Əsas məsələ odur ki, QHT-lər öz fəaliyyətinə yeni bir prizmadan baxsınlar. Təşkilatın aydın strateji inkişaf planına, daha mükəmməl idarəetmə strukturuna sahib olması və benefisiarlara daha yüksək xidmət göstərməsi keyfiyyət standartlarına riayət edilməsinin bəhrələridir. Bu standartlara riayət etməklə həmçinin təşkilat işçilərinin peşəkarlıq səviyyəsi artır və nəticədə təşkilat donorların və əməkdaşlıq etdiyi insanların daha çox etimadını qazanır".
Təqdimatdan sonra QHT nümayəndələrinin iştirakı ilə layihənin müzakirəsi davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB