“Ailə dəyərlərinin qorunması ailədən başlayır” - SOSİOLOQ DANIŞDI

“Ailə dəyərlərinin qorunması ailədən başlayır” - SOSİOLOQ DANIŞDI

“Azərbaycanın milli-mənəvi dəyərlər sistemində ailə adət-ənənələrinin qorunması mühüm yer tutur. Bu proses ilk növbədə ailədən başlasa da, məktəbin, cəmiyyətin, dövlət qurumlarının, ictimai təşkilatların və kütləvi informasiya vasitələrinin də üzərinə mühüm vəzifələr düşür. Sosial şəbəkələr və internet də müasir dövrdə gənc nəslin dünyagörüşünün formalaşmasına təsir göstərən əsas vasitələrdəndir”.

Bu sözləri Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, ailə dəyərləri məhz ailədə formalaşan və gələcək nəsillərə ötürülən mənəvi keyfiyyətlər sistemidir:

”Milli-mənəvi dəyərlərin qorunması və yaşadılması üçün bu prosesin təməli ailədə qoyulmalıdır. Buraya yalnız valideyn-övlad münasibətləri deyil, həm də böyüklərə hörmət, ata-ana münasibətləri, el-obaya sevgi və ailə məsuliyyəti daxildir.

Aydın Xan Əbilov qeyd edib ki, son onilliklərdə internetin, kompüter oyunlarının, sosial şəbəkələrin və rəqəmsal platformaların geniş yayılması ailə dəyərlərinin qorunması ilə bağlı yeni çağırışlar yaradıb. Gənclərin yeniliyə marağını və fərqli düşüncələrə açıq olmasını nəzərə almaqla, ənənələrlə müasirlik arasında sağlam tarazlıq yaradılmalıdır.

O bildirib ki, ailə dəyərlərinin gənc nəslə ötürülməsində nağıllar, əfsanələr, kitablar, filmlər, muzeylər və teatrlar mühüm rol oynayır. Müasir dövrdə isə bu vasitələrlə yanaşı, sosial şəbəkələr və rəqəmsal məzmun da gənclərin mənəvi dünyasının formalaşmasına təsir edir. Buna görə də milli-mənəvi dəyərlərin təbliğində ənənəvi və müasir kommunikasiya vasitələrindən səmərəli istifadə olunmalıdır.

Yazıçı-kulturoloqun fikrincə, uşaqların şəxsiyyət kimi formalaşmasında valideynlərin şəxsi nümunəsi xüsusi əhəmiyyət daşıyır. Valideynlərin uşaqlara münasibəti, onlara aşıladığı hörmət və məsuliyyət hissi gələcək nəsillərin mənəvi dünyasına birbaşa təsir göstərir. Bununla yanaşı, müəllimlərin, pedaqoqların, yazıçıların və mədəniyyət xadimlərinin də ailə dəyərlərinin təbliğində mühüm rolu var.

Aydın Xan Əbilov vurğulayıb ki, uşaqların erkən yaşlarından milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması, onlara böyüklərə hörmət, vətənə və el-obaya sevgi, qarşılıqlı anlayış və məsuliyyət hissinin aşılanması vacibdir. Ailə dəyərlərinin qorunması yalnız ənənələrin yaşadılması deyil, həm də gələcək nəsillərin sağlam mənəvi mühitdə yetişməsinin təmin olunmasıdır. Bu proses ailədən başlayır, təhsil müəssisələrində davam edir və bütövlükdə cəmiyyətin iştirakı ilə möhkəmlənir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə