"Azərbaycan ailəsi milli-mənəvi dəyərlərdən sanki uzaqlaşır" - SOSİOLOQ

"Azərbaycan ailəsi milli-mənəvi dəyərlərdən sanki uzaqlaşır" - SOSİOLOQ

"Son illərdə Azərbaycan ailəsində çox böyük təbəddülatlar baş verir. Sanki xaricdən gələn bir çox mənfi hallarla, təsirlərlə yanaşı, daxildə də biz içimizdə olan mənfi xüsusiyyətləri ailəmizin üzərinə tökürük". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, 2026-cı ilin ilk yarım ilində, demək olar ki, 22 500-ə yaxın nikah bağlanıbsa, rəsmi nikah bağlanıbsa, onun 11 800-ə yaxını, haradasa 60 faizə yaxını boşanma ilə nəticələnib:

"Bizdə, Azərbaycanda hələ ictimai münasibətlər, rəsmi nikahlar, ailə quran şəxslərin sayı çoxdur. Eyni zamanda dini nikaha girənlər, qəbuledilməklə yeni ailə səadətinə qoşulmaq istəyən şəxslərimiz də çoxdur. Bütövlükdə onların hamısının statistikasını götürəndə çox bərbad bir statistik məlumat ortaya çıxır.

Ailələrin boşanmasının səbəbləri bir çox hallarda obyektiv və subyektiv təsirlərlə bağlıdır. Bunlar həm iqtisadi, sosial, psixoloji, mənəvi və etik məsələlər, eyni zamanda qlobal təsirlərə məruz qalmağın nəticəsidir.

İqtisadi cəhətdən məsələ aydındır. Bir ailə qurmaq üçün nişandan, evlilikdən, nikahdan, uşaq dünyaya gələnə və uşağın böyüdülməsinə qədər ailə çox böyük iqtisadi vəsait tələb edir. Toyun, cehizin, toyun təşkilindən tutmuş, eyni zamanda toydan sonra gələn qonaqların verdiyi pulun qarşılığı olaraq borc qaytarma kimi məsələlər ailənin iqtisadi yükünün əsas tələblərindən biridir.

Əgər ailədə bir nəfər işləyirsə, digərləri işləmirsə, çox böyük iqtisadi yük yenə də həmin insanın üzərinə düşür. İndiki halda gənclərimizin — son 30 ildə böyük əksəriyyətinin, bilirsiniz ki, qeysəriyyə əməliyyatı ilə dünyaya gəldiyini nəzərə alsaq — o gənclərin nəinki ailənin məsuliyyətini, heç öz məsuliyyətini üzərinə götürmək imkanları yoxdur.

Bilirsiniz ki, bizim cavanların, gənclərin içində həddindən artıq psixoloji problemləri olan, sağlamlığında tibbi cəhətdən xəstəlikləri olan və müalicə alan şəxslərin sayı durmadan artır. Əlillərin sayı durmadan artır. Pis vərdişlərə qoşulmuş yeni nəsil nümayəndələrinin də sayı artır.

Bununla yanaşı, son illər normal qidalanmamaq, şəhərin ekoloji cəhətdən gərginləşən havasından nəfəs almaq, sosial gərginlik, sosial şəbəkələr, internetdə və süni intellekt vasitəsilə gələn bir çox bullinq və təzyiqlərə məruz qalmaq, eyni zamanda energetik içki, spirtli içki və narkotik maddələrdən istifadə etmək — həm oğlanlar, həm də qızlar arasında ailə məsuliyyətini dərk etməmək və ailə yükünün altına girməmək üçün çox böyük psixoloji səbəb, problem kimi də götürülə bilər.

Eyni zamanda onu da bildiyim ki, gənclər sadaladığım o mənfi hallara görə normal nə ata, nə də ana ola bilmirlər. Dünyaya gələn uşaqların, demək olar ki, 80 faizi müalicə ilə, yəni hamilə qalmağın nəticəsində və yaxud oğlanın və qızın müalicəsi, bahalı müalicəsinin nəticəsində dünyaya gəlir.

Eyni zamanda hamiləlik dövründə çoxlu vəsait tələb olunur ki, hamilə qadının və ümumiyyətlə, yeni doğulmuş qadının, gəlinin uşağa normal ana südü vermək üçün normal qidalanması təmin edilsin. Onun tibbi, səhiyyə və digər xərcləri də çoxdur.

Bütün bunlar ailə qurmaq üçün gənclərin gözünün qarşısında durur. Son illərin həm də iqtisadi yük problemləri, pandemiya, dünyada gedən proseslər, işsizlik, haqsızlıq ailənin məhvinə gətirib çıxarır.

Azərbaycan ailəsi milli-mənəvi dəyərlərdən də sanki uzaqlaşır. Əvvəllər kənd-icma daxilində ağsaqqal-ağbirçək institutu vardı, qohum-əqrəba, qonşu vardı, dostluq vardı və ailədə hər hansı münaqişə olan zaman onlar ailə münaqişəsinin aradan qalxmasına kömək edirdilər. Bu münaqişələrin xırda və ya böyük fərqi yox idi. Konfliktlərin nikahın pozulmasına, boşanmaya, daha sonra isə nəsillər arasında müharibəyə gətirib çıxarmasına imkan verilmirdi.

Amma indi bunların heç biri yoxdur. Üstəlik, biz ailə mərkəzləri, böhran mərkəzləri ilə bağlı təkliflər vermişik. Bir çox mərkəzlər var, amma onlar istədiyimiz kimi işləmir.

Ailələr indi nə ağsaqqalına, nə ağbirçəyinə, nə qohum-əqrəbasına, nə də atanın sözünə qulaq asırlar. Amma ailələr psixoloqlardan — qadın, kişi və uşaq psixoloqlarından ayrı-ayrılıqda xidmət almalı və yaxud psixoloji xidmətləri vaxtlı-vaxtında əldə etməlidirlər.

Hamiləlik zamanı qadınların psixologiyasının pozulması ailələrin dağılmasına səbəb olur.

Eyni zamanda bəzi qızlarımız var ki, onlar — indi oğlanlar da onlara qoşulub — qarşı tərəfin ailə vəziyyətini, iqtisadi durumunu nəzərə alıb tez-bazar ərə gedib, bir uşaq doğur, sonra boşanmaya gedir, sərbəst həyat yaşamaq istəyirlər. Əvəzində aliment almaq, ev almaq davası ilə məhkəmələrə müraciət edirlər. Bu da böyük konfliktlərə gətirib çıxarır.

Tərəflər bir-birinin məsuliyyətini öz üzərinə götürmək istəmirlər. Biri digərinin haqqına girir.

Eyni zamanda, əgər ailədə qadın iqtisadi cəhətdən daha müstəqildirsə, o, ümumi Azərbaycan qadını obrazının məhvinə gətirib çıxara biləcək hərəkətlər edir. Və yaxud kişi iqtisadi cəhətdən vəziyyəti yaxşıdırsa, kənarda ikinci, üçüncü qeyri-rəsmi nikah bağlayaraq başqa qadınlarla ailə qurur. Bu da, əlbəttə ki, xanımlarımızın hüquqlarının pozulmasıdır və qanunvericiliyin pozulmasıdır.

Ona görə qadınlar nikahın pozulması ilə bağlı məhkəməyə tez-tez müraciət edirlər.

Biz mediasiya qurumlarından çox şey gözləyirdik. Fikirləşirdik ki, mediasiya bəlkə bu bir çox məsələlərin həllində bizim ailələrimizə, bizim gənclərimizə kömək edər. Amma təəssüf olsun ki, mediasiya təsisatları sanki formal olaraq fəaliyyət göstərib və boşanmaların qarşısını alan hansısa bir ictimai qəfəsə çevrilməyib.

Bu baxımdan, ailənin bu qədər baş verən hadisələrdən sonra qorunması və gələcəkdə milli aktivliyə çevrilməsi ilə bağlı xüsusi düşünülmüş bir konsepsiya olmalıdır.

Təsəvvür edin ki, iki gənc birləşdi, evləndilər, uşaq dünyaya gəldi. Uşağı böyütmək üçün, bir-iki uşağı böyütmək üçün nə qədər iqtisadi təzyiqlərə məruz qalırlar. Bir uşağın yeməyi, ana südü əvəzedicisinin qiyməti 100 manatdan da çoxdur, həftədə də iki-üç dəfə həmin yeməkdən istifadə olunur.

Bu baxımdan mən təklif edərdim ki, analar ümumiyyətlə iki yaşa qədər öz təbii südü ilə, əgər özləri də normal qidalanırlarsa, uşaqlarını qidalandırsınlar. Yox, əgər hərəyə dönərlər, pizza ilə, suşi ilə və yaxud energetik içki, spirtli içki qəbul etməklə, bəzi hallarda narkotiklərdən istifadə etməklə... Əgər təzə doğulmuş uşağa süd verilirsə, buna ehtiyac yoxdur. Belə süd əvəzedici yeməklərlə uşaqların qidalanması daha düzgün olar.

Hə, öz ana südü ilə uşaqlar qidalansalar, bəlkə də bir çox iqtisadi yük həm ailənin, həm də kişinin belini qırmaz.

Azərbaycan ailəsində baş verən bu hadisələrlə bağlı Ailə Məcəlləsində dəyişikliklər olmalıdır, ailəyə dəstək mexanizmləri işlənib hazırlanmalıdır. Uşaqlı ailələr dövlət tərəfindən himayəyə götürülməlidir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə