“Valideyn öz davranışı ilə nümunə olmalıdır” - PSİXOLOQ DANIŞDI

“Müasir dövrdə uşaqların planşet, telefon və kompüterlərlə çox vaxt keçirməsi valideynləri narahat edən əsas məsələlərdən biridir. Texnologiya düzgün istifadə olunduqda uşağın öyrənməsi, yaradıcılığı və ünsiyyət bacarıqları üçün faydalı ola bilər. Lakin nəzarətsiz və həddindən artıq istifadə uşaqda texnologiya asılılığına, diqqət dağınıqlığına, sosial bacarıqlarda zəifliyə və emosional problemlərə səbəb ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.


Zeynəb Eyyubova sözlərinə belə davam edib: “Valideynlərin rolu burada həlledicidir. Uşaqların texnologiyadan istifadə vaxtını məhdudlaşdırmaq vacibdir. Məktəb yaşlı uşaqlar üçün gündəlik 1–2 saatlıq həddi keçməməsi tövsiyə olunur.Texnologiya istifadəsi valideyn nəzarəti altında olmalıdır. Valideynlər uşağın hansı tətbiqlərdən istifadə etdiyini, hansı videolara baxdığını bilməlidirlər.

Planşet və telefonu uşaq üçün “mükafat” və ya “cəzadan qaçış yolu” kimi təqdim etmək olmaz. Bu, cihazı daha da cazibədar edir.Uşaqlarla birlikdə açıq havada vaxt keçirmək, oyun oynamaq, kitab oxumaq, yaradıcı fəaliyyətlərə (rəsm, musiqi, idman və s.) yönləndirmək texnologiyanın təsirini balanslaşdırır.

Ən əsası, valideyn öz davranışı ilə nümunə olmalıdır. Uşaq valideynin də davamlı telefonla məşğul olduğunu görərsə, qoyulan qaydaları qəbul etməkdə çətinlik çəkəcək.
Unutmayaq ki, uşaqların texnologiya ilə münasibəti birbaşa valideynin nəzarəti, qaydaları və onlarla birlikdə keçirdiyi keyfiyyətli vaxtdan asılıdır. Məqsəd texnologiyanı qadağan etmək deyil, onu sağlam vərdişlər çərçivəsində öyrətməkdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə