Paytaxt sakinləri 8 Martı necə qeyd edəcək? - SORĞU

Qadın kiçik hədiyyələrlə sevinən bir varlıqdır. Qadın sevinəndə həyat çox gözəl bir yer olmağa başlayır. Çünki o, həyatın tamamlayıcısıdır. Beynəlxalq Qadınlar Günü hər il 8 Mart tarixində qeyd olunan Beynəlxalq İşçi Qadınlar Günü olaraq da tanınan qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbətin tərənnümünü ənənəvi hala gətirmiş bayramdır. 8 Mart postsovet respublikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau, Komboca, Çin, Konqo, Laos, Makedonya, Monqolustan, Nepal, Şimali Koreya və Uqanda qeyri-iş günü sayılır. BMT də 8 Martı Beynəlxalq Qadınlar Günü kimi tanıyıb. Bəs, gəlin görək Azərbaycanda paytaxt sakinləri 8 Mart Beynəlxalq Qadınlar Gününün keçirilməsi tərəfdarıdır? Qadınlar bu özəl gündə hansı hədiyyələri gözləyirlər? SİA mövzu ilə bağlı sorğu keçirib.

Paytaxt sakini Bəxtiyar Babayev: "Özümüzü tanıyadan bu bayramı qeyd edirik. Bundan sonra da qeyd ediləcək. Qadınlar zərif, həssas varlıqlardır. İldə bir dəfə keçirilən bu özəl günü onlara çox görməməliyik. Biz azərbaycanlı kişilərin də bayramı Qarabağı işğaldan azad etdiyimiz gündür. O bizim üçün ən gözəl hədiyyə, ən böyük qürur nümunəsidir".

Paytaxt sakini Ülviyyə İmanova: "Əvvəla, bütün qadınları qarşıdan gələn 8 Mart münasibətilə təbrik edirəm. Bir qadın olaraq bildirim ki, bizlər sırf hədiyyə deyil, eyni zamanda diqqət, qayğı, nəzakət, anlayış, hörmət gözləyirik. Yəni, bir kişi çox bahalı bir hədiyyə alıb, qarşılığında bizə köləsiymişik kimi davranacaqsa, onun hədiyyəsi heç lazım deyil. Amma bir kişi kiçik bir hədiyyə alıb, qadına elə hörmət, elə sevgi göstərə bilər ki, onun aldığı hədiyyə milyonları əvəz edər".

Paytaxt sakini Aymar Babayev: "8 mart dünya üzrə qəbul olunmuş bir bayramdır. Məsələn, Yeni il kimi bu bayramı da qeyd etmək lazımdır. Düşünürəm ki, yalnız ildə bir gün deyil, hər gün hər an xanımların könlünü xoş etməliyik. Çünki onlar buna layiqdirlər".

Paytaxt sakini Leyla Hacılı: "Düzü, mən kimdənsə hədiyyə gözləmirəm. Amma bir gül belə insanı xoşbəxt edə bilər. Mən çox bahalı hədiyyələrə önəm vermirəm. Amma düşünürəm ki, qadınlar üçün gül əvəzolunmaz hədiyyə, ən gözəl dəyərdir. Təbii ki, ümumiyyətlə yad edilmək, kiçik bir təbrik mesajı belə üzümün gülməyinə kifayət edər".

Paytaxt sakini Əliş Fətəliyev: "Azərbaycanın gözəl, zəhmətkeş, əməkçi xanımlarını ürəkdən təbrik edirəm. Bizim xanımlarımız çox ailəcanlı, səxavətli, qoçaq olurlar. Hər əziyyətimizi çəkirlər. Biz də heç olmasa bir gün onları əl üstündə tutsaq, nə olar ki?! Mən adətən ailəmdəki xanımlara çiçək, ətir və ya çanta alıram. Ümid edirəm ki, məndən bir şikayətləri yoxdur".

Paytaxt sakini İrina İbrahimova: "Hər bir qadın diqqətə, gözəl hədiyyələrə layiqdir. Ola bilər ki, kiminsə hədiyyə almağa imkanı olmasın. Amma onun deyəcəyi bir xoş söz bəsdir. Boş yerə deməyiblər ki, qadınlar qulaqları ilə sevirlər. Onlar daim təriflənmək, xoş sözlər eşitmək istəyirlər. Təbii ki, hədiyyə də sevirik. Amma inanın ki, biz qadınlar anlayışlıyıq. Yəni, kişi gəlib səmimi bir şəkildə təbrik etsə və niyə hədiyyə almadığını izah etsə, biz onları çox yaxşı başa düşərik. Təəssüf ki, kişilərin çoxu bunu anlamır".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə