Əfsanəvi rok musiqiçisi Ozzi Osborn vəfat edib

“Black Sabbath” qrupunun solisti, hard-rok janrının simvolu və musiqi tarixinin ən mübahisəli simalarından biri olan Ozzi Osborn 76 yaşında dünyasını dəyişib. SİA-nın məlumatına görə, sənətçi ailəsinin əhatəsində vəfat edib.

“Bu səhər sevimli Ozzi Osborn bizi tərk etdiyi xəbərindən sonra yaşadığımız kədəri sözlə ifadə etmək mümkün deyil. O, ailəsinin yanında idi və sevgi ilə əhatələnmişdi. Xahiş edirik, bu çətin anlarda şəxsi məkanımıza hörmətlə yanaşasınız”, – deyə ailəsinin “The Guardian” nəşrinə verdiyi bəyanatda qeyd olunub.

Ölümündən qısa müddət əvvəl Osborn “Black Sabbath”ın üzvləri ilə yenidən bir araya gələrək 2005-ci ildən bəri ilk dəfə Birminqemdə vida konserti vermişdi.

1948-ci ildə İngiltərənin Birminqem şəhərinin işçi sinfinə mənsub ailəsində doğulan Con Maykl Osborn ağır uşaqlıq və gənclik illəri keçirmişdi. O, 15 yaşında məktəbi ataraq musiqiyə yönəlmişdi. 1969-cu ildə “Black Sabbath” qrupunun təsisçilərindən oldu. Qrup “heavy-metal” janrının əsasını qoydu, “Paranoid” və “Master of Reality” albomları ilə rok tarixində əfsanəyə çevrildi.

1970-ci illərin sonlarında Osborn narkotik və alkoqol asılılığı səbəbilə qrupdan uzaqlaşdırıldı. Lakin 1980-ci ildə “Blizzard of Ozz” albomu ilə başlanan solo karyerası ona daha da böyük şöhrət gətirdi. Eyni zamanda musiqisində satanizmi təbliğ etmək və intihara çağırış ittihamları ilə qalmaqallara səbəb oldu.

1996-cı ildə həyat yoldaşı Şeron Osborn ilə birlikdə “Ozzfest” adlı rok festivalını təsis etdi. 2002-ci ildə isə MTV kanalında yayımlanan “The Osbournes” realiti-şousu ilə televiziyada yeni dövrün başlanğıcına səbəb oldu.

Böyük uğurlarına baxmayaraq, onun həyatı davamlı qalmaqallar, hüquqi və sağlamlıq problemləri ilə müşayiət olunub. 1989-cu ildə narkotik təsiri altında həyat yoldaşına hücum etmiş, sonradan reabilitasiya kursu keçmişdi. Son illərdə keçirdiyi qəzalar və əməliyyatların ağır fəsadlarından əziyyət çəkirdi. 2023-cü ildə o, o qədər çox əməliyyat keçirdiyini və bunun artıq bərbərə getmək kimi adi hal aldığını bildirmişdi:

“Artıq bacarmıram. Bəsdir,” – demişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə