Füzuli – Qələbənin Simvolu

Füzuli şəhərinin işğaldan azad edilməsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində ən parlaq səhifələrdən birini təşkil edir. Bu şəhərin azad olunması təkcə hərbi qələbə deyil, həm də xalqın 30 ilə yaxın davam edən həsrətinə son qoyan, milli qürur və birliyin təcəssümü olan tarixi hadisədir. Füzuli bu gün dirçəlişin, yenilənmənin və qələbənin simvoluna çevrilib.

1993-cü ildə Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Füzuli rayonu işğal olundu. Minlərlə sakin doğma torpağını tərk etməyə məcbur qaldı, şəhər tamamilə dağıdıldı. Ev-eşiksiz qalan füzulililər illərlə doğma yurdlarına qayıdacaqları günü gözlədilər. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu bir-birinin ardınca strateji əraziləri azad edirdi. Cəbhənin cənub istiqamətində gedən döyüşlərdə Füzuli rayonunun azad edilməsi böyük strateji əhəmiyyət daşıyırdı. Burada yerləşən möhkəmləndirilmiş erməni müdafiə xətləri illərlə qurulmuşdu. Lakin Azərbaycan əsgəri yüksək peşəkarlıq, iradə və qəhrəmanlıq göstərərək bu sədləri yardı. 2020-ci il oktyabrın 17-də Prezident İlham Əliyev xalqa müraciət edərək, tarixi xəbəri elan etdi: “Bu gün Azərbaycan Ordusu Füzuli şəhərini işğaldan azad etdi! Füzuli bizimdir! Qarabağ Azərbaycandır!” Bu sözlər bütün ölkə üzrə böyük coşğu ilə qarşılandı. Həmin gün Füzuli artıq təkcə bir şəhər deyil, Azərbaycan xalqının qürur və zəfər rəmzi oldu. Füzulinin azadlığı böyük igidlik və fədakarlıq bahasına qazanılıb. Döyüşlərdə çoxsaylı əsgər və zabitlərimiz şəhid olub. Onların qəhrəmanlığı sayəsində bu torpaqlar yenidən Vətənə qovuşdu. Azərbaycan xalqı bu gün həmin igid oğulların xatirəsini dərin hörmət və minnətdarlıqla anır. 2023-cü il avqustun 18-dən etibarən Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanıb və bu proses artan templə davam edir. İlkin mərhələdə 144 ailə köçürülüb. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində çətin şəraitdə yaşayan ailələrdir. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı 2024-cü il yanvarın 24-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb.

Bu günədək Füzuliyə 3141 nəfər köçürülüb. Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı 2026-cı ilin sonunda 22 min keçmiş məcburi köçkün Füzuli rayonuna qayıdacaq. Bütövlükdə isə hədəf nəzərdə tutulan vaxtadək 140 min keçmiş məcburi köçkünün qayıdışını təmin etməkdir. Bu gün Füzuli təkcə bərpa olunan bir şəhər deyil, həm də Azərbaycanın gücünün, iradəsinin və birliyinin simvoludur. O, 30 illik həsrətin sona çatmasının, ədalətin bərpasının və sülhə doğru atılan inamlı addımların təcəssümüdür. Artıq Füzuli adını yalnız müharibə ilə deyil, inkişaf, yenilik və quruculuqla birgə eşidirik. Şəhərin azad edilməsi ilə başlayan bu yeni mərhələ Azərbaycanın gələcək nəsillərinə sülh, rifah və qürur dolu bir tarix miras qoyur.

Abil Ağasəfov

YAP Qəbələ rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə