Bayden “genosid” deyəcək, sorosçu təşkilatlar ölkəmizdə "işləməyə" davam edəcək? ANALİTİK + ARAŞDIRMA

Beləliklə, gözlənilən olay baş verdi və əslində, heç bir real fəaliyyət planı olmayan baş sorosçu, sahib(lər)inin tapşırığını yerinə yetirdi və “genosid” ifadəsini səsləndirdi. Bununla da, həm siyasi meydanda həm döyüş meydanında Azərbaycan-Türk birliyinə məğlub olaraq, amerikan-erməni birliyi bizlərə dil uzatdı və əslində, bununla da Türk birliyi qarşısında öz acizliyini nümayiş etdirdi. Fəqət, bizlər də bu hiddət doğuran məsələnin üzərindən sadəcə “mövzu gündəmdən çıxdı”, ya da “olan-oldu, keçən-keçdi” deyərək, keçməli deyilik – sona qədər, mövcud olan faktlarla ifşaları ortaya qoymalıyıq.

Bu məqmda diqqət çəkən daha bir məsələ isə bu oldu ki, Bayden özündə cürət tapıb heç bunu açıq şəkildə də ifadə etmədi, sadəcə, administrasiyasının “firmennı blankında” yazı paylaşdı. Belə görünür ki, Co sabah da qayıdıb deyə bilər ki, qoca kişiyəm, nə bilim nə yazıblar, xəbərim olmayıb, lap bizim bəzi məmurlarımız kimi... Amma hələ ki, uşaq kimi sevinir. Bayden ermənilərə deyir: “Gördünüz neylədim..?”.

Və buradan bir haşiyəyə çıxaraq növbəti maraqlı faktı xatırlatmaq yerinə düşərdi.

Eynşteyn özünün 1951-ci ildə çəkilən bəlkə də ən məşhur şəklini fotoqraf Artur Sassa öz imzası ilə təqdim edəndə qeyd etmişdi: “...Bu jest bütün dünya üçün nəzərdə tutulub. Mülki şəxslər diplomatların özlərinə rəva bilmədiklərini edə bilir...”

Nə deyək, Allah sənə rəhmət eləsin ay Eynşteyn, yaxşı ki, sən dünyanın guya ən böyük diplomatı olmalı şəxsin olmayan “genosidi” tanımaqla “bütün dünyaya göstərdiyi dilinin” şahidi olmadın!

Bayden isə bu dili yalnız Türkiyəyə deyil, həm də minlərlə oğul və qızlarını itirən Azərbaycan xalqına da göstərdi. Minlərlə övladını itirən bir xalqın düşmənini dil göstərməklə dəstəkləmək nə siyasətə nə isə ümumbəşəri mənəvi prinsiplərə, dəyərlərə cavab vermir. Amma hamımızın uşaqlıqdan bildiyimiz məşhur bir deyim var: “Dostunu mənə göstər, sənin kim olduğunu deyim”. Bunların dostu isə ermənilərdir: terrorizmi dövlət səviyyəsinə qaldıranlar, özlərinin xəstə təxəyyülünün məhsulu olan “Dənizdən-dənizə böyük Ermənistan” naminə minlərlə gəncin həyatına son qoyan və kökü, soyu bilinməyən bir köçəri tayfa!

USAİD nəyə görə ölkədən çıxarılmalıdır?

Burada ən ciddi məqam həm də odur ki, əgər əvvəllər Konqres genosidlə, yaxud istənilən anti-Türk məqsədli qərarlar, qətnamələr qəbul edəndə, Dovlət Departamenti və onun bütün qurumları, məsələn səfirlik və yaxud USAİD sudan quru cıxaraq deyirdi ki, biz icra orqanıyıq, lakin Konqres qanunverici orqandır, yəni biz onların qərarlarına gorə məsuliyyət daşımırıq. İndi isə artıq hər şey ortadadır. ABS-ın icra orqanının rəhbəri, ölkə başçısı, rəsmi şəxs olaraq "genosidi" qəbul etdi. Yəni Dövlət Departamentinə aid bütün qurumlar bu gündən sonra bu siyasi xətti dəstəkləməyə borcludurlar. Bir sözlə, Dovlət Departamenti bütün Türk dünyasını, o cümlədən Azərbaycanı rəsmi və ya qeyri-rəsmi olaraq özünə düşmən elan etdi. Bizim isə cavabımız adekvat olmalıdır və qəti şəkildə gecikməməlidir-bütün Amerika təşkilatları, USAİD basda olmaqla, dərhal ölkədən çıxarılmalıdırlar.

Bu arada, USAİD-lə bağlı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin öz "Twitter" hesabında yazdığı bir məqamı da xatırlatmaq yerinə düşərdi. SİTAT: “Samanta Pauer bir tərəfdən Azərbaycan xalqına qarşı Xocalı soyqırımını və digər vəhşilikləri törədən müharibə cinayətkarı Serj Sarkisyanın tərəfini tutur, digər tərəfdən qondarma "erməni soyqırımı"nın tanınmasına çağırır. Burada bir şey digərinə ziddir. Ümid edirik ki, S.Pauer USAİD (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) direktoru olaraq bu məsələni erməni təbliğatı məqsədləri üçün istifadə etməyəcək”. Buyurun, bu da rəsmi münasibət! Daha dəqiq desək, artıq Azərbaycan tərəfi ermənipərəstlikləri sübut olunan Amerika qurumlarına sərt və qəti xəbərdarlığını edib və əlbəttə ki, bu da davamlı xaraker alacaq!

Yuxarıda da qeyd etdiyimiz kimi, Co Baydenin dostu, ağası və sahibi, yəni daydayı olan şəxs dünya dövlətlərinin qəniminə çevrilmiş Corc Sorosdur. Artıq dəfələrlə sübuta yetirilib ki, bu adamın burnunu soxmadığı ölkə qalmayıb. Bu fırıldaqçı vaxtılə maxinasiyalar hesabına böyük kapital toplayıb indi də o milyardları ilə müstəqil siyasət yürütməyə çalışan dövlətləri məhv etməyə çalışır. Və o bu məqsədlər üçün həm müxtəlif dövlətlərin yardım fondlarından, habelə özünün vaxtı ilə yaratdığı çoxsaylı qeyri-hökumət təşkilatlarından istifadə edir. Və biz SİA olaraq bu haqda geniş məlumat vermişdik. Amma bizim ortaya fakt olaraq qoyduğumuz bir neçə yazımıza baxmayaraq, Corc Sorosun yaratdığı təşkilatlardan biri bu gün də Azrəbaycanda qanunsuz olaraq qalıb fəaliyyət göstərməsi ciddi suallar yaradır. Necə olur ki, Sorosla bağlı demək olar ki, bir çox təşkilatlar ölkəmizdən hələ 2014-cü ildən qovulur, lakin Şəqrq-Qərb İdarəetmə İnstitutu adlı bir təşkilat isə 10 ilə yaxındır ki, Azərbaycanda, özü də rəsmi qeydiyyatdan keçmədən fəaliyyətini davam etdirir. Qısacası, bu təşkilatın ətrafındakı müəmmalar haqqında məlumatları xatırladaq.

USAİD birtərəfli olaraq Azərbaycan hökumətinin iştirakı olmadan SEDA layihəsinin icraçısı kimi məhz Sorosun (!) təsis etdiyi “Şərq Qərb İdarəetmə İnstitutunu” müəyyən edir

Beləliklə, 1988 –ci ildə Soros tərəfindən təsis olunan “Şərq-Qərb İdarəetmə İnstitutu” (ŞQİİ) adlı təşkilat hələ 2004-2006-cı illərdə digər qalmaqallı təşkilat kimi tanınan “Beynəlxalq Xilasetmə Komitəsi” adlı bir qurum vasitəsi ilə ölkəmizdə qısa müddətli layihə icra etməklə burdakı vəziyyəti təhlil etmiş və növbəti illərdə yeni layihələrlə gəlmək planları hazırlamışdır və bu təşkilat 7 aprel 2009-cu ildə Azərbaycanla ABŞ hökumətləri arasında “Amerika Birləşmiş Ştatların Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında “Azərbaycanda Seçilmiş Amerika Hökuməti Yardım Proqramlarının Birgə Maliyyələşdirilməsi üzrə Anlaşma Memorandum”u imzalandıqdan sonra fəallaşır. Sözügedən saziş çərçivəsində ölkələr ümumi məbləği 45 milyon ABŞ dolları həcmində vəsaiti dörd müxtəlif layihənin maliyyələşməsi üzrə razılığa gəlirlər ki, bu məbləğin də 20,7 milyon ABŞ dollarını Azərbaycan hökuməti USAİD-in hesabına köçürmüşdür. Dörd layihədən biri kimi “Regional Sosial İqtisadi İnkişaf Proqramı” (SEDA) adlı layihənin icrası da nəzərdə tutulurdu. Belə ki, bu proqram çərçivəsində bildirilir: SİTAT: “USAİD təfsilatlı regional sosial-iqtisadi inkişaf strategiyası və proqramının hazırlanması və icrasına dəstək göstərəcəkdir.”

Lakin layihəni “udan” (həm qalib həm də vəsaitləri mənimsəmək baxımından) ŞQİİ onu tam başqa istiqamətdə yönəltmək cəhdində bulunub.

Onları mərhələli qaydada təqdim edirik:

1. Bu layihənin büdcəsi hər tərəfin bərabər töhfəsi olmaqla 14.4 milyon ABŞ dolları məbləğində müəyyən edilib. Halbuki, razılaşmaya əsasən, hər dörd layihəni icra edəcək təşkilatların seçimini tərəflər birgə aparmalı idi. Yəni meydana çıxan fakt budur - USAİD birtərəfli olaraq Azərbaycan hökumətinin iştirakı olmadan SEDA layihəsinin icraçısı kimi məhz Sorosun (!) təsis etdiyi “Şərq Qərb İdarəetmə İnstitutunu” müəyyən edir.

2. ŞQİİ tərəfindən layihənin bu qurumun Nyu-Yorkdakı ofisindən əlaqələndirici kimi qalmaqallı sorosçu Delina Fico təyin edilir. Bu qadın cisminə geyinmiş Sorosçu iblis haqqında biz artıq ətraflı yazmışdıq (https://sia.az/az/news/politics/856643.html ). Delina Fico layihənin bütün büdcəsinə nəzarət edir və məsafədən layihənin icrasına mütəmadi müdaxilə edir.

3. USAİD tərəfindən layihənin Sorosla bağlı təşkilata verilməsi Azərbaycan hökumətini hiddətləndirir və həm layihəni, həm də layihənin icraçısı olan ŞQİİ-ni qeydiyyata almaqdan imtina edir. Təşkilat isə bu qərarı saymayaraq bu günə qədər ədliyyə nazirliyində qeydiyyatdan keçmədən fəaliyyət göstərir.

4. İkitərəfli memorandumda qeyd olunan əsas məqsədlərə rəğmən, ŞQİİ layihənin məqsədlərin tam dəyişərək layihəni 3 komponentə bölərək, regional inkişaf məqsədlərindən uzaq fəaliyyətlər həyata keçirməyə cəhdlər edir.

5. 2016-cı ildə İkitərəfli memorandumun müddəti bitir, lakin layihəni ŞQİİ-ni Azərbaycanda qoruyub saxlamaqdan ötrü , USAİD layihəyə əlavə olaraq 8 milyon ABŞ dolları ayırır, və beləliklə, Sorosun təşkilatına Azərbaycan hökumətində töhfəsi daxil olmaqla ümumilikdə təxminən 22 milyon ABŞ dolları məbləğində vəsait faktiki olaraq hədiyyə edilir.

6. Xüsusi qeyd etmək lazımdır ki, USAİD-in layihələri üzrə icraçı təşkilatlar müəyyən faizlə gəlir əldə edirlər. Həmin vəsaitin məbləği “Qeyri-müstəqim Xərclərin dərəcəsi üzrə Saziş” (NEGOTIATED INDIRECT COST RATE AGREEMENT(NICRA)) adlı sənədlə müəyyən edilir. Maraqlısı isə budur ki, ŞQİİ-nin belə saziş üzrə gəlir dərəcəsi ağlasığmaz - 29% səviyyəsində müəyyən edilmişdir. Halbuki ümumi qayda olaraq beynəlxalq təcrübədə analoji QHT-lər və layihələr üçün bu dərəcələr 15% civarında olur. Bu, o deməkdir ki, ŞQİİ və yaxud dolayisi ilə Soros, bu layihədən sırf gəlir kimi 6 milyon ABŞ dollarından çox məbləğdə gəlir əldə etmişdir. Bundan əlavə Delina Fico başda olmaqla ŞQİİ-nin baş ofisinin bir neçə əməkdaşı baş ofis tərəfindən yuxarıdakı məbləği mənimsədildiyi nə baxmayaraq, yenə də yüksək məvaciblərlə layihənin büdcəsinə daxil edilir.

7. Layihə çərçivəsində faktiki olaraq heç bir əməli fəaliyyət göstərmədən, Delina Fico, layihə üçün yalnız başağrısı və problemlər yaratmaqla məşğul olaraq, hər ay təxminən 12 min ABŞ (!) dolları məbləğində əməkhaqqı alır (?!) Kobud desək, evində otura-otura. Layihənin davam etdiyi 10 il ərzində isə bu təxminən 1,5 milyon ABŞ dolları edir (!).

8. Bundan əlavə, ŞQİİ-u Azərbaycanın dövlət büdcəsindən 7 milyon dollar ayrılan proqramda ilkin sazişdə nəzərdə tutulduğu 162 infrastruktur layihə əvəzinə cəmi 114 layihə icra etmişdir. Nəzərə alsaq ki, hər layihənin orta hesabla dəyəri 20 min ABŞ dollarıdır, burda söhbət əlavə olaraq təxminən 960,000 ABŞ doları məbləğində vəsaitin “itməsindən” gedir.

9. Üstəlik, SEDA çərçivəsində 91 kəndə “vətəndaş iştirakçılığı” üzrə layihələrə hər biri ən azı 5,000 ABŞ dolları qrantlar verməli idi ki, ŞQİİ cəmi 6 qrant vermişdi, bu da yenə də əlavə olaraq 85 layihə üzrə 425,000 ABŞ dolları təşkil edir.

10. Amma ŞQİİ layihə çərçivəsində törətdiyi ən böyük fırıldaq bütün digər fırıldaqları kölgədə qoyur. Fırıldaq nədən ibarət idi? Layihənin əsas fəaliyyəti istiqaməti üzrə komponenti üzrə ŞQİİ Azərbaycanın ehtiyacı olan kənd yerlərində kiçik miqyaslı infrastruktur layihələr həyata keçirirdi. Və ŞQİİ belə layihələrin icrası üçün müraciət edən kəndlərdən icra olunacaq layihənin ümumi məbləğinin 25% töhfə kimi ödəməklərini tələb edirdi, şərt qoyurdu. Araşdırmamız nəticəsində məlum olub ki, məhz kasıb kəndlilərin topladığı töhfələr hesabına, ŞQİİ layihə üzrə öz öhdəliklərini yerinə yetirirmiş. Belə ki USAİD ilə ŞQİİ arasında layihə üzrə imzalanmış müqaviləyə əsasən icraçı (yəni ŞQİİ) proqramın icra olunmasına 1,459,326 ABŞ dolları məbləğindən az olmayan həcmdə vəsaiti proqramın icrasına töhfə verməyi öz üzərinə götürür.

10. Hətta yeni koronavirus pandemiyası belə, ŞQİİ və Delina Ficonun maddiyyat qazanmaları yönündəki qanunsusluq azğınlıqlarına son qoymadı. Onlar bu vəziyyətdən də öz qurama “kreativlikləri” sayəsində faydalanmağa macal tapdılar və şübhəsiz ki, bütün tədbirlər həmişəki kimi sırf gəlir əldə etməyə yönəlmişdir. Pandemiyanı bəhanə gətirərək ŞQİİ birinci növbədə bu il ərzində icra etməli layihələrin sayını 36-dan 30-a endirərək ən azı 120,000 ABŞ dolları məbləğində vəsaitə “qənaət” edib, kobud ifadə etsək, həmin məbləği də həzm-rabeəsindən keçirib.

11. Beləliklə, ŞQİİ-ni bütün fırıldaqları nəticəsində bu təşkilat 22 milyonluq layihənin ümumilikdə təxminən 10,5 milyon ABŞ dollarında vəsaiti mənimsəyib. Nəzərə alsaq ki, layihə müddətində manatın kursu iki dəfə dəyişib, o halda büdcəsi dollarla olan bu təşkilatın real qazanclarının miqyası haqqında gözəl təsəvvür yaratmaq olar. Ən əsası, mənimsəmələr əsasən, bilavasitə 2011-2016-cı illərdə baş vermişdir, yəni Azərbaycan hökumətinin vəsaiti xərclənən dövrdə.

12. Delina Fico layihənin yalnız birinci komponenti, yəni Azərbaycan hökumətini qane edən fəaliyyətin qalmasından çox narazı idi və 2018-ci ildə layihənin növbəti dəfə uzadılması məsələsi gündəmə gələndə həm USAİD-in həmdə hökumətin qarşısında müxtəlif şərtlər qoymağa çalışırdı. Onun əsas tələbi mütləq halda hər hansı bir “Soros sayağı” “ictimai” fəaliyyətlərin layihəyə daxil edilməsi idi. Delina Fico tərəfdaşları hətta əks təqdirdə layihənin bağlanması ilə hədələyirdi. Lakin blef alınmadı və onun şərtləri qəbul edilmədi.

13. ŞQİİ mütəmadi olaraq külli vəsaitlər müqabilində ölkəyə xarici vətəndaşları ekspert qismində dəvət edir və onlar Azərbaycanda turist vizaları əsasında daxil olurlar, fəaliyyətlərini də həmin statusda aparırlar və faktiki olaraq əmək qanunvericiliyini pozurlar. Bundan əlavə, həmin şəxslər burada faktiki əmək fəaliyyətləri ilə məşğul olmalarını rəsmi bəyan etməməklə əmək fəaliyyəti üçün icazələr üzrə nəzərdə tutulmuş rüsumları ödəmir, bu da büdcənin “itirilmiş gəlirlərinə” aid edilə bilər.

Həmin şəxslər 3 aydan bir ölkəni ya Rusiya, ya da Gürcüstan istiqamətindən tərk edib yenidən ölkəyə daxil olurlar. Şübhəsiz ki, həm bu ekspertlərə həm də onların viza macəralarına xərclənən vəsaitləri daha da səmərəli istifadə etmək olardı. Amma görünür ki, həmin şəxslərin ölkəyə gətirilməsində gerçək məqsədlər iddia olunanlardan fərqlidir, yəni daha dəqiq desək, qaranlıqdır. Belə ki, hazırda ölkəmizdə bütün sahələr üzrə son dərəcə savadlı kadrlar mövcuddur və xaricdən bu sayda bahalı “ekspert” gətirməyə lüzum yoxdur. Hazırda da ölkədə bu “əsaslarla” fəaliyyət göstərən ekspertlər vardır.

14. ŞQİİ-nin digər qanunsuz fəaliyyəti özbaşına olaraq tenderlər keçirilməsidir. Maraqlıdır, qeydiyyatda olmayan bu qurum hansı əsaslarla ölkədə tenderlər keçirir?! Əslində, tender komissiyasının sədrinin artıq yaxşı tanıdığımız Delina Ficonun olması artıq özü-özüyündə bu sualın cavabını bütün çılpqalığı ilə göstərir!

Mühüm qeyd: Azərbaycan Respublikasının 11 fevral 1997-ci il tarixli 247-IQ saylı Tenderlər Haqqında Qanunun 1-ci maddəsinə əsasən : “tender keçirən” — Azərbaycan Respublikası adından və ya öz adından tender hazırlayan, elan edən, keçirən və nəticəsi üzrə müəyyən öhdəlikləri yerinə yetirən, yaxud bunları (tenderin nəticəsi üzrə öhdəliklər götürərək icra etməkdən başqa) müqavilə əsasında hər hansı bir icraçıya həvalə edən hüquqi şəxsdir.”

Yəni ŞQİİ ölkədə hüquqi şəxs kimi qeydiyyatdan keçmədən, ümumiyyətlə, hər hansı bir tender keçirə bilməz. Tenderin keçirilməsi prosedurları isə ümumiyyətlə qanunun bir çox maddəsini pozur.

15. Tenderə çıxarılan infrastruktur layihələri isə ŞQİİ mühəndislik fəaliyyətinə rəsmi icazəsi-lisenziyası olmayan mühəndisləri tərəfindən hazırlanır ki, bu da bir başqa qanun pozuntusudur. Üstəlik, qeyri-peşəkar hazırlanmış mürəkkəb layihələrin icrası təhlükəsizlik baxımından da böyük suallar yaradır. Və layihənin icrası müddətində bununla bağlı bir sıra ciddi problemlər yaranmış və hətta USAİD bir müddət ŞQİİ layihələrin icrasını dayandırmağı tapşırmışdır.

16. Layihə hazırda kifayət qədər həssas regionlarda, yəni Rusiya və İranla sərhədlərdə fəaliyyət göstərir. Və əldə etdiyimiz məlumatlara görə bu regionlarda ŞQİİ fəaliyyətlərinə başlamaq üçün USAİD-dən əlavə vəsait almaq üçün Delina Fico eyniliklə Avropa İttifaqı ilə yönəldilməli olduğu siyasətdən və təhdiddən istifadə etmişdir. Bu haqda biz əvvəllər yazmışdıq. Delina Fico avropalıları belə qorxutmağı təklif etmişdi: “Siz bilirsiz ki, biz insanlarla onlar başa düşən dildə danışmalıyıq. Və Qərbi Balkan ölkələrinə gəldikdə əksər xarici diplomatların başa düşdüyü dil çox sadədir: Rusiya təsiri, potensial etnik-arası münaqişələr, zorakı ekstremizm və artan miqrasiya səviyyəsi...”

Əldə etdiyimiz məlumatlara görə, SEDA layihəsinin 2016-cı ildə sonra məhz İran və Rusiya ilə sərhəd rayonlarnda fəaliyyətə başlaması üçün Delina Fico tam eyni təhdid və arqumentlərdən istifadə etmişdi: Rusiya və İran tərəfindən təsirin qarşısının alınması, zorakı ekstremizm məsələləri, və həmin regiondan miqrasiya axınlarının qarşısının alınması. Xatırladaq ki, hazırda SEDA Şimal və Şimal Qərbdə Balakən, Qax, Zaqatala, Quba, Qusar, Xaçmaz, rayonlarda və cənubda Lerik, Yardımlı və Astarada fəaliyyət göstərir. Görəsən Sorosla bağlı təşkilatların sərhədyanı regionallarda fəaliyyət göstərməsi nə dərəcədə məqsədəuyğundur?

17. İndi isə Deina Fico müxtəlif variantlara əl atır ki, USAİD-in yeni layihələrinə “girişə” bilsin, azad olunmuş ərazilərə “daxil” olsun. O təbliğat üçün sərəncamına keçən layihənin Facebook səhifəsindən də fəal istifadə edir və manipulyasiya edir. Əldə etdiyimiz məlumatlara görə Delina Fico yeni layihələrə qoşulmaq üçün hətta artıq USAİD-in nümayəndələri ilə ilkin razılıq da əldə edib ki, yeni layihəyə özü və özünün formalaşdırdığı komanda ilə “müdaxilə” etsin və Sorosun tapşırıqlarını yerinə yetirsin. Bu məqsədlə yeni komandaya əvvəllər Sorosla bağlı layihələrdə və təşkilatlarda işləmiş şəxsləri cəlb etmək niyyətindədir. Amma qondarma genosidin tanınması və qatı Antiturk Samanta Pouerin USAİD-in rəhbəri təyin olunması USAİD-in özünün ölkədən çıxarılması ilə nəticələnə bilər. Odur ki, Ficonun planları baş tutmayacaq!

18. ŞQİİ-u hökumət tərəfindən qeydiyyata alınmamasının yarandığı vəziyyətdən də məharətlə yayınır və hətta sui-istifadə edir və bəhrələnir. Belə ki, ŞQİİ bütün fəaliyyətlərini birbaşa özünün Nyu-York ofisindən həyata keçirir, bütün büdcə resurslarını oradan idarə edir, fəaliyyəti ilə bağlı bütün müqavilələr orda imzalanır və bütün müqavilələrdə “mübahisələrin” məhz Nyu-York məhkəmələrndə baxılması nəzərdə tutulur ki, bu da bütün yerli tərəfdaşları faktiki olaraq bu təşkilatdan tam asılı vəziyyətə salır. Yəni icraçı təşkilatlardan biri vəsaitin köçürülmədiyindən narazılığını bildirdikdə, ona deyilmişdir ki, Nyu-York məhkəməsinə müraciət etsin. Amma bir sözlə desək, ŞQİİ qeydiyyata alınmadığına görə, Azərbaycan vətəndaşlarından bu formada necə deyərlər, “acığını” çıxır, özü də buna görə heç bir məsuliyyət daşımır! Üstəlik, layihənin bilavasitə ABŞ-dan idarə olunması vergidən yayınmalar üçün şərait yaradır və bunun üçün nəzərdə tutulan vəsaitlərin mənimsənilməsinə şərait yaradır. Məsələn ŞQİİ bütün işçiləri fərdi sahibkar kimi işə götürür və nəticədə sosial ayırmalardan boyun qaçırır. Halbuki, ŞQİİ rahatlıqla yerli partnyor təşkilat taparaq onun vasitəsi ilə bütün fəaliyyətlərini qanun çərçivəsində idarə edə bilərdi. Aydın məsələdir, bu kimi “fərqli” niyyətləri olan ŞQİİ üçün məqbul variant sayıla bilməz.

19. Bundan əlavə Delina Fico əvvəllər SEDA-da ona yaxın olmuş və nəzarətində fəaliyyət göstərmiş şəxsləri digər mərkəzi və yerli icra hakimiyyəti orqanlarında həm də digər şirkətlərdə işə düzəlməkdə bulunur, ünsiyyətdə olduğu bəzi dövlət məmurlarını müxtəlif mükafatlar və ya digər növ ödənişlər təklif etməklə özünə dəstək yaratmaqla məşğuldur, bu da Sorosun “şəbəkələnmə” taktikasının əsas elementidir.

Beləliklə, yuxarıda ŞQİİ törətdiyi pozuntuların bir qismini qeyd etdik. İndi isə ŞQİİ fəaliyyətini əhatə edən əsas müəmmalar haqqında bir neçə faktı diqqətinizə çatdırmaq istərdik:

*** ŞQİİ Azərbaycanda 10 ilə (!) yaxındır ki, tam qanunsuz, yəni Ədliyyə Nazirliyində qeydiyyatdan keçmədən fəaliyyət göstərir. Sonuncu dəfə qeydiyyatdan imtina haqqında qərar Ədliyyə Nazirliyi tərəfindən 5 oktyabr 2020-ci il tarixində göndərilmişdir. Heç SEDA layihəsi üzrə qrant belə qeydiyyatdan keçməyib.

*** ŞQİİ-nin fəaliyyətini əhatə edən ikitərəfli memorandumun müddəti 2016-ci ildə bitdiyinə baxmayaraq, naməlum səbəblərdən ŞQİİ hələ də (?) ölkədədir.

*** Ölkəmizdə fəaliyyət göstərən QHT-lərin nəzarətə götürüldüyü 2014-cü ildə ŞQİİ-in icra etdiyi SEDA layihəsi üzrə əsas nəzarətçi olan “İqtisadiyyat və Sənaye Nazirliyi (nazirliyin 2014-cü il üçün hesabatından sitat) sözügedən layihələrin davam etdirilməsinə birtərəfli qaydada xitam verib. Həmin sitatı xatırladırıq: “...Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) layihəsinin həyata keçirilməsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Prezident Administrasiyasına məktub ünvanlanmışdır…”. Lakin bu müraciət cavabsız qalmışdır...

*** Ədliyyə Nazirliyinin ŞQİİ qeydiyyata alınması ilə bağlı müraciətinə məhz İqtisadiyat Nazirliyi tərəfindən mənfi rəy daxil olduğu üçün ŞQİİ hazırda da ölkədə qeydiyyata alınmadan yəni faktiki qanunsuz fəaliyyət göstərir. Lakin, ŞQİİ qanunsuz fəaliyyətlərini hamısında və bütün elan və digər sənədlərində xüsusi vurğulayır ki, guya layihə İqtisadiyyat Nazirliyi ilə birlikdə həyata keçirilir, halbuki, bu layihə üzrə və ümumiyyətlə, ŞQİİ və İqtisadiyyat nazirliyi arasında heç bir hüquqi və yaxud digər anlaşma heç vaxt olmayıb və ola da bilməz. Layihəyə dair istənilən fəaliyyətlərlə bağlı yazışmaları İqtisadiyyat Nazirliyi birbaşa USAİD-lə aparır. Amma indi aydındır ki, son hadisələr nəticəsində USAİD ölkədən çıxarılacaqdır və bu kimi yazışmalara onsuz da son qoyulacaqdır.

***

Qeydiyyatdan imtina olunmasına baxmayaraq, Delina Fico öz fəaliyyətlərini davam edir və aidiyyəti qurumlarla yazışmalar aparır və artıq tam özbaşına Corc Sorosun tapşırıqlarını gerçəkləşdirməyə çalışır. Belə fəaliyyətin arxasında dayanan məqsədlərin, məramların daha təfsilatla araşdırılmasına qədər isə təkcə ortaya qoyulan faktlar müqabilində nəticələr çıxarmaq kifayət edir.

Yuxarıdakı müəmmaların yaratdığı sual isə budur ki, ŞQİİ hansı əsaslarla hələ də ölkəmizdə fəaliyyətini davam edir? Kim onlara ixtiyar verib ki, İqtisadiyyat Nazirliyinin rəsmi adından və atributlarından öz fəaliyyətində qanunsuz və icazəsiz istifadə etsin? Ədliyyə Nazirliyinin ŞQİİ həm də onun icra etdiyi layihənin qeydiyyatdan keçməməsini araşdırmalıdır. Ümumiyyətlə, ŞQİİ-nin Azərbaycandakı qeyri-qanuni fəaliyyətində hansı dairələr maraqlıdır? Qeyd edək ki, SİA-da bununla da bağlı müəyyən sensasiyalı məlumatlar yayılaraq ictimailəşdirilmişdi və biz hazırda o faktların daha dərindən dəqiqləşdirilməsi prosesindəyik və ümid edirik ki, qısa bir zamanda ictimaiyyəti növbəti məlumatlarla təmin edəcəyik. Lakin hər şeyə rəğmən, bir mühüm məqam artıq aydındır ki, ŞQİİ ölkəmizdəki fəaliyyətini dərhal dayandırılmalı və bu təşkilat, eləcə də onun buradakı emissarları, missionerləri, ümumiyyətlə isə, havadarları ölkədən qovulmalıdırlar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə