Düşmənlə üz-üzə dayanan Əlibəylidə bayram necə keçir? - FOTOSLAYD

Düşmənlə üz-üzə dayanan Əlibəylidə bayram necə keçir? - FOTOSLAYD

Bayram günlərində Tovuzun cəbhəyanı kəndlərində atəş səsləri eşidilir. Ermənistanın 4 kəndinin əhatəsində olan Əlibəyli bu günlərdə demək olar ki, hər axşam silah səslərinin şahidi olur. Əhalini qorxutmağa çalışan Ermənistan ordusu bayramda belə öz məkirli niyyətindən əl çəkmir.

 

SİA-nın bölgə müxbiri xəbər verir ki, sonuncu dəfə ilaxır çərşənbədən bir gün öncə  Əlibəyli kəndi iri çaplı silahlardan atəşə tutulub. Yenə dinc əhali, evlər hədəf götürülüb. Evlərin dam örtükləri güllə yağışından yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən hərbiçilərimiz və dinc əhali arasında xəsarət alan olmayıb.

 

Vətəndaşların sözlərinə görə, prezidentlərin Soçi görüşündən sonra düşmən qüvvələri xüsusilə fəllaşıb. "Hər dəfə prezidentlərin görüşündən sonra ermənilər daha intensiv şəkildə atəşkəsi pozur. Silah səsləri demək olar ki, səngimir. Cəbhədə müharibə ab-havası yaşanır", Əlibəyli kənd sakini Məhərrəm Qasımov bildirir.

 

Bütün çətinliklərə baxmayraq, Əlibəylidə əhali həyatı öz axarı ilə yaşamaqdadır. Qorxusuz kənddə Novruz şənlikləri  keçirilir. Balacalar papaq atır, böyüklərdən xeyir-dua alır, bayram tonqalından atlanırlar. 

 

Xüsusi olaraq onu qeyd edək ki, burada bayram ölkəmizin digər regionlarından bir qədər fərqli qeyd olunmaqdadır. Novruz tonqalı hava qaralmadan öncə qalanır.  Səbəb aydındır. Düşmən gülləsinə tuş gəlməmək üçün. Çünki gecələr işıq gələn ərazilər güllə yağışına tutulur.

"Bütün çətinliklərə baxmayraq, biz burada yaşayıb, yaradırıq. Hər bir kənd sakini Ali baş komandan İlham Əliyevin hücum əmrini gözləyir. Əhalinin əhval-ruhiyyəsi olduqca yüksəkdir",  kənd sakini Hüseyn Həsənov əlavə edir.


Qeyd edək ki, Əlibəyli Azərbaycanın düşmən mövqeləri ilə təmasda olan ən yaxın kəndlərindəndir. Milli ordumuzun mövqeləri ilə Ermənistan silahlı qüvvələri arasındakı məsafə 20-40 metrdir. Kəndlə erməni hərbiçilərinin postlarını isə cəmi 100 metrlik məsafə ayırır. Beləcə  bir bayram axşamı da cəbhə bölgəsində bu cür keçdi. Növbəti Novruzu Qarabağda keçirmək arzusu ilə Əlibəylidən ayrıldıq.

Bütün xəbərlər Facebook səhifəmizdə