“Müstəqillikdən Tarixi Zəfərə: Azərbaycanın Əbədi Azadlıq Salnaməsi” - TARİXÇİ

“Müstəqillikdən Tarixi Zəfərə: Azərbaycanın Əbədi Azadlıq Salnaməsi” - TARİXÇİ

"Keçən əsrin sonlarında Sovet İttifaqının süqutu nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə öz müstəqilliyini elan etdi". Bu sözləri SİA-ya açıqlamasında AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev deyib.

Onun sözlərinə görə, bu mənada, xalqımız yaranmış əlverişli tarixi şəraiti düzgün şəkildə dəyərləndirərək XX əsrdə ikinci parlaq qələbəsinə imza atdı:

"Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.

Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi.

Bir məsələni də xüsusilə qeyd etməkiyik ki, müstəqilliyi bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistanın ölkəmizə qarşı hücuma keçməsi və tarixi torpaqlarımızı işğal etməsi, digər tərəfdən dövlət rəhbərliyində olanların səriştəsizliyi, daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaradırdı.

Belə bir məqamda Azərbaycan xalqının tələb və dəvəti ilə 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və təhlükələri dəf etmək mümkün oldu. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan ardıcıl islahatlar həyata keçirməyə başlayaraq, qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi və bunun ardınca ölkə ən müxtəlif istiqamətlərdə inkişaf etdirildi.

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan qüdrətli Azərbaycan dövləti strategiyası Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Belə ki, ötən illər ərzində ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərə nail olub. Şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin başçılığı altında möhtəşəm Qələbə qazanaraq, işğal altında olan torpaqlarımız düşməndən azad etdi.

Bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün şəhər və rayonlarında dalğalanır. Böyük uğurlara imza ataraq tarixi Zəfər qazanan xalqımız bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir!"

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə