“Qələbə Azərbaycanın həyatında yeni mərhələnin başlanğıcıdır” - Bahar Muradova

“Qələbə Azərbaycanın həyatında yeni mərhələnin başlanğıcıdır” - Bahar Muradova

“Azərbaycan proseslərdə uğurlu həll yolları tapmaqla elə bir mövqe qazanıb ki, bu gün həm Cənubi Qafqazda, həm də Avropa və Asiya məkanında müxtəlif problemlərin həlli və proseslərin düzgün istiqamətə yönəldilməsi baxımından mühüm rol oynayır”.

Bu sözləri SİA-ya açıqlamasında Bahar Muradova deyib.

O bildirib ki, əldə olunan zəfər Azərbaycan, region və daha geniş mənada beynəlxalq münasibətlər baxımından əhəmiyyətli mərhələdir. Onun sözlərinə görə, bu qələbə hər bir xalqın öz taleyinin müəyyənləşdirilməsində iradə və qətiyyət nümayiş etdirə biləcəyini göstərib.

B.Muradova qeyd edib ki, Azərbaycan uzun illər ərzində qarşılaşdığı çətinliklərin həlli istiqamətində ardıcıl siyasət həyata keçirərək mühüm nəticələr əldə edib.

O vurğulayıb ki, dövlət rəhbərliyinin, xüsusilə Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasət və nümayiş etdirdiyi qətiyyət Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə təsir göstərən amillərdən biri olub.

B.Muradovanın sözlərinə görə, Azərbaycanın əldə etdiyi nəticələr beynəlxalq təşkilatların yanaşmalarının yenidən nəzərdən keçirilməsi ilə bağlı müzakirələrə səbəb olmaqla yanaşı, ayrı-ayrı dövlətlərin milli maraq və təhlükəsizlik məsələlərində müstəqil siyasət yürütməsinin mümkünlüyünü də göstərib.

“Əldə olunan zəfər Azərbaycanın həyatında yeni mərhələnin başlanğıcıdır. Qarşıda duran əsas vəzifə bu nəticələrin yaratdığı imkanlardan səmərəli istifadə etmək, ölkənin inkişaf tempini qorumaq və əldə olunan mövqeləri daha da möhkəmləndirməkdir”, - deyə o bildirib.

B.Muradova əlavə edib ki, Azərbaycan beynəlxalq əməkdaşlıq çərçivəsində digər xalqlara və dövlətlərə dəstəyini davam etdirə bilər. Onun sözlərinə görə, ölkənin inkişafını yüksələn xətlə davam etdirməsi, xalqın rifahı və firavanlığının daha da artırılması dövlətin davamlı inkişafına yönəlmiş siyasətin ardıcıl həyata keçirilməsindən asılıdır.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə