Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri rəşadətli Ordumuzun gücünün, qüdrətinin dünyaya təqdimatı oldu. Silahlı Qüvvələrimiz 2023-cü ilin 19-20 sentyabr tarixlərində növbəti dəfə üzərinə düşən missiyanı şərəflə yerinə yetirdi. Belə ki, Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Ordumuzun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb oldu. Lokal antiterror tədbirlərinin qısa zamanda, bir gün ərzində uğurla həyata keçirilməsi Ordumuzun peşəkarlığının, döyüş ruhunun, hər bir hədəfə uğurla nail olmaq səylərinin göstəricisidir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü il sentyabr ayının 20-də xalqa müraciətində bu mühüm məqamı xüsusi qeyd etdi ki, ağır relyef, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və işğalçı dövlətin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edildi. Hərbi texnika sıradan çıxarıldı.
Antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Azərbaycan hər zaman məsuliyyətli mövqe sərgiləyib. Əməliyyat başlamazdan əvvəl bütün hərbi birləşmələrimizə ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır.
Cənab İlham Əliyevin xalqa müraciətində bu məqamlar da xüsusi qeyd edildi ki, Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika, radioelektron mübarizə vasitələri, iki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular yerləşdirilmişdir. Halbuki dəfələrlə həm Ermənistan rəhbərliyi ilə təmaslar əsnasında, eyni zamanda, beynəlxalq tədbirlərdə yüksək kürsülərdən bu məsələyə xüsusi diqqət yönəldilərək Azərbaycan dövləti haqlı narazılığını ifadə etmişdir.
10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Ermənistan dövlətinin kapitulyasiya aktı idi. Bu kapitulyasiya aktına görə Ermənistan Azərbaycan ərazilərindən bütün silahlı qüvvələrini çıxarmalı idi. Ancaq bundan imtina edirdi. Azərbaycan Ordusu növbəti zəfəri ilə bir daha sübut etdi ki, müstəqilliyimizə, suverenliyimizə qarşı bütün təxribatların qarşısı qətiyyətlə alınır və alınacaq. Ölkəmiz hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır. Bütün məsələlərin məhz bu prinsiplər əsasında nizamlanmasına səy göstərir. Lokal antiterror tədbirlərinin uğurlu nəticələri üç ilə yaxın dövrdə sülh müqaviləsinin imzalanması ilə bağlı bütün maneələrin aradan qaldırılmasına böyük əminlik yaratdı. Azərbaycan regionda dayanıqlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında maraqlıdır və üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix - Dövlət Suverenliyi Günü təsis edildi. Bu Sərəncam Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirir. Bu yeni tarixin təqvimdə rəsmi yer alması 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin, 2023-cü ildə antiterror tədbirlərinin və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha vurğulayır. Bu gün Azərbaycan xalqı bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub.
Bu mühüm məqamı da qeyd edək ki, dövlət başçısı İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-i Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilir. Bu əlamətdar günün təsis olunması uzun və məşəqqəti 30 il, minlərlə azərbaycanlı igidin canları və qanları bahasına başa gəlmişdir. Bu günün təsis edilməsi həmçinin Ermənistanın və qondarma Dağlıq Qarabağın terrorçu silahlı dəstələrinin tör-töküntülərinin tərk-silah edilərək ərazilərimizdən birdəfəlik çıxarılması ilə bağlıdır. Ümumilikdə işğaldan azad edilmiş əraziləimiz üzrə şəhər günlərinin təsis edilməsi tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının əbədiləşdirilməsinə xidmət edən addımlar sırasındadır.
Azad edilmiş ərazilərimiz dirçəliş dövrünü yaşayır. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu torpaqlara hər bir səfəri mühüm sosial və iqtisadi layihələrin həyata keçirilməsi ilə yadda qalır. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bərpası istiqamətində atılan addımlar şəhər və kəndlərə keçmiş məcburi köçkünlərin mərhələ-nərhələ qayıdışında özünün aydın ifadəsini tapır. Artıq Xankəndi, Xocalı və Xocavənd sakinlərinə qovuşan şəhərlər sırasındadır. Dövlətimizin başçısı İlham Əliyev 2024-cü ilin 20 sentyabr tarixində Qarabağ Universitetinin təmirdən sonra açılış mərasimində bu çağırışı etdi ki, bu gün Ulu Öndərin xatirəsinə hörmət ifadə edərək bir daha deyirik və görürük ki, əgər 1993-cü ildə xalqın tələbi ilə o, Azərbaycana gəlməsəydi, Azərbaycan, ümumiyyətlə, dünya xəritəsindən silinə bilərdi. Sabitlik yaradıldı, inkişafa qədəm qoyuldu və quruculuq işlərinə başlandı. Quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr - Zəfər Günümüzdür, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB