“Bu mesajlar Azərbaycanın gələcəyə hesablanmış strateji siyasətini nümayiş etdirir” - ŞƏRH

“Bu mesajlar Azərbaycanın gələcəyə hesablanmış strateji siyasətini nümayiş etdirir” - ŞƏRH

“Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzində qalmaqda davam edir. Ümumiyyətlə, dövlət başçısının hər bir çıxışı beynəlxalq media tərəfindən böyük diqqətlə izlənilir. Bunun əsas səbəblərindən biri ondan ibarətdir ki, Prezident İlham Əliyev çıxışlarında yalnız Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı məsələlərə deyil, eyni zamanda regionda və dünyada baş verən geosiyasi proseslərə dair mühüm və strateji əhəmiyyət daşıyan fikirlər səsləndirir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, dövlət başçısının mesajlarının əsas qayəsini regionda davamlı sülhün, təhlükəsizliyin, sabitliyin və qarşılıqlı əməkdaşlığın təmin olunması təşkil edir:

“Azərbaycan öz xarici siyasətində beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında əməkdaşlığın təşviq olunmasını prioritet hesab edir. Bu baxımdan Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər təkcə Azərbaycan üçün deyil, regionun gələcək inkişafı və daha geniş beynəlxalq təhlükəsizlik gündəmi baxımından da mühüm əhəmiyyət daşıyır.

Bu gün dünyanın müxtəlif regionlarında davam edən münaqişələr, geosiyasi qarşıdurmalar və artan təhlükəsizlik çağırışları fonunda nəqliyyat, enerji və kommunikasiya bağlantılarının təhlükəsizliyi xüsusi aktuallıq kəsb edir. Azərbaycan məhz bu reallıqları nəzərə alaraq, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfə verir. Bu layihələr Asiya ilə Avropa arasında yeni və etibarlı bağlantı imkanları formalaşdırmaqla Azərbaycanın regional tranzit və logistika mərkəzi kimi rolunu daha da gücləndirir.
Bu kontekstdə Zəngəzur dəhlizinin açılması xüsusilə mühüm əhəmiyyət daşıyır. Bu layihənin reallaşması Naxçıvanın regional və beynəlxalq nəqliyyat bağlantılarında rolunu əhəmiyyətli dərəcədə artıracaq, eyni zamanda Orta Dəhlizin imkanlarının genişlənməsinə yeni impuls verəcək. Burada söhbət yalnız nəqliyyat əlaqələrindən getmir. Zəngəzur dəhlizi üzərindən formalaşacaq rəqəmsal və enerji bağlantıları da gələcəkdə regionun iqtisadi və geosiyasi əhəmiyyətini daha da artıracaq.

Digər mühüm məqam Azərbaycanın enerji sahəsində həyata keçirdiyi layihələrdir. Azərbaycanın artan bərpaolunan enerji potensialı, Avropaya elektrik enerjisinin ixracı ilə bağlı planlar, yaşıl enerji dəhlizlərinin yaradılması istiqamətində görülən işlər ölkəmizin beynəlxalq enerji gündəmində mövqeyini daha da gücləndirir. Azərbaycan artıq yalnız ənənəvi enerji resurslarının ixracatçısı kimi deyil, həm də yaşıl enerjinin istehsalı və ixracı baxımından mühüm tərəfdaş kimi çıxış edir.

Bütün bunlar göstərir ki, Azərbaycan regional proseslərdə yalnız müşahidəçi mövqedə deyil, yeni əməkdaşlıq platformalarının və bağlantı imkanlarının formalaşmasında fəal təşəbbüskar kimi çıxış edir. Ölkəmiz bir tərəfdən regionda sülh və əməkdaşlığın möhkəmləndirilməsinə çalışır, digər tərəfdən isə Avropa ilə Asiya arasında nəqliyyat, enerji və rəqəmsal bağlantıların genişləndirilməsinə mühüm töhfələr verir.

Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlərin beynəlxalq mediada geniş müzakirə olunması da məhz Azərbaycanın regional və qlobal proseslərdə artan rolunun göstəricisidir. Bu mesajlar Azərbaycanın formalaşdırdığı yeni reallıqları, ölkəmizin qarşıya qoyduğu strateji hədəfləri və regionun gələcək inkişafına dair baxışını aydın şəkildə ortaya qoyur. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı nəqliyyat, enerji və kommunikasiya layihələri ölkəmizi yalnız region üçün deyil, qitələrarası əməkdaşlıq baxımından da mühüm tərəfdaşa çevirir.

Məhz buna görə Prezident İlham Əliyevin Naxçıvanda verdiyi mesajların beynəlxalq medianın gündəmində qalması təsadüfi deyil. Bu mesajlar Azərbaycanın artan geosiyasi və geoiqtisadi çəkisini, regionda yeni əməkdaşlıq imkanlarının yaradılmasında oynadığı rolu və gələcəyə hesablanmış strateji siyasətini nümayiş etdirir”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə