Fransaya bumeranq zərbəsi - RAKURS

Fransa əlahəzrət fakt qarşısında boynu qıldan nazik dayanıb. Başqasında tük axtardığı yerdə öz gözündə tirlər oynamağa başlayıb. Azərbaycana və Türkiyəyə atdığı çamurda indi özü çapalayır. Türkiyəni ermənilərə qarşı “genosid” törətməkdə ittiham edən Fransanın keçmiş çirkli tarixinə Azərbaycanın müraciət edəcəyinə heç Paris də inanmırdı. Düşünürdülər ki, fransızların Əlcəzairdə, Afrikanın cənub-qərb və şərq ölkələrində etdiyi bəşəri cinayətlər barədə danışmağa kimsənin cəsarəti çatmaz. Amma Azərbaycan bunu bacardı, erməni separatçılığını dəstəkləyən Fransanı elə öz silahı ilə vurdu. Fransanın müstəmləkəsi olan, Avropadan min kilometrlərdə uzaqda, Sakit okeanın tam ortasında adalardan ibarət Yeni Kaledoniyanın uzun illərdən bəri apardığı azadlıq mübarizəsinə dəstək olmaqla Parisin siyasətini yerlə bir etdi.

Qeyd edək ki, Yeni Kaledoniya Fransanın Sakit okeanda yerləşən xüsusi inzibati-ərazi qurumudur. Sakit okeanın cənub-qərb hissəsində, Melaneziyada eyniadlı böyük bir ada və bir qrup kiçik ada ilə təmsil olunur. Cənub-qərbdə Avstraliyanın iqtisadi zonası, şimalda Vanuatu, cənub-şərqdə Fici ilə həmsərhəddir. Yeni Kaledoniyanın əhalisi Qarabağda yaşayan və Fransanın dəstək verdiyi erməni separatçılarının sayından 6 dəfə çox - 245,580 nəfərdir. Paytaxtı Numea şəhəridir və şəhərin 98 min əhalisi var.

Fransa Ermənistan kimi terroru, separatizmi, işğalçılığı dövlət siyasətinin əsası kimi götürən Ermənistanı dəstəkləməklə kimliyini ortaya qoyub. Erməni lobbisi ilə sinxron hərəkət edən, hətta onun təsiri altında olan Fransa hökuməti, eləcə də prezident Makron ermənilərin dəstəyini əldə etmək üçün müharibə dövründə işğalçı ölkəyə siyasi, iqtisadi və hərbi dəstək göstərib. Fransanın Azərbaycana olan münasibəti tamamilə qərəz və açıq düşmənçilik üzərində qurulub. Fransa 30 ildən sonra Azərbaycanın təcavüzkar Ermənistan üzərində qələbə qazanmasını həzm edə bilmir. Fransanın soyqırımlarla dolu tarixində 1,5 milyona yaxın əlcəzairlinin qətlə yetirilməsi bu ölkənin cinayətlərlə dolu tarixinin bir vərəqidir. Əlcəzairdə Fransanın müstəmləkə işğalına qarşı mübarizə aparan yerli müqavimətçilərin kəllə sümükləri həmin dövrdə Parisə kolleksiya üçün göndərilmişdir. Amma rəsmi Paris bu gün nə Əlcəzairdən, nə də soyqırımına məruz qoyduğu digər ölkələrdən üzr istəmək istəmir. Əvəzində Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümüklərini qənimət kimi saxlayır və ziyarətçilərə qürur mənbəyi kimi sərgiləyir.

Fransanın yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibəni unutdurmağa çalışır. Əlcəzairlilər isə kütləvi qəddarlığı əsla unutmayacaq. Fransanın törətdiyi daha bir faciə isə 1961-ci ilin oktyabrında baş verib. O zaman on minlərlə əlcəzairli işğalı pisləmək üçün Parisdə nümayişə çıxıb və polisin açdığı atəşlə 1500 etirazçı qətlə yetirilib, mindən çox şəxs həbs olunub. Buna "Sena qətliamı" da deyirlər. Yelisey sarayı hələ də bu faciə ilə bağlı susqunluq nümayiş etdirir. Törətdiyi qətliamlara görə məsuliyyəti boynuna almamaq ənənəsi bacısı Ermənistana da sirayət edib. İşğalçı dövlət 1992-1993-cü illərdə Qaradağlıda, Ağdabanda, Xocalıda və digər yaşayış məntəqələrində azərbaycanlılara qarşı törədilən soyqırımı törədib. Hər iki halda cinayətkarlar planlı şəkildə həyata keçirdikləri qətliamların məsuliyyətini boyunlarına almayıblar.

Türkiyədən cavab

Türkiyə Xarici İşlər Nazirliyi Fransa Milli Assambleyasının 29 aprel 2024-cü ildə qəbul etdiyi Assuriyalılar və Keldanilərlə bağlı qətnamə ilə bağlı açıqlama yayıb. Qeyd olunur ki, Osmanlı İmperiyasına qarşı ittihamların yer aldığı bu qətnamə hüquqi və tarixi əsaslandırmadan məhrumdur: “Keçən il Fransa hökuməti Senatın qəbul etdiyi oxşar qətnaməni dəstəkləmədiyini söylədi. Eyni əsassız ittihamların indi də iqtidar partiyasından olan deputatlar tərəfindən Parlamentin gündəliyinə salınması tarixi hadisələri siyasi maraqlar naminə təhrif etmək cəhdlərinin nümunəsidir”. Rəsmi Ankara parlamentlərin tarixi şərh etmək və qiymətləndirmək səlahiyyətinin olmadığını vurğulayıb. “Bu qətnamə həm də soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında BMT-nin 1948-ci il Konvensiyasına ziddir. Konvensiyada soyqırım cinayətinə görə ittihamların yalnız səlahiyyətli məhkəmə tərəfindən irəli sürülə biləcəyi bildirilir”, - Türkiyə Xarici İşlər Nazirliyi açıqlamasında qeyd edib.

Azərbaycandan əks-reaksiya

“29 aprel 2024-cü il tarixində Fransanın daxili işlər naziri Jerar Darmanin tərəfindən Fransa Milli Assambleyasının hüquq komitəsində Azərbaycan-Yeni Kaledoniya əlaqələrindən danışarkən ölkəmizə qarşı səsləndirilmiş əsassız və ittiham xarakterli iddiaları qətiyyətlə rədd edirik”. Bu məlumatı isə Azərbaycan Xarici İşlər Nazirliyi yayıb. Qeyd edilir ki, Azərbaycanı Yeni Kaledoniyanın timsalında guya separatçılığa dəstək verməkdə günahlandıran Fransanın daxili işlər naziri unudur ki, məhz Fransa tərəfi uzun müddət ərzində Azərbaycanda aqressiv separatizmi dəstəkləyən addımlar atıb, qondarma separatçı rejimin nümayəndələrini Fransada mütəmadi əsasda yüksək səviyyədə qəbul edib.

Fransanın hakim partiyasının təşəbbüsü ilə Fransa Parlamenti Azərbaycanın ərazi bütövlüyü və suverenliyini sual altına qoyan və xələl gətirən, separatçı rejimi tanıyan qərar və qətnamələr qəbul etməklə yanaşı, keçmiş qondarma separatçı rejim ilə dostluq qrupunun fəaliyyətinə imkan yaratdığı məlumdur. Fransanın daxili işlər naziri erməni əhalinin qətliamı kimi Azərbaycana qarşı heç bir əsası olmayan gülünc və ucuz qarayaxmaya cəhd göstərmək əvəzinə, ölkəsinin uzun illər boyu həyata keçirdiyi və hazırda da davam etdirdiyi müstəmləkəçilik siyasəti çərçivəsində yerli xalqlara qarşı törətdiyi insanlıq əleyhinə cinayətləri, vəhşicəsinə qətlə yetirdiyi milyonlarla günahsız insanı unutmamalıdır.

Bütün qeyd olunanların fonunda Fransa hökumət rəsminin beynəlxalq dövlətlərarası münasibətlər baxımından heç bir etik çərçivəyə sığmadan Azərbaycanın konstitusional dövlət quruluşu haqqında qəsdən təhqir dolu ifadələrdən istifadə etməsi tamamilə qəbuledilməzdir. Bir daha Azərbaycanın daxili işlərinə qarışmamağı və ölkəmizə qarşı əsassız iddialar səsləndirməyə son qoymağı Fransadan tələb edirik. Ölkəmizin öz milli maraqlarının qorunması üçün bundan sonra da bütün zəruri tədbirlər görəcəyini bir daha bəyan edirik.

Bəli, Fransa özünü dünya qütblərindən biri hesab edir. Əksər hallarda Paris özünü arbitr kimi aparır, özünün tarixi cinayətləri barədə danışanları müxtəlif yollarla susdurmağa çalışır. Amma unudur ki, Azərbaycan nə Ermənistan kimi “kiçik bacı”, nə də XXI əsrdə müstəmləkə boyunduruğu altında zülm verdiyi Afrika ölkəsidir.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə