"COP29-a ev sahibliyi növbəti zəfərimizdir" - ŞƏRH EDİLDİ

“BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş, Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflər Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir. COP-a sədrlik rotasiya əsasında BMT-nin 5 regionunun - Afrika, Asiya, Latın Amerikası, Karib Hövzəsi və Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər) ölkələrinə keçir. Həmçinin bu regionlardakı qrup ölkələri arasında da sədrliklə bağlı növbələşmə mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib.

B.Nəbiyev bildirib ki, məlum olduğu kimi bu ilin payızında ölkəmizdə çox əhəmiyyətli beynəlxalq tədbir - COP29 (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı) konfransı keçiriləcək: “Bu tədbir həm öz əhatə dairəsinə, həm iştirak edəcək qonaqların sayına, ehtiva etdiyi məsələlərin əhəmiyyətinə görə çox böyük nüfuzlu tədbir olaraq dəyərləndirilir. Belə mötəbər tədbirə ev sahibliyi etməsi üçün etimad göstərilməsi Azərbaycanın nüfuzunu, gücünü, qüdrətini ortaya qoyur. COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Prezident cənab İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” əsasında ölkədə bərpaolunan enerji istehsalı siyasətinin strateji təməli qoyulub. Sənəddə qeyd olunmuş 5 Milli Prioritetdən biri “təmiz ətraf mühit” və “yaşıl artım”la bağlıdır. Bu isə yaşıl iqtisadiyyata keçidlə bağlı qarşıya yeni hədəflər qoyur.

Dünyada tanınmış və təsdiq edilmiş nüfuz sahibi olan ölkədə belə tədbirin keçirilməsi ancaq məqsədəuyğun ola bilərdi ki, bunun üçün də Azərbaycan seçilib. Ümumiyyətlə, Azərbaycanın həm beynəlxalq aləmdəki nüfuzu, həm də ölkə daxilindəki stabil siyasəti, əminamanlıq, demokratik dəyərlərə verilən qiymət beynəlxalq təşkilatların ölkəmizə olan marağını və istəyini də artırmaqdadır. Buna görə də Azərbaycan önümüzdəki payız ayında ev sahibliyi edəcəyi bu toplantıda düşünürük ki, bir daha nüfuzunu, əhəmiyyətini nümayiş etdirə biləcəkdir.

Nəzərə almaq lazımdır ki, COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli konfranslarından biridir. Azərbaycanın bu konfransa Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. Bu konfrans Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya sübut edəcək. Beynəlxalq konfransın Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa və asan çatdırılmasına böyük təkan verəcək.

Bundan əlavə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyə nail olub. Qazandığımız şanlı zəfərlər ölkəmizi dünyada daha güclü dövlət kimi tanıdıb. Dövlət başçısının uğurlu xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq səviyyədə nüfuzu günbəgün artmaqdadır. Azərbaycan son 4 il ərzində BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik edib və növbəti sədrliklərə uğurlu miras buraxıb. Ölkəmiz qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib. Bu, beynəlxalq birlik tərəfindən də qəbul edilib və təqdirlə qarşılanıb. Belə dünya səviyyəli və böyük tədbirləri təşkil etmək üçün ilk növbədə müasir infrastruktur və təhlükəsizlik əsas amillər arasında yer alır. Azərbaycan hər iki amilə malik azsaylı dünya ölkələrindən biridir.

Eyni zamanda bu konfransın ehtiva etdiyi məsələlər bu gün bütün dünyanı düşündürən, narahat edən məsələlərdir ki, bu problemlərin də həlli yollarının vacibliyini hər zaman Azərbaycan irəli sürmüşdür. Ölkə Prezidenti cənab İlham Əliyev bütün müvafiq beynəlxalq tədbirlərdə ekoloji tarazlığın qorunması, dünyada ekologiyanın inkişaf etdirilməsinin ümumilikdə bəşəriyyət üçün verdiyi dəyəri hər zaman qırmızı xətlə irəli sürmüşdür.

Sadəcə ekoloji tarazlıq təbiətin qorunması faktorlarını ancaq təbiət hadisəsi deyil, eyni zamanda biz bunu geniş siyasi müstəvidə də dəyərləndirməliyik. Bu gün ekologiyanın, tarazlığın qorunması gələcəkdə dünya insanının həyatının təhlükəsizliyinin təmin edilməsi mənasını da özündə əhatə edir. Bir daha düşünürük ki, bu, çox əhəmiyyətli konfransdır.

Sözügedən tədbirə ev sahibliyi etməklə ölkəmiz ətraf mühitə verdiyi önəmi, böyük mənada isə sağlam bir dünyanın gələcək nəsillərə ötürülməsinə biqanə qalmadığını göstərir. Statistik göstəricilər də Azərbaycanın niyyətini ortaya qoyur. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35% azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40% azaldılmasından ibarətdir. Ermənilərin işğal zamanı viran qoyduqları ərazilərimiz də bu hədəflərdən kənarda qalmayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

Beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməyimiz göstərir ki, daha əvvəl də nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan üçün növbəti mərhələ olacaq. Bu mərhələ bütün dünyaya bir daha Azərbaycanın simasını, verdiyi dəyərlərin nümayişinə çevriləcəkdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə