Qısa məlumatlara üstünlük şagirdlərin analitik düşünmə və dərin öyrənməsinə necə təsir edir? - EKSPERT DANIŞDI

Qısa məlumatlara üstünlük şagirdlərin analitik düşünmə və dərin öyrənməsinə necə təsir edir? - EKSPERT DANIŞDI

"Hazırda süni intellekt texnologiyalarının sürətlə həyatımıza daxil olması və şagirdlərin müxtəlif oyun platformalarına aludəçiliyi onların sosial davranışlarına müəyyən təsir göstərir. Texnologiya ilə daha çox vaxt keçirən uşaqlar ətrafındakı insanlarla daha az ünsiyyət qurmağa, bəzən isə özünə qapanmağa meyilli ola bilirlər".

Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elçin Süleymanov deyib.

O bildirib ki, şagirdlərin ünsiyyət bacarıqlarına təsir edən digər mühüm amillərdən biri də kitab oxuma vərdişinin azalmasıdır. Bədii ədəbiyyat oxumayan uşaqların söz ehtiyatı kifayət qədər inkişaf etməyə bilər:

"Bu zaman onlar fikirlərini daha qısa cümlələrlə ifadə edir və öz düşüncələrini geniş şəkildə çatdırmaqda çətinlik çəkirlər. Bu tendensiyanın davam etməsi dilimizin zənginliyindən istifadə imkanlarının azalmasına səbəb ola bilər.

Bu baxımdan orta məktəblərdə şagirdlərin bədii ədəbiyyata marağının artırılması vacibdir. Şagird nə qədər çox kitab oxuyarsa, söz ehtiyatı bir o qədər genişlənər. Geniş söz ehtiyatı isə fikirlərin daha dəqiq, zəngin və ifadəli şəkildə çatdırılmasına, eyni zamanda ünsiyyət bacarıqlarının inkişafına şərait yaradır.

Digər tərəfdən, süni intellekt alətlərindən düzgün istifadə edilmədikdə şagirdlərin öyrənmə prosesinə münasibətinə də təsir göstərə bilər. Bəzi hallarda şagirdlər məsələnin həll yolunu araşdırmaq əvəzinə birbaşa hazır cavabı əldə etməyə üstünlük verirlər. Bu isə onların müstəqil düşünmə və problem həll etmə bacarıqlarının inkişafını məhdudlaşdıra bilər. Hər hansı problemin yalnız nəticəsini əldə etmək deyil, həmin nəticəyə hansı yollarla gəlinməsini anlamaq da vacibdir.

Bu səbəbdən süni intellektdən hazır cavab almaq üçün deyil, məlumatı araşdırmaq, müxtəlif həll yollarını müqayisə etmək və nəticəyə müstəqil şəkildə gəlmək üçün istifadə edilməlidir. Valideynlər və müəllimlər də uşaqları zehni aktivliyə sövq edən fəaliyyətlərə, zəka oyunlarına, məntiqi tapşırıqlara və analitik düşünməni inkişaf etdirən məşqlərə üstünlük verməlidirlər.

Bu məsələ əmək bazarının tələbləri baxımından da xüsusi əhəmiyyət daşıyır. Hazırda işəgötürənlər üçün tələb olunan mühüm yumşaq bacarıqlardan biri analitik düşünmə qabiliyyətidir. İnsan çoxlu məlumat və bilik əldə edə bilər, lakin həmin bilikləri təhlil etmək, əlaqələndirmək və düzgün nəticəyə gəlmək bacarığı formalaşmayıbsa, onun peşəkar potensialını tam reallaşdırması çətinləşir. Buna görə də şagirdlərin yalnız bilik əldə etməsinə deyil, həm də müstəqil, analitik və tənqidi düşünmə bacarıqlarının inkişafına xüsusi diqqət yetirilməlidir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə