"İranın Azərbaycana ehtiyacı varsa, münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıqdan danışır” - MİLLƏT VƏKİLİ
"Hazırda İran ətrafında yaranan vəziyyət və İranın Hind okeanına çıxışının bağlanması İranı yeni nəqliyyat marşrutları axtarmağa məcbur edib. Belə olduqda, əlbəttə ki, ilk ağlagələn, İran üçün vəziyyətdən ilk çıxış yolu, şübhəsiz ki, şimal marşrutundan istifadə etmək və nəqliyyat-kommunikasiya əlaqələrini diversifikasiya etməkdir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, buna görə də çoxdan gündəmdə olan Şimal-Cənub dəhlizinin, Rəşt-Astara dəmir yolunun tikintisi kimi məsələlər yenidən İran və Azərbaycan arasında müzakirə olunmağa başlayıb:
"Yəni İran-Azərbaycan münasibətləri o vaxt yaxşı olur ki, İranın Azərbaycana ehtiyacı olsun. Onda Azərbaycana qarşı bərabərhüquqlu tərəfdaş kimi davranır: "Amma problemləri həll olan kimi İran yenidən Azərbaycanla münasibətlərdə fərqli mövqe seçir, imperialist mövqedən çıxış edir.
Hazırda İranın vəziyyəti yaxşı deyil. Ona görə də Azərbaycanla əməkdaşlığı yenidən bərpa etməyə çalışır. Amma sabah İran güclənəcəksə, yenə Azərbaycanı bütün regional layihələrdən, bütün imkanlardan məhrum etməyə çalışacaq.
Məncə, İranın xarici siyasətində İran vətəndaşlığı olan azərbaycanlıların maraqlarının nəzərə alınmaması İran-Azərbaycan münasibətlərini belə qeyri-sabit edir.
Hazırda isə, əlbəttə ki, Azərbaycanın yaratdığı yeni reallıqlar həm də İran üçün müəyyən şanslar yaradıb. Ümid edək ki, İran bundan sonra bu şansları yüksək qiymətləndirəcək və daima sabit saxlamağı bacaracaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB