"Yüksək arterial təzyiq uzun illər, hətta insan özünü tam sağlam hiss etdiyi halda da heç bir əlamət vermədən inkişaf edə bilər. Məhz buna görə hipertoniya çox vaxt “səssiz xəstəlik” adlandırılır. ÜST-nin məlumatına görə, hipertoniyası olan insanların böyük hissəsi bundan xəbərsizdir". Bu fikirləri SİA-ya açıqlamasında tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov bildirib.
Onun sözlərinə görə, gənc yaşda rast gəlinən yüksək təzyiqin səbəblərini iki əsas qrupa bölmək olar: "Birincili hipertoniya – bu tip hipertoniyalara irsi-genetik meyllilik, artıq çəki və piylənmə, çox duzlu qidalanma, fiziki aktivliyin azlığı, siqaret və nikotin, həddindən artıq alkoqol, xroniki stress və yuxu çatışmazlığı, qeyri-sağlam qidalanma, bəzi hallarda uzunmüddətli hava çirklənməsi, habelə sosial şəbəkələrdən həddən artıq istifadə və onun fonunda əmələ gələn yuxusuzluq sindromu. Bu amillər xüsusilə müasir həyat tərzi fonunda gənclərdə arterial təzyiqin yüksəlməsinə səbəb ola bilər.
İkincili hipertoniyaları gənc yaşlılarda nəzərdən qaçırmaq olmaz. Böyrək xəstəlikləri, böyrək arteriyalarının problemləri, bəzi hormonal-endokrin xəstəliklər, yuxu apnesi və müəyyən dərman maddələri təzyiqin yüksəlməsinə səbəb ola bilər.
Hipertoniyada hər hansı bir əlamətin hiss edilməməsi təhlükənin olmadığı demək deyil.
İnsanlar baş ağrısı, ürək döyüntüsü olmadıqda, özlərində hər hansı bir xəstəlik əlaməti hiss etmirlər və düşünürlər ki, deməli, təzyiq normaldır. Bu, düzgün yanaşma deyil. Hipertoniya çox vaxt simptomsuz olur və təzyiqin həqiqi vəziyyəti isə yalnız ölçməklə müəyyənləşir.
Müalicə olunmasa, insult və infarkt yarana bilir. Uzun müddət nəzarətsiz qalan yüksək arterial təzyiq damar divarlarını zədələyir, aterosklerozun inkişafına şərait yaradır və ürəyə, beyinə, böyrəklərə zərər verə bilir. Nəticədə insult, infarkt, ürək çatışmazlığı və böyrək xəstəlikləri riski artır.
Gənc yaşda olmaq hipertoniya zamanı insanı infarkt və insultdan avtomatik qoruyan amil deyil. Gənc yaşlarda yüksək təzyiqin uzun müddət davam etməsi sonrakı ürək-damar riskini artıra bilər.
Xülasə, hipertoniya ağrı vermədən damarları zədələyə bilən xəstəlikdir. İnsan özünü sağlam hiss edə bilər, amma arterial təzyiq yüksək ola bilər. Nəzarətsiz qalan hipertoniya illər ərzində ürək, beyin və böyrəkləri zədələyərək infarkt və insult riskini əhəmiyyətli dərəcədə artırır. Ona görə təzyiqi mütəmadi olaraq ölçmək sadə, lakin həyati əhəmiyyətli profilaktik addımdır.
180/120 mmHg və ya daha yüksək təzyiq, xüsusən sinə ağrısı, nəfəs darlığı, görmə və ya nitq pozğunluğu, birtərəfli zəiflik-keylik kimi əlamətlərlə birlikdədirsə, təcili tibbi yardıma müraciət olunmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB