Türk dünyasının gələcəyi bu günün gənclərinin ortaya qoyacağı ortaq iradə ilə formalaşacaq
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il qrant müsabiqəsinin qaliblərindən biri olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” adlı layihənin icrasını davam etdirir. Avqustun 1-dən oktyabrın 31-dək davam edəcək layihə çərçivəsində Türk dünyasının inteqrasiyası, ortaq dəyərləri və gələcək inkişaf perspektivlərinə həsr olunmuş on mövzu üzrə silsilə müsahibələr hazırlanacaq. Layihə ilə bağlı təqdim edəcəyimiz 10 müsahibə toplusunun Doqquzuncu mövzusu “Gənclik və Türk dünyasının gələcəyi” adlanır. Bu mövzu çərçivəsində gənclərin inteqrasiyası, tələbə proqramları, ortaq layihələr s. kimi məqamlar müzakirə olunur.
Qeyd edək ki, müsahiblərimiz mövzu ətrafında aşağıdakı sualları cavablandırıblar:
1.Türk dünyasının gələcəyinin formalaşmasında gənclərin rolunu necə qiymətləndirirsiniz? Türk dövlətləri arasında gənclərin inteqrasiyasını gücləndirmək üçün hansı istiqamətlərə daha çox diqqət yetirilməlidir?
2.Ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər Türk dünyası gəncləri arasında ortaq milli kimliyin formalaşmasına necə təsir edir? Bu kimliyin möhkəmləndirilməsi üçün təhsil və gənclər siyasəti sahəsində hansı addımların atılması vacibdir?
3.Tələbə mübadilə proqramları, ortaq layihələr və rəqəmsal əməkdaşlıq platformaları Türk dünyası gənclərinin bir-birini daha yaxından tanımasına və gələcəkdə vahid əməkdaşlıq məkanının formalaşmasına hansı töhfələri verə bilər?
Mövzu ilə bağlı fikirlərini bölüşən müsahiblərimiz - Dünya Türk Gəncləri Birliyinin (DTGB) başqanı Ersin Güzel və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) başqanı İntiqam Yaşardır.
İndi isə onların bu suallara verdikləri cavabları təqdim edirik:
Ersin Güzel: Gənclik Türk dünyasının yalnız gələcəyi deyil, eyni zamanda ən mühüm strateji kapitalıdır
1.Türk dünyasının gələcəyi bu günün gənclərinin ortaya qoyacağı ortaq iradə ilə formalaşacaq. Dövlətlər arasındakı münasibətlər, əlbəttə, mühüm əhəmiyyət daşıyır. Lakin bu münasibətləri davamlı və qalıcı edəcək olan ortaq tarix və sivilizasiya şüuruna sahib, bir-birini tanıyan, birlikdə düşünə və ortaq məqsədlər istiqamətində hərəkət edə bilən gənc nəsillərdir. Buna görə də gənclik Türk dünyasının yalnız gələcəyi deyil, eyni zamanda ən mühüm strateji kapitalıdır.
Dünya Türk Gəncləri Birliyi olaraq təxminən 35 ildir məhz bu məqsəd istiqamətində fəaliyyət göstəririk. 1992-ci ildən etibarən keçirdiyimiz Türk Dünyası Gənclər Qurultayları, beynəlxalq gənclər görüşləri, təhsil proqramları və mədəni tədbirlər vasitəsilə minlərlə gəncin bir-birini tanımasına, ortaq layihələr hazırlamasına və ortaq gələcək vizyonu formalaşdırmasına töhfə vermişik. Bu gün malik olduğumuz bu təcrübə Türk dünyasının gələcəyinə yönəlmiş yeni layihələr üçün ən möhkəm təməli təşkil edir. Bu gün artıq məqsədimiz gəncləri yalnız mədəni tədbirlərdə bir araya gətirmək deyil. Ortaq strateji düşüncə formalaşdıran, beynəlxalq prosesləri birlikdə təhlil edən, ictimai diplomatiyadan səmərəli istifadə edən və Türk dünyasının ortaq maraqlarını qlobal miqyasda müdafiə edə biləcək yeni gənc liderlik anlayışını formalaşdırmaqdır. Bu istiqamətdə Qurultayımızda təklif edilən Türk Dünyası Gənc Diplomatlar Akademiyası, diplomatiya simulyasiyaları və ortaq ictimai diplomatiya mexanizmləri gələcəyin dövlət xadimlərini, alimlərini və ictimai rəy liderlərini yetişdirəcək mühüm addımlardır. Bu çalışmalar Türk dövlətləri arasındakı etimadı, koordinasiyanı və birgə fəaliyyət imkanlarını daha da gücləndirəcək.
Biz inanırıq ki, Türk dünyasının gələcəyi yalnız dövlətlərin əməkdaşlığı ilə deyil, bir-birinə güvənən, eyni məqsədlərə inanan və ortaq layihələr hazırlayan gənclərin çiyinləri üzərində yüksələcək. DTGB olaraq 35 illik təcrübəmizlə bu prosesin yalnız izləyicisi deyil, həm də öncüllərindən biri olmağa davam edəcəyik.
2.Ortaq tarix, ortaq dil, ortaq mədəniyyət və ortaq mənəvi dəyərlər Türk dünyasının ən güclü bağlarını təşkil edir. Gənclər bir-birini tanıdıqca, əslində nə qədər böyük bir sivilizasiyanın nümayəndələri olduqlarını daha yaxşı dərk edirlər. Bu ortaq mənsubiyyət hissi gələcəkdə qurulacaq hər cür siyasi, iqtisadi və mədəni əməkdaşlığın da ən möhkəm təməlini təşkil edir. Təxminən 35 illik fəaliyyətimiz ərzində bunu dəfələrlə praktik şəkildə müşahidə etmişik. Keçirdiyimiz qurultaylar, gənclər düşərgələri, mədəni görüşlər və beynəlxalq tədbirlər vasitəsilə müxtəlif coğrafiyalardan gələn gənclər bir-birinin mədəniyyətini tanımaqla yanaşı, ortaq tarix və sivilizasiya şüurunu da gücləndiriblər. Bu gün Türk dünyasında formalaşan ortaq baxışın arxasında uzun illər ərzində qurulan bu könül körpüləri dayanır.
Qurultayımızın Mədəniyyət, İncəsənət və Təhsil Komissiyası tərəfindən hazırlanmış hesabat da bu yanaşmanı konkret layihələrlə dəstəkləyir. Ortaq əlifba ilə bağlı işlərin sürətləndirilməsi, “Türk Böyükləri” və “Türk Xalqları” dərslərinin təhsil proqramlarında genişləndirilməsi, DTGB çərçivəsində nəşr fəaliyyətinin inkişaf etdirilməsi, beynəlxalq mədəniyyət konqreslərinin keçirilməsi və xüsusilə türk diasporunun sıx yaşadığı bölgələrdə Səyyar Türk Dünyası Muzeyi layihəsinin həyata keçirilməsi kimi təkliflər ortaq kimlik şüurunun gələcək nəsillərə ötürülməsi baxımından çox mühüm addımlardır. Mədəniyyət diplomatiyasının gücləndirilməsi və rəqəmsal texnologiyalardan, yeni kommunikasiya vasitələrindən bu prosesdə səmərəli şəkildə istifadə edilməsi də hesabatda önə çıxan baxışlardan biridir.
Bizim yanaşmamıza görə, ortaq kimlik fərqlilikləri aradan qaldırmaq deyil, ortaq sivilizasiya dəyərləri ətrafında birlik ruhunu gücləndirmək deməkdir. Buna görə də təhsil siyasətinin yalnız bilik ötürən deyil, həm də ortaq tarix şüurunu, mədəni mənsubiyyəti və birlikdə istehsal etmək mədəniyyətini inkişaf etdirən yanaşma əsasında formalaşdırılması böyük əhəmiyyət daşıyır.
3.Bu gün məsafələr artıq fiziki olmaqdan çıxıb. Türk gənci Ankaradan, Bakıdan, Bişkekdən, Astanadan və ya Lefkoşadan eyni layihə üzərində birlikdə işləyə bilir. Bu imkanın düzgün dəyərləndirilməsi Türk dünyasının gələcəyi baxımından tarixi fürsətdir. Tələbə mübadilə proqramları yalnız akademik mobillik təmin etmir, eyni zamanda ortaq həyat mədəniyyətini, qarşılıqlı etimadı və uzun illər davam edəcək dostluqları da formalaşdırır. Eyni şəkildə ortaq elmi tədqiqatlar, sahibkarlıq layihələri, gənclər düşərgələri, könüllülük fəaliyyətləri və rəqəmsal platformalar vasitəsilə ölkələr arasında davamlı əməkdaşlıqlar yaranır. Bu gün bir çox beynəlxalq tərəfdaşlığın təməlində universitet illərində qurulan dostluqların dayandığını görürük.
DTGB olaraq təxminən 35 ildir həyata keçirdiyimiz beynəlxalq tədbirlər bizə göstərib ki, gənclər bir araya gəldikdə yalnız mədəni mübadilə aparmır, həm də birlikdə layihələr hazırlayır, ortaq məsuliyyət daşıyır və gələcəyin lider kadrlarını formalaşdırırlar. Bu gün təklif etdiyimiz rəqəmsal platformalar da həmin təcrübənin təbii davamıdır. Son Qurultayın yekun hesabatında da gənclərin daim ünsiyyətdə ola biləcəyi ortaq rəqəmsal platformaların yaradılması, təcrübə və karyera mərkəzlərinin qurulması, ortaq tədqiqat və innovasiya şəbəkələrinin inkişaf etdirilməsi, sahibkarlıq ekosistemlərinin bir-birinə bağlanması və gənclərin beynəlxalq layihələrdə daha fəal iştirakının təmin edilməsi təklif olunur. Bu çalışmalar yalnız bugünkü ehtiyacları ödəməyəcək, həm də 2030-cu ildən sonra Türk dünyasının iqtisadi, mədəni və diplomatik inteqrasiyasına istiqamət verəcək insan resurslarının yetişdirilməsinə xidmət edəcək.
35 illik fəaliyyətimiz dövründə hələ tələbə olan nümayəndələrimiz bu gün təmsil etdikləri ölkələrdə mühüm vəzifələrə gəliblər. Erhan bəy KKTC-də, Artur bəy Başqırdıstanda, Enes bəy isə Quzey Makedoniyada nazir vəzifəsinə yüksəlib. Azərbaycan Milli Məclisinin deputatı Azər bəy ilk nümayəndələrimizdən biri olub və bütün Türk dünyası QHT-lərini bir araya gətirərək Baş katib seçilib. Azərbaycanda, Türkiyədə, Rusiya Federasiyasında və Avropada deputatlarımız var. Hazırda vəzifədə olan üç rektorumuz da gənclik illərində bizim nümayəndələrimiz olublar. Bürokratlarımızın və alimlərimizin sayı isə olduqca çoxdur. Biz bu gənclərə DTGB Qurultaylarında müəyyən bir baxış və vizyon qazandırdıq və onların təmsil etdikləri ölkələrdə bu gün gəldikləri mühüm mövqelərə diqqət çəkmək istəyirəm. Yeni gənclərimizə də bu vizyonu verə bilsək, gələcək Türk dünyasının olacaq.
Biz artıq yalnız bir-birini tanıyan deyil, birlikdə düşünən, birlikdə istehsal edən və gələcəyi birlikdə quran bir Türk gəncliyi formalaşdırmağı hədəfləyirik. Dünya Türk Gəncləri Birliyi olaraq geridə qoyduğumuz 35 illik təcrübədən aldığımız güclə bu məqsədi konkret layihələrlə dəstəkləməyə və Türk dünyasının ortaq gələcəyinə töhfə verməyə qətiyyətlə davam edəcəyik.
İntiqam Yaşar: Ortaq qurumlar və təşkilatlar vasitəsilə gənclərin fəaliyyət imkanlarını genişləndirmək, onların görə biləcəyi işlərin miqyasını artırmaq üçün daha çox şərait yaratmağın zamanı yetişib
1.Türk dünyasının gələcəyinin formalaşmasında gənclərin rolu, təbii ki, böyükdür. Çünki bu gün bütün sferalarda hərəkətverici qüvvə gənclərdən ibarətdir. Sabah üçün hesablanan addımlar, müəyyənləşdirilən hədəflər və həyata keçiriləcək işlər də təbii olaraq gənclərin fəaliyyəti və qarşıya qoyduqları məqsədlər üzərində qurulur. Bu baxımdan gənclərin rolu kifayət qədər böyük olmalıdır. Hesab edirəm ki, artıq Türk dünyasında inkişaf edən əlaqələr, genişlənən əməkdaşlıq, müxtəlif ölkələr arasında iş birliyi, qəbul edilən ortaq qərarlar və imzalanan anlaşma sənədləri fonunda gənclərin rolu da hər gün bir qədər daha da artır. Bu isə, əlbəttə, çox sevindirici haldır.
Türk dövlətləri arasında gənclərin inteqrasiyasını gücləndirmək üçün müxtəlif sahələrə daha çox diqqət yetirmək lazımdır. Burada yalnız bir sahənin adını çəkmək müəyyən mənada məhdud çərçivə yarada bilər. Bizi, ilk növbədə, ortaq mədəniyyət və ortaq etnik bağlar birləşdirir. Bu baxımdan mədəniyyət və incəsənət istiqamətləri xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, idman, iqtisadiyyat, elm və digər sahələrdə də əməkdaşlığı daha da irəli aparmaq və genişləndirmək üçün fəaliyyət göstərilməlidir. Bu sahələrin hər biri öz-özlüyündə ayrıca diqqət tələb edir.
Hesab edirəm ki, artıq ortaq qurumlar və təşkilatlar vasitəsilə gənclərin fəaliyyət imkanlarını genişləndirmək, onların bu istiqamətdə görə biləcəyi işlərin miqyasını artırmaq üçün daha çox şərait yaratmağın zamanı yetişib. İnanıram ki, bu istiqamətdə atılan addımlar real nəticələr verəcəkdir.
2.Bildiyiniz kimi, ortaq dil, mədəniyyət və tarix bizim istinad edə biləcəyimiz, söykənəcəyimiz ən əsas amillərdir. Milli kimliyin formalaşmasının əsas qayəsi və nüvəsi də məhz ortaq dilimiz, tariximiz və mədəniyyətimizdir. Bu baxımdan, zaman-zaman yazılmış kitablar, nəşr edilmiş əsərlər və ortaya qoyulmuş elmi tədqiqatlar çox önəmli yer tutur. Ortaq milli kimliyin formalaşmasında bunların rolu, şübhəsiz ki, danılmazdır. Bu gün Türk Dövlətləri Təşkilatına üzv olan hər bir ölkənin özünəməxsus çox böyük əsərləri, geniş elmi tədqiqatları, ədəbiyyat, mədəniyyət, incəsənət, tarix və dil sahəsində zəngin irsi var. Lakin çox təəssüf ki, biz bu zəngin irsin qarşılıqlı təbliğini hələ də yetərincə həyata keçirə bilmirik. Çünki bir-birimizə nə qədər yaxın olsaq da, hələ də bir-birimizi kifayət qədər yaxşı tanımırıq. Bir-birimizlə daha yaxından tanış olduqda isə görürük ki, ölkələr arasında əlaqələrin daha da dərinləşdirilməsinə və bu əlaqələrin praktik müstəvidə inkişaf etdirilməsinə böyük ehtiyac var.
Ortaq mədəniyyətin və ortaq fəaliyyətlərin təbliği bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bir ölkədə bu gün çap olunan kitab, həyata keçirilən mədəni layihə və ya atılan hər hansı bir addım digər ölkələrdə də geniş şəkildə təbliğ olunarsa və bununla ölkələr arasında əlaqələrin daha da genişlənməsi təmin edilərsə, mühüm nəticələr əldə etmək mümkündür.
Eyni zamanda, hər bir sahəni təmsil edən təşkilatlar öz profillərinə uyğun şəkildə bu prosesə fəal şəkildə qoşulmalıdırlar. Mənə elə gəlir ki, bu istiqamətdə sistemli və ardıcıl fəaliyyət göstərməklə ortaq kimliyin formalaşmasına daha ciddi təsir göstərmək və daha təsirli işlərə imza atmaq olar.
3.Təhsil və tələbə mübadiləsi proqramları, təbii ki, çox önəmli məsələlərdəndir. Bu gün Türk ölkələri arasında təhsillə bağlı proqramların və alternativ istiqamətlərin daha çox olması vacibdir. Çünki seçim qarşısında olan bir ölkənin gənci digər Türk dövlətlərinin ona təqdim etdiyi imkanların çoxluğunu görməli və bu imkanlar onun üçün cəlbedici olmalıdır. Bu cəlbedicilik, eyni zamanda, müəyyən mənada beyin axınının qarşısının alınmasına da xidmət edə bilər. Bir Türk ölkəsindən digər Türk ölkəsinə gedərək yüksək səviyyəli təhsil almaq, milli dəyərlər əsasında formalaşan mədəniyyətlə tanış olmaq, öz milli kimliyini daha yaxından dərk etmək, soydaşlarının və qardaşlarının həyat tərzini öyrənmək milli təfəkkürlü gənclərin yetişməsi baxımından çox önəmli məsələdir.
Bu baxımdan təhsilin üzərinə böyük məsuliyyət və böyük yük düşür. Yenə deyirəm ki, bu sahədə alternativlər çox, imkanlar isə əlçatan olmalıdır. Türk dünyasının universitetlərini əhatə edən dövlət proqramları və bu istiqamətdə xüsusi təşəbbüslər həyata keçirilməlidir.
Tələbələrin qarşısında cəlbedici təhsil imkanları olmalıdır ki, onlar Türk dünyası çərçivəsində qardaş ölkələrin xalqlarının mədəniyyətini və həyat tərzini öyrənə bilsinlər. Bu, həm də onların öz ölkələrinə milli düşüncəli mütəxəssis və ziyalı kimi qayıtmaları baxımından mühüm əhəmiyyət daşıyır.
Dediyim kimi, bütün bu məsələlərin kökündə yüksək səviyyəli təhsil xidmətləri və həmin xidmətlərin əlçatanlığı dayanır.
Fuad Hüseynzadə
Bu müsahibə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” layihəsi çərçivəsində hazırlanmışdır. Yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB