"Dağ-mədən və metallurgiya sənayesinin inkişafı iqtisadiyyatın şaxələndirilməsi üçün mühüm addımdır" - ŞƏRH EDİLDİ

"Dağ-mədən və metallurgiya sənayesinin inkişafı iqtisadiyyatın şaxələndirilməsi üçün mühüm addımdır" - ŞƏRH EDİLDİ

"Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair dövlət proqramına həsr olunmuş müşavirənin keçirilməsini bir neçə aspektdən qiymətləndirmək olar".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın dağ-mədən resursları ölkədə mövcud xammal bazası əsasında yeni sənaye sahələrinin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır:

"Bu gün dünyada, xüsusilə qlobal nəqliyyat dəhlizlərində yaranan müxtəlif çətinliklər fonunda ölkələrin öz ağır sənayesini və milli istehsal imkanlarını inkişaf etdirməsi mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanın təbii ehtiyatları əsasında yerli sənayenin inkişaf etdirilməsi və dağ-mədən resurslarından səmərəli istifadə olunması olduqca vacibdir.

İkincisi, bu sahənin inkişaf etdirilməsi Azərbaycan iqtisadiyyatının neft və qaz sektorundan asılılığının azaldılması və iqtisadiyyatın, xüsusilə sənayenin şaxələndirilməsi baxımından əhəmiyyətlidir. Bu istiqamətdə atılan addımları vaxtında verilmiş qərar kimi qiymətləndirmək olar.

Üçüncüsü, işğaldan azad edilmiş ərazilərdə təbii sərvətlərin və iqtisadi potensialın mövcudluğu həmin regionların inkişafı üçün əlavə imkanlar yaradır. Azərbaycan bu ərazilərdə yalnız müharibənin və işğalın nəticələrinin aradan qaldırılması, həmçinin əhalinin geri qayıdışının təmin edilməsi istiqamətində deyil, regionların iqtisadi və təbii resurslarından səmərəli istifadə olunması sahəsində də mühüm addımlar atır.

Bütövlükdə, dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə Azərbaycan üçün yeni sənaye imkanlarının formalaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi və təbii resurslardan daha səmərəli istifadə baxımından yeni inkişaf mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə