“Mənim bəxtim heç gətirmir…”, “Mən nə vaxt bir gün üzü görəcəm”, “Məndə heç nə düz gətirmir”, “Onsuz da yenə pis bir şey olacaq”. Bu cümlələr gündəlik həyatda tez-tez eşitdiyimiz ifadələrdir. Bəzən insan ard-arda yaşadığı uğursuzluqlardan, məyusluqlardan və çətinliklərdən sonra həyata daha çox mənfi tərəfdən baxmağa başlayır. Zaman keçdikcə isə bu düşüncə tərzi vərdişə çevrilə bilər.
Bu sözləri SİA-ya psixoloq Leyla Əli deyib.

O bildirib ki, pessimist insan gələcəkdə baş verəcək hadisələrin mənfi nəticəsini əvvəlcədən düşünməyə meyllidir. Hələ hadisə baş verməmiş, zehn artıq “yenə alınmayacaq”, “yenə pis olacaq”, “onsuz da mənim bəxtim gətirmir” kimi ssenarilər qurur:
“Daim mənfi düşünmək insanın psixoloji vəziyyətinə necə təsir edir?
Daim mənfi düşünmək insanın emosional vəziyyətinə təsir edə bilər. Narahatlıq və gərginlik arta, motivasiya azala, insan özünə və gələcəyinə olan inamını itirə bilər.
Ən vacib məqamlardan biri də odur ki, insan davamlı olaraq mənfi tərəflərə fokuslandıqda müsbət ehtimalları və alternativ həll yollarını görməkdə çətinlik çəkə bilər.
Məsələn, bir iş müsahibəsi uğursuz keçibsə, insan növbəti müsahibəyə “Mən onsuz da iş tapa bilməyəcəyəm” düşüncəsi ilə gedə bilər. Halbuki bir uğursuz nəticə gələcəkdə də eyni nəticənin olacağını göstərmir.
Burada pessimist düşüncə ilə realist düşüncəni ayırmaq vacibdir. Realist insan çətinlikləri görür, lakin eyni zamanda mümkün həll yollarını və müsbət ehtimalları da nəzərə alır. Pessimist düşüncədə isə diqqət əsasən mənfi nəticəyə yönəlir.
Pessimist düşüncə tərzini dəyişmək mümkündürmü?
Bəli, mümkündür. Pessimist düşüncə tərzi dəyişməz xarakter xüsusiyyəti deyil. İnsan öz avtomatik düşüncələrini fərq etməyi və onları daha balanslı şəkildə qiymətləndirməyi öyrənə bilər.
İlk addım özümüzə sual verməkdir:
“Mən bunu fakt kimi düşünürəm, yoxsa sadəcə ehtimal edirəm?”
“Mənim bəxtim gətirmir” düşüncəsini
“Hazırda işlər istədiyim kimi getmir, amma bu, həmişə belə olacaq demək deyil”
şəklində daha real düşüncə ilə əvəz etmək mümkündür.
“Mən bunu bacarmayacağam” əvəzinə isə:
“Çətin ola bilər, amma cəhd edə və öyrənə bilərəm” demək daha balanslı yanaşmadır.
Koqnitiv-davranışçı terapiyada insan mənfi avtomatik düşüncələri tanımağı, onları faktlarla yoxlamağı və daha real düşüncə formalaşdırmağı öyrənir.
Məqsəd hər zaman pozitiv düşünmək deyil. Məqsəd hadisələrə daha real, çevik və balanslı baxa bilməkdir.
Çünki sağlam düşüncə “hər şey yaxşı olacaq” demək deyil. Sağlam düşüncə “çətinlik ola bilər, amma mən bu vəziyyətlə necə davranacağımı və hansı addımı ata biləcəyimi düşünə bilərəm” deyə bilməkdir.
Bəzən insanın bəxtini deyil, hadisələrə baxış tərzini dəyişməsi həyatında böyük fərq yarada bilər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB