Kamran Bayramov: İnvestisiya Forumu xarici kapitalın marağını konkret müstəviyə yüksəldir
Son bir neçə gündə Azərbaycan növbəti dəfə regionun iqtisadi fəallıq mərkəzinə çevrilmişdir. Buna səbəb 25–26 sentyabr tarixlərində Bakıda "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal qarşılıqlı əlaqələrin və investisiya sabitliyinin dayağı kimi" şüarı altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu olmuşdur. Tədbir nəhəng investorların, beynəlxalq maliyyə təşkilatlarının və işgüzar dairələrin diqqətini cəlb edib ki, bu da təsadüfi deyil.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsindən və Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəliləməsindən sonra Cənubi Qafqaz üçün bir qədər əvvəl əlçatmaz görünən yeni imkanlar üfüqü açılır. Regionun şimalında və cənubunda baş verən hərbi münaqişələr və geosiyasi sarsıntılar fonunda Cənubi Qafqazın ticarət, daşımalar və yeni istehsalat sahələrinin qurulması üçün əlverişli məkan kimi əhəmiyyəti getdikcə artır. Lakin əlverişli coğrafi mövqe təkbaşına gəlir gətirmir; bunun üçün müasir yollar, sənaye müəssisələri, etibarlı tərəfdaşlar və sərmayələr üçün öncədən müəyyən edilə bilən, sabit şərait tələb olunur.
K.Bayramov qryd edib ki, Orta Dəhlizə artan maraq investisiyalar haqqında müzakirələrin nə üçün nəqliyyat sektoru ilə sıx bağlı olduğunu aydın göstərir. Statistik məlumatlara görə, 2024-cü ildə Qazaxıstan və Azərbaycanın dəniz limanları vasitəsilə yükdaşımaların həcmi 20 faiz artaraq 3,3 milyon tona çatıb, konteyner daşımalarında isə daha yüksək artım tempı qeydə alınıb. Məhz bu səbəbdən nəqliyyat əlaqələrinin genişləndirilməsi və yeni istehsalat zəncirlərinin yaradılması forumun mərkəzi mövzularından birinə çevrilib. Xüsusi panel müzakirəsində TRIPP imkanları ilə yanaşı, Orta Dəhliz üzrə daşımaların region ölkələrində ticarət və istehsalat sahələri ilə inteqrasiyası yolları nəzərdən keçirilib. Bu müzakirələr Azərbaycanın özü üçün xüsusilə həyati əhəmiyyət kəsb edir. Ölkə iqtisadiyyatı dərin struktur islahatları mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2025-ci ildə ümumi daxili məhsulda (ÜDM) qeyri-neft sektorunun payı 72 faizə çatıb. Bununla belə, qeyri-neft sektorunun iqtisadiyyatdakı payının artması hələ neft-qaz gəlirləri ilə müqayisə oluna biləcək ixrac daxilolmalarının formalaşması demək deyil. Bunun üçün rəqabətqabiliyyətli məhsullar istehsal edə bilən və xarici bazarlara çıxış tapan yeni müəssisələrin qurulması tələb olunur. Həmin sahələrin inkişafı isə həm yerli resursların, həm də xarici sərmayələrin cəlb edilməsini zəruri edir.
Deputat diqqətə çatdırıb ki, bir il əvvəl təşkil olunmuş Birinci İnvestisiya Forumu bu qəbil layihələrə böyük marağın olduğunu sübut etdi: həmin tədbirdə ümumi dəyəri 10 milyard dollardan çox olan sazişlər imzalanmışdı ki, bunun da 7 milyard dollardan çoxu qeyri-neft sektorunun payına düşürdü. İndi isə qarşıda daha mürəkkəb bir vəzifə durur - əldə olunmuş razılaşmaları real fəaliyyət göstərən istehsalat sahələrinə çevirmək. Forumun ilk günündə imzalanmış 11 sənəd Bakının hansı sahələrdə tərəfdaşlıqda maraqlı olduğunu aydın nümayiş etdirir. İmzalanan sənədlər sırasına həm konkret layihə sazişləri, həm də əməkdaşlıq haqqında memorandumlar daxildir. Bunların praktiki mahiyyəti ondan ibarətdir ki, sənədlərin bir qismi istehsalın təşkili üçün növbəti addımları müəyyənləşdirir, digərləri isə danışıqlar və imkanların qiymətləndirilməsi üçün zəmin yaradır.
K.Bayramov əlavə edib ki, bu layihələrin coğrafiyası da diqqətəlayiqdir, çünki imzalanmış sazişlərin böyük əksəriyyəti regionların iqtisadi potensialının gücləndirilməsinə yönəlmişdir ki, bu da paytaxtdan kənarda yeni iş yerlərinin açılmasına və yerli biznesə əlavə sifarişlərin qazandırılmasına təkan verəcəkdir. Forumun əsas konseptual ideyası da məhz bundan ibarətdir. Azərbaycan investorlara müasir istehsalat meydançaları, qonşu regionların bazarlarına rahat çıxış və Asiya ilə Avropa arasında sürətlə inkişaf edən nəqliyyat marşrutunda fəal iştirak imkanı təklif edir. İmzalanmış sazişlər göstərir ki, İnvestisiya Forumu xarici kapitalın marağını konkret müstəviyə yüksəldir. İndi ən başlıca vəzifə isə bu sənədlərin ardınca yeni müəssisələrin tikilməsini, regionlarda məşğulluğun təmin edilməsini və qeyri-neft ixracının dayanıqlı artımını gerçəkləşdirməkdir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB