Estetik müdaxilələr müğənnilərin fərdiliyinə necə təsir edir: görünüş, yoxsa səs və peşəkarlıq? - SOSİOLOQ DANIŞDI
"Dəyərlər zaman keçdikcə, bəzən də çox sürətlə dəyişir. Cəmiyyət və insanlar isə hər zaman bu dəyişiklikləri qəbul etməyə hazır olmurlar. Bəzən insanlar düşüncədə mühafizəkar mövqe nümayiş etdirsələr də, özləri də fərqinə varmadan dəyişən dəyərləri gündəlik həyatlarında qəbul edir və tətbiq edirlər".
Bunu SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
_(1).jpg)
Onun sözlərinə görə, bu proses estetik sahələrə, xüsusilə də incəsənətin müxtəlif istiqamətlərinə də aiddir. Kreativ və sürətlə inkişaf edən sənət növlərində estetik yanaşmalar daim yenilənir. Bu baxımdan müğənnilərin və digər sənətçilərin xarici görünüşlərində dəyişikliklər etməsi, estetik müdaxilələrə müraciət etməsi və zamanın tələblərinə uyğun yeni vizual obraz yaratmağa çalışması müəyyən mənada təbii prosesdir:
"Dünyanın bəzi ölkələrində estetik görünüş məsələsi artıq cəmiyyətin qəbul etdiyi mühüm dəyərlərdən birinə çevrilib. Hətta adi insanların belə bədən formalaşdırmasına və xarici görünüşünə xüsusi diqqət yetirməsinə böyük əhəmiyyət verilir. Azərbaycanda isə sənətçilərin vizual görünüşlərində və estetik yanaşmalarında dəyişiklik etdikləri zaman cəmiyyətin müəyyən hissəsinin buna daha sərt reaksiya göstərdiyini müşahidə edirik.
Məsələn, yaxın zamanda Alim Qasımovun rep janrında çıxış etməsi və Üzeyir Mehdizadə ilə birgə layihədə görünməsi ətrafında müxtəlif reaksiyalar oldu. Cəmiyyətin müəyyən hissəsi bu yeniliyə aqressiv yanaşdı. Halbuki Alim Qasımov əvvəllər də müxtəlif musiqi janrlarını bir araya gətirən layihələrdə iştirak edib. Bu baxımdan sənətçinin fərqli janrlara müraciət etməsini də yaradıcılıq axtarışlarının bir hissəsi kimi qəbul etmək mümkündür.
Estetik görünüş və bədən dəyişikliklərinə gəldikdə isə bunu səhnə estetikasının tələbləri çərçivəsində də qiymətləndirmək olar. Səhnə müəyyən qədər gözəllik və vizuallıq tələb edir. İnsanlar sənətçilərin konsertlərinə yalnız onların ifalarını dinləmək üçün deyil, eyni zamanda səhnə davranışından, görünüşündən, rəqsindən və ümumi təqdimatından zövq almaq üçün gedirlər.
Müasir dövrdə isə sənət anlayışı da əvvəlki dövrlərdən fərqli şəkildə formalaşır. Süni intellekt, səs dəyişdirmə və digər rəqəmsal texnologiyalar insanların yaradıcılıq imkanlarını genişləndirir. Virtual sənətçilərin və virtual müğənnilərin meydana çıxması da bu dəyişimin göstəricilərindəndir. İstəsək də, istəməsək də, bu, müasir dövrün reallıqlarından biridir və sənət sahəsi bu dəyişikliklərdən kənarda qala bilməz.
Tarixən də sənətdə müəyyən dəyişikliklərə cəmiyyətin ilkin mərhələdə fərqli münasibət göstərdiyini görürük. Vaxtilə qadın və kişi rəqqasların bir yerdə rəqs etməsi geniş yayılmış ənənə deyildi. Yallılarda da qadın və kişi rəqsləri ayrı təqdim olunurdu. Zaman keçdikcə bu yanaşmalar dəyişdi. Eyni şəkildə qadınların meyxana, xalq mahnıları və digər sənət sahələrində daha fəal iştirakı da əvvəlki dövrlərlə müqayisədə ciddi dəyişiklikdir.
Bu gün qadın və kişi sənətçilərin səhnədə daha fərqli görünmək üçün bədən formalaşdırılması, estetik müdaxilələr və digər vizual dəyişikliklərə müraciət etməsi də müasir sənət mühitinin bir hissəsi kimi nəzərdən keçirilə bilər. Bununla yanaşı, sənətçinin əsas dəyərinin yalnız xarici görünüşlə deyil, istedadı, peşəkarlığı və yaradıcılığı ilə müəyyənləşdiyini də nəzərə almaq lazımdır.
Müasir dövrdə sənətçinin təqdimatı da xüsusi əhəmiyyət daşıyır. Müğənni gündəlik həyatda gördüyümüz insanlardan müəyyən mənada fərqlənən obraz yaratmağa çalışır. Onun geyiminə, xarici görünüşünə, səhnə davranışına və ümumi təqdimatına diqqət yetirməsi sənət fəaliyyətinin bir hissəsidir.
Sənətçinin ictimaiyyət qarşısında görünməsi və özünü necə təqdim etməsi də onun imicinə təsir göstərir. Məsələn, Zeynəb Xanlarova və Aygün Kazımova kimi tanınmış sənətçilərin səhnə obrazları onların ictimai qəbulunda mühüm rol oynayıb. Sənətçi həm əlçatan, həm də müəyyən mənada özünəməxsus və fərqli obrazını qoruyub saxlamalıdır.
Xüsusilə sənətə yeni gələn gənclər həm vizual görünüşlərinə, həm yaradıcılıqlarına, həm də müraciət etdikləri mahnı və digər sənət nümunələrinə xüsusi diqqət yetirməlidirlər. Çünki müasir sənət mühitində istedadla yanaşı, düzgün təqdimat, yeniliklərə açıq olmaq və zamanın estetik tələblərini nəzərə almaq da geniş auditoriyaya çatmaq baxımından mühüm amillərdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB